Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 17:55

Putinin köməyi ilə Si İkinci Dünya müharibəsinin tarixini yenidən yazmaq istəyir


Si Cinpin və Vladimir Putin Pekində fəxri qarovulun önündən keçirlər.
Si Cinpin və Vladimir Putin Pekində fəxri qarovulun önündən keçirlər.

Çin lideri Si Cinpin İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə böyük hərbi parad təşkil edəcək. Amma bu tədbir yalnız keçmişi yad etməklə bağlı deyil, həm də Çinin qlobal siyasi arenada gələcək rolunu yenidən formalaşdırmaq məqsədi daşıyan daha geniş təşəbbüsün bir hissəsidir. Bunu AzadlıqRadiosunun müxbiri Reyd Stendiş yazır.

Sentyabrın 3-də paradda Si Cinpinin yanında Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, Belarusdan İranadək 24-dən çox dövlət və hökumət başçısı yer alacaq.

Parad Pekinin hərbi və diplomatik gücünü, ən son hərbi texnikasını nümayiş etdirmək niyyəti güdür, həmçinin ABŞ ilə rəqabət aparmağa qadir qlobal lider kimi statusunu vurğulayır.

Təhlilçilərin fikrincə, Çin bu Qələbə günü paradında həm də uzunmüddətli məqsədi var – İkinci Dünya müharibəsindəki rolunu daha da gücləndirmək, özünü müharibədən sonrakı beynəlxalq nizamın qoruyucusu kimi təqdim etmək istəyir.

"Çin paradın hesabına öz tarix versiyasını, onun bu gün yaratmaq istədiyi, özünün aparıcı güc olduğu dünya ilə necə uyğunlaşdığını təbliğ etməyə çalışır", – Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş məsləhətçisi, Çin üzrə veteran ekspert Skott Kennedi AzadlıqRadiosuna deyib.

Çin paradı 1945-ci ildə Yaponiya imperiyasının təslim olması münasibətilə təşkil edir. Pekinin müharibə narrativi onun muxtar Tayvan adası üzərində suverenlik iddialarını da gücləndirir. Pekin adanı özünə birləşdirmək üçün gücdən istifadəni də istisna etmir.

Kennedi deyir ki, Çinə paradda xarici siyasət hədəflərini təsdiqlətməyə dünya liderləri auditoriyası lazımdır.

Putin Çindədir, Aİ boykot edir

Bu yolda əsas tərəfdaş isə Putindir. O Putin ki 2008-ci ildə Gürcüstanı işğal, 2014-cü ildə Krımı ilhaq, 2022-ci ildə Ukraynanı tammiqyaslı işğal etməklə dünya düzəninə meydan oxuyub.

Si Çinin şimalında Şanxay Əməkdaşlıq Sammitində ölkələri İkinci Dünya müharibəsini "doğru" perspektivdən təqdim etməyə, çoxtərəfliliyi dəstəkləməyə çağırıb. O, mayda Rusiyada Qələbə paradından öncə yazırdı ki, Çin və Sovet İttifaqı Asiya və Avropada müharibənin əsas teatrları olub.

Çin indi Rusiya ilə birlikdə ABŞ-nin müharibənin bitməsinə töhfəsini kiçiltməyə çalışır, - müəllif yazır.

"Bu, dünya tarixinin əsaslı şəkildə yenidən təqdim edilməsidir – Rusiya və Çin faşizmə qarşı iki güc kimi təqdim olunur. Gələcəyə sahib olmaq üçün Rusiya və Çin keçmişə malik olmalıdır", – bunu Berlində yerləşən MERICS təhlil mərkəzinin analitiki Klaus Sun AzadlıqRadiosuna bildirib.

Avropa İttifaqı diplomatları AzadlıqRadiosuna deyiblər ki, parada təmsilçi göndərməyəcəklər.

"Paradı boykot edirik, çünki orada Rusiya iştirak edir, amma onunla bağlı tədbirləri yox", – anonimlik şərti ilə danışan Aİ diplomatı deyib.

Aİ rəsmiləri indiyədək Pekinin Rusiyanı Ukraynadakı müharibədə dəstəyini də tənqid ediblər.

Pekinə Aİ üzvü Slovakiyanın baş naziri Robert Fitso və Aİ üzvlüyünə müraciət etmiş Serbiyanın prezidenti Aleksandar Vuçiç qatılacaq.

Tayvan Sahil Mühafizəsinin gəmisi Tayvanın şərqindəki sularda Çin gəmisini izləyir.
Tayvan Sahil Mühafizəsinin gəmisi Tayvanın şərqindəki sularda Çin gəmisini izləyir.

Çin Tayvan və İkinci Dünya müharibəsi haqda nə deyir...

Si Cinpin 2015-ci ildə İkinci Dünya müharibəsinin ildönümünə həsr olunmuş çıxışında Tayvanın adını çəkməmişdi. Onda ikitərəfli münasibətlər yaxşı idi. Amma bu il Tayvanın Cinpinin çıxışında əsas mövzulardan biri olacağı gözlənilir. 2015-ci ildən bəri Pekin Tayvana qarşı daha aqressiv mövqe tutmağa başlayıb, rəsmi təbliğat Tayvan prezidenti Lay Çin-teni daim təhlükəli separatçı kimi təqdim edir.

Digər tərəfdən, Tayvanın statusu Cinpinin İkinci Dünya müharibəsi ilə bağlı yenidən qurmaq istədiyi narrativi mürəkkəbləşdirir. Çin kommunist qüvvələri Yaponiyanın Çinə qarşı genişmiqyaslı işğalına qarşı vuruşublar. Amma müharibənin böyük hissəsini ovaxtkı millətçi hökumət – Çin Respublikasının ordusu aparırdı. Daha sonra bu hökumət və ordusu vətəndaş müharibəsində məğlub olaraq Tayvana çəkildi.

Çin Respublikasının (Tayvan indi də rəsmi olaraq bu adı işlədir) hökuməti müharibədən sonrakı danışıqlara rəhbərlik edib. Sülh sazişini müttəfiq dövlətlərdən biri kimi imzalayan da Çin Respublikası olub. 1945-ci ildə Tayvan onilliklər davam edən Yapon işğalından sonra Çinə qaytarılarkən hakimiyyətdə məhz bu hökumət olub.

Hazırda Çin Kommunist Partiyasının idarə etdiyi Çin Xalq Respublikası 1949-cu ildə yaradılıb və heç vaxt Tayvan adasına nəzarət etməyib.

Amma Pekin İkinci Dünya müharibəsindəki qələbənin bütün çinlilərə, o cümlədən Tayvanda yaşayanlara aid olduğunu bildirir, sülh sazişlərini "Tayvanın Çin hakimiyyətinə qaytarılması" kimi şərh edir.

K.Sun isə deyir ki, parad və S.Cinpinin müharibə ilə bağlı narrativi dəyişdirməyə yönəlmiş səyləri daxili auditoriyaya, Qlobal Cənub ölkələrinə ünvanlanıb.

"Çin Kommunist Partiyası ümumi bir bağlılıq yaratmağa çalışır. Si Cinpinin çıxışı zamanı görəcəyik ki, Çin tarixi necə formalaşdırmağa çalışır", – o deyir.

XS
SM
MD
LG