Keçid linkləri

2025, 09 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:56

Ermənistanlı yük maşını sürücüləri Rusiyadan deportasiya riski ilə üzləşib


Gürcüstan ilə Rusiya arasında "Yuxarı Lars" sərhəd-keçid məntəqəsi
Gürcüstan ilə Rusiya arasında "Yuxarı Lars" sərhəd-keçid məntəqəsi

Ermənistandan onlarla yük maşını sürücüsü Rusiyadan deportasiya oluna, yaxud onlara səyahət qadağası qoyula bilər. Bu, Moskvanın immiqrasiya qanunlarını sərtləşdirməsi ilə bağlıdır.

Rusiyaya viza tələbi olmayan ölkələrin vətəndaşları bu yaxınlaradək Rusiyada ildə 180 günə qədər qala bilirdilər. Ötən il Rusiya hökuməti bu müddəti 90 günə endirib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu dəyişiklik Rusiyaya kənd təsərrüfatı məhsulları və digər mallar daşıyan yük maşını sürücülərinə təsir edib. Axı Rusiya Ermənistan üçün əsas ixrac bazarıdır. Xeyli sayda sürücü hər ay bu böyük ölkəyə səfər edir, hər səfərdə də bir neçə gününü orada keçirir.

Bəzi sürücülər oktyabrın 6-da “Azatutyun”a deyiblər ki, artıq 90 günlük müddət bitdiyindən Rusiyada "qara siyahı"ya salınıblar. Rusiya polisi məhkəmə icazəsi olmadan onları deportasiya edə, üç il müddətinə ölkəyə giriş qadağasını qoya bilər.

"Hökumətimiz bizə (bu dəyişiklik barədə) xəbərdarlıq etməyib. Rusiyaya gedəndə bunu bilmirdik. Buna görə də indi işimizi itiririk", - bir sürücü deyib.

O, Rusiyanın cənubundakı Vladiqafqaz şəhərindən telefonla danışıb, deyib ki, yerli immiqrasiya mərkəzində 20-30 erməni sürücüsü görüb.

"Yük maşını sürücülərinin 90 faizi, ehtimal ki, bu limiti bitirib və qara siyahıya salınıblar", - bunu başqa bir sürücü bildirib.

"Rusiyaya qayıda biləcəyimizi bilmirik. Buraya miqrant kimi işləməyə gəlmirik. Sadəcə, girib çıxırıq. Bizim kimiləri üçün nəsə yaxşı bir şey etməlidirlər", – onun həmkarı gileylənib.

Ermənistan hökuməti məsələyə dərhal şərh verməyib. Bu məsələnin Moskva qarşısında qaldırılıb-qaldırılmadığı bəlli deyil. Hökumətin Miqrasiya Xidmətinə görə, keçən il Rusiya 1 min 100 ermənini deportasiya edib.

2025-ci ilin yanvar-avqust aylarında Ermənistanın 5 milyard dollarlıq ixracatının 37 faizini Rusiya təşkil edib. Kənd təsərrüfatı məhsulları, hazır yeməklər və spirtli içkilərin Ermənistandan ixracından ötrü Rusiya bazarı çox vacib sayılır.

Avqustun sonu və sentyabrın əvvəlində Rusiya hüquq-mühafizə orqanları Ermənistanın "Spayka" aparıcı qida şirkətinə məxsus 100-dən çox ağır yük maşınını saxlayıb. "Azatutyun" bunun səbəbinin hələ də qeyri-müəyyən qaldığını yazır. Nəticədə minlərlə erməni fermeri üçün həyati vacib şirkətin fəaliyyəti pozulub.

Belə bir dönəmdə Moskva Ermənistan hökumətinə xəbərdarlıq edib ki, Avropa İttifaqına (Aİ) qoşulmaq istəyi ciddi iqtisadi nəticələrə yol açacaq. Aİ 2025-ci ilin yanvar-avqustunda Ermənistanın ixracatının yalnız 1 faizini təşkil edib.

XS
SM
MD
LG