Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 16:13

Çin Tayvanı tutarsa... 'Rusiya Krımsayağı ssenaridə maraqlı deyil'


Pekində İkinci Dünya müharibəsinin bitməsinin 80 illiyi münasibətilə hərbi parad.
Pekində İkinci Dünya müharibəsinin bitməsinin 80 illiyi münasibətilə hərbi parad.

Xülasə

  • Yaxınlarda sızdırılmış 800-səhifəlik müqavilələr və yazışmalar toplusu Rusiyanın Çinə Tayvana mümkün müdaxiləyə hazırlaşmaqda kömək etdiyini üzə çıxarıb.
  • Sənədlərə görə, Moskva Çinə hərbi texnika satmağa razılaşıb, Çin desantçılarından ibarət batalyona təlim də keçəcək.
  • "Ruslar Çini Tayvana hücuma təhrik etməkdən ötrü hər şeyə hazırdırlar, xüsusilə də bu, ABŞ ilə Çin arasında faktiki toqquşmaya səbəb olarsa", – tədqiqatçı Oleksandr Danilyuk deyir.

Rusiya Çinə Tayvana mümkün müdaxiləyə hazırlaşmaqda yardım göstərir. Bunu bu yaxınlarda sızdırılmış 800 səhifəlik müqavilələr və yazışmalar toplusu üzə çıxarıb. Sənədi Böyük Britaniyada yerləşən təhlil mərkəzi əldə edib və müstəqil təsdiqlədib.

Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) tədqiqatçısı Oleksandr Danilyuk sənədləri Cek Uotlinqlə birlikdə əldə edib. O, AzadlıqRadiosuna bu sənədlərin Çin-Rusiya hərbi əməkdaşlığı üçün nə demək olduğunu, Rusiyanın Çinin Tayvanı tutmasını niyə dəstəkləyə biləcəyini izah edib.

23 milyon əhalisi olan Tayvan öz idarəçiliyi olan adadır. Pekin isə onu öz ərazisi hesab edir.

Texnologiya, təlim...

Sızdırılmış sənədlər 2023-cü ildə Moskvanın Çin Xalq Azadlıq Ordusuna hücum maşınları, tank əleyhinə silahlar, digər hərbi texnika satmağa razılaşdığını göstərir. Bu zirehli texnika Çinin tələblərinə uyğunlaşdırılacaq. Rusiya isə xüsusi təyinatlı Çin desantçılarından ibarət batalyona təlim keçəcək.

Müqavilələrdə Rusiyanın Çinə oxşar silahların istehsalına imkan verəcək texnologiyaları ötürəcəyi də qeyd olunur.

Bütün bunlar Çinin hava-desant manevr qabiliyyətini gücləndirə bilər. Rusiya ordusu bu sahədə Çin Xalq Azadlıq Ordusundan üstündür. Pekinin bu niyyəti potensial hücum zamanı sahilboyu liman və çimərliklərə hücumla yanaşı, ölkə daxilindəki infrastruktur obyektlərini də ələ keçirə biləcəyi sarıdan narahatlığı artırıb.

RUSI 800-səhifəlik müqavilə və əlavə materialların orijinal təsiri bağışladığını bildirir. Üstəlik, sənədlərdəki bir çox detallı məlumatlar müstəqil təsdiqlənib. Amma qurum sənədlərin bəzi hissələrinin dəyişdirildiyini, yaxud çıxarıldığını da istisna etmir.

Moskva sızdırılmış sənədlərlə bağlı açıqlama verməyib.

Hava-desant əməliyyatına hazırlıq

O.Danilyuk deyir ki, Moskva ilə Pekin arasında razılaşmanın məğzi hava-desant əməliyyatları üçün gərəkən xüsusi avadanlığı əldə etməkdən ibarətdir: "İdeya belədir ki, quruda xüsusi təyinatlı qrupları olsun, Rusiya avadanlığından istifadə etməklə mülki yük təyyarələrindən çox yüksəkdən tullanıb Tayvan ərazisinə girə bilsinlər. Bu avtomatik sistemlərlə Rusiya desant tankları və zirehli döyüş maşınları kimi avadanlığı çatdıracaqlar. Beləliklə, xüsusi təyinatlı əsgərlərin Tayvana bir-bir paraşütlə tullanması lazım gəlməz; çoxu öncədən turist kimi Tayvana qanuni daxil ola bilər".

Tədqiqatçı əlavə edir ki, daha çox batalyon işə salına bilər – Rusiya avadanlığından istifadə edən bir batalyon, Çin avadanlığından yararlanan iki, ya üç batalyon. Bu isə azından Taybey limanını nəzarətə almağa yetər: "Fikrimizcə, bu, əməliyyatın əsas hədəfidir. Bu, Çin Xalq Azadlıq Ordusuna dənizdən müdaxilə üçün həyati əhəmiyyətli liman üzərində nəzarəti verəcək".

Rusiya daha texnikasını verməkdən qorxmur

İndiyədək belə bir fikir yayğın olub ki, Rusiya Çinə daha qabaqcıl hərbi texnika ixracında maraqlı deyil, oğurlana, dəyişdirilə biləcəyindən qorxur. İndi durum dəyişibmi? AzadlıqRadiosunun jurnalisti Reyd Stendişin bununla bağlı sualına cavabında Danilyuk deyib ki, bu cür hərbi əməkdaşlıq rusiyalılar üçün həddən artıq vacibdir, çünki tamamilə təcrid olunmuş ölkələr klubunda qalmaq istəmirlər.

"Rusiya müharibə vasitələrinə çoxlu resurs yatırıb. Bu vasitələri düzgün geopolitik gücə çevirməyin yeganə yolu isə daha geniş, qlobal müharibədir. Və bu müharibə üçün ən arzuolunan səhnə Hind-Sakit okeanı regionudur. Görünür, ruslar Çini Tayvana hücuma təhrik etməkdən ötrü hər şeyə hazırdırlar, xüsusilə də bu, ABŞ ilə Çin arasında faktiki toqquşmaya səbəb olarsa", – O.Danilyuk əlavə edir.

Onun sözlərinə görə, Rusiya Tayvanın Krımsayağı zəbtində maraqlı deyil. O zaman tam müqavimət göstərilməmişdi, beynəlxalq reaksiya da bir elə də mənfi olmamışdı. Rusiyalılar istəyirlər ki, Çinin hücumunun qarşısı kəsilsin, o qədər uzansın ki, eskalasiya imkanı yaransın.

"Bu halda amerikalılar, Yaponiya kimi ölkələr də müharibəyə cəlb olunar. Məncə, onların istədiyi də elə budur", – tədqiqatçı vurğulayır.

Çin hərbi helikopterləri Çinin materik hissəsində Tayvana ən yaxın nöqtələrdən biri olan Pintan adasının yanından uçur.
Çin hərbi helikopterləri Çinin materik hissəsində Tayvana ən yaxın nöqtələrdən biri olan Pintan adasının yanından uçur.

Tayvanın işğalına şərait yaratmaq

Moskva müharibə üçün ilkin şərt yaratmaq, Tayvanın işğalının qaçılmaz görünməsi üçün Çin cəmiyyətinə təsir göstərə bilmir, çünki demokratik deyil. Amma Tayvan cəmiyyətinə, hətta Amerika cəmiyyəti və siyasətinə təsir göstərə bilər, - təhlilçi belə düşünür. O, hazırda Tayvanda siyasi ab-havanın qarışıq, parçalanmış olmasına diqqət çəkir, parlamentdə əlbəyaxa davalar, küçə etirazları baş verib. Bu isə siyasi böhranı qızışdırmaq, sabitliyi pozmaq üçün ideal şərtdir.

O.Danilyuk Çin ordusunun Rusiyadan raket və dron hücumları ilə bağlı da öyrənəcəkləri olduğunu deyir. Məsələn, havadan müdafiə sistemlərini necə sıradan çıxarmaq, onların sursatını necə tükəndirmək kimi.

Tədqiqatçının fikrincə, əsas məsələ Tayvan cəmiyyətinin konfrontasiya və polyarizasiyadan nə dərəcədən yayına, adanı qorumaq üçün birləşə bilib-bilməyəcəyidir. Bu, çətin məsələdir.

Vaşinqton Tayvana daha çox hərbi dəstək göstərə bilər, amma onun yetərincə gücü var, əsas məsələ birləşmək və işğala müqavimətdir. Tayvanın işğalı isə Çinə çox baha başa gələ bilər: "Reallıq çox sadədir: Çin getdikcə güclənir, Avropada isə böhran davam edir. Yaşayarıq, görərik".

XS
SM
MD
LG