Keçid linkləri

2025, 27 Sentyabr, şənbə, Bakı vaxtı 08:38

'Topaz' ləqəbli rusiyalı neonasist – QRU-nun diversant cəlbetmə kampaniyasının arxasında duran şəxs


'Topaz' ləqəbli Yevgeni Rasskazov
'Topaz' ləqəbli Yevgeni Rasskazov

Xülasə

  • Qərbin kəşfiyyat və hüquq-mühafizə orqanları aylardır bir tendensiya haqda xəbərdarlıq edirlər: Telegram vasitəsilə müxtəlif gizli tapşırıqların icrası üçün təsadüfi şəxslər cəlb edilir.
  • Belə agent cəlbetmə əməliyyatlarının arxasında birbaşa və ya dolayısı ilə Rusiyaya bağlı qurumların durduğu deyilir – Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsi (QRU) kimi.

Avqustun əvvəlində, əsasən, millətçi və müharibəpərəst kimi tanınan Rusiya Telegram kanallarında bir video yayıldı. Kadrlarda 1990-cı illərin iqtisadi xaosunu əks etdirən görüntülər imperiya və kilsə simvollarına, Qırmızı Meydandakı Müqəddəs Vasili kilsəsinin təsvirinə çevrilirdi. Arxa fonda isə bir qadın səsi əks-səda verirdi.

"Əziz həmvətənlər, sizə müraciət edirik. Qəhrəman olmaq və tarixə düşmək vaxtıdır! Bizə yazın. Sizə həyat, azadlıq və gələcək uğrunda mübarizədə kömək edəcəyik. Sizə Vətəni müdafiə etməkdə yardımçı olacağıq!", – qadın deyirdi.

Video "Hörmətlə, Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatı" sözləri ilə bitirdi.

Elə Qərb kəşfiyyat və hüquq-mühafizə orqanları da aylardır bir tendensiya haqda xəbərdarlıq səsləndirirlər: çox vaxt Telegram vasitəsilə müxtəlif gizli və bəzən dağıdıcı tapşırıqların icrası üçün təsadüfi şəxslər cəlb edilir.

Vəzifəlilər belə "tovlama" əməliyyatlarının arxasında birbaşa və ya dolayısı ilə Rusiyaya bağlı qurumların durduğunu deyirlər – "Rusiyanın Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsi", yəni QRU kimi.

"Müharibəyə getmək... qadını istəmək qədər ehtiraslı bir hissdir" deyən Rasskazov

"Xarici kəşfiyyat orqanlarının cəlb etdiyi araçıların sayının artdığını müşahidə edirik", – Britaniya Paytaxt Polis Xidmətinin komandiri Dominik Mörfi sentyabrın 18-də deyib. O, Ukraynaya bağlı anbarı yandırmaq üçün cəlb edilmiş iki nəfərin həbsi ilə bağlı bəyanat verib.

Polis həmin şəxsləri "Vaqner" qruplaşmasının "verbovka" etdiyini bildirib. Bu özəl hərbi şirkətin fəaliyyəti son illər xeyli azalıb, hazırda onu, əsasən, Rusiya Müdafiə Nazirliyi idarə edir.

"Vətəni müdafiə et" adlı video və əlaqəli botların arxasında isə QRU-ya bağlı "Melodiya" adlı kəşfiyyat mərkəzi dayanır.

AzadlıqRadiosunun Rusiya üzrə araşdırma qrupu "Sistema"nın əldə etdiyi yeni bilgilər isə bu videoları və botların birbaşa QRU ilə əlaqəsini ilk dəfə üzə çıxarıb.

"Vətəni müdafiə et" videosunun və işəgötürmə botlarının arxasında duran şəxs "Melodiya"nın sədr müavinidir. O, tanınmış rusiyalı neonasist bloqer və muzdlu döyüşçüdür. Ukraynada döyüşüb, Adolf Hitlerin ad gününü qeyd edib, ukraynalıların xədim edilməsinə çağırıb, müharibəni "seksual təcrübə" adlandırıb.

Yevgeni Rasskazov 2021-ci ildə bir müsahibəsində deyirdi ki, "Bir kişi müharibəyə gedirsə, bu, seksual istəkdir". Təxminən altı ay sonra Rusiyanın Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

"Bu, qadını istəmək qədər ehtiraslı bir hissdir. Düşməni öldürəndə onun arvadının dul qalmasına, ailəsinin ağlamasına, onun tabutda evə qayıtmasından zövq alırsan. Və ereksiya olursan!", – Rasskazovun sözləridir.

"Melodiya" əməkdaşları "Lancet" dronunu nümayiş etdirirlər.
"Melodiya" əməkdaşları "Lancet" dronunu nümayiş etdirirlər.

"Vaqner"in külləri üzərində

2023-cü ilin oktyabrında QRU-nun ikinci adamı, general-leytenant Vladimir Alekseyev Ukraynanın Baxmut şəhərinin ələ keçirilməsi uğrunda döyüşən şəxslərə medallar təqdim edib. Bundan beş ay öncə şəhərin alınmasında muzdlu döyüşçülərin və həbsxanadan azad edilərək döyüşə göndərilən şəxslərin rolu böyük idi. Onlar, əsasən, "Vaqner"in döyüşçüləri idi.

Mixail Turkanov da medal alanlar sırasında idi. O, qarışıq döyüş növləri üzrə idmançı və Sankt-Peterburqun "Zenit" futbol klubunun fanatı olub. Turkanov QRU-ya bağlı, 2022-ci ildə yaradılmış "Espanyola" adlı sağçı təşkilatın üzvüdür. Bu təşkilat ekstremist futbol fan klubları – "ultraslar" əsasında formalaşıb.

Çoxu keçmiş "ultraslar" olan "Espanyola" üzvləri nasist simvollarını açıq qəbul edirlər: briqadanın nömrəsi 88-dir və nasist salamını əks etdirir; yəni əlifbanın səkkizinci hərfi olan "H" iki dəfə HH - "Heil Hitler" mənasına gəlir. Turkanov 2019-cu ildə ictimaiyyət arasında svastika döymələri və "14/88" nasist şüarı göstərdiyinə görə cərimələnib.

Rusiyada nasist simvollarının nümayişi qanunla qadağandır.

"Espanyola" üzvlərindən bəziləri Ukrayna müharibəsində həlak olublar.

"Espanyola" əslində "Könüllülər korpusu" adlı şəbəkənin bir hissəsidir və bu qurumların QRU ilə də əlaqələri mövcuddur.

Bu birləşmələrin bəziləri "Vaqner"in qalıqları üzərində qurulub. Yevgeni Priqojin 2023-cü ilin avqustunda həlak olandan sonra qruplaşma dağılıb, bir hissəsi Müdafiə Nazirliyinə və ya digər qurumlara birləşdirilib.

2024-cü ilin əvvəllərində "Espanyola"nın nümayəndələri "Melodiya" adlı yarıgizli qrup yaradaraq ona rabitə mütəxəssisləri, kiberkəşfiyyatçıları cəlb ediblər. Y.Rasskazov qrupun sədr müavini olub, ləqəbi də "Topaz".

"Espanyol"un ilk heyəti
"Espanyol"un ilk heyəti

"Birdəfəlik" agentlər

Qərb və Ukrayna kəşfiyyatı Telegram mesajlaşma tətbiqindəki "verbovka" kampaniyasından narahat olub. Axı, bu cür kampaniyaların izlənməsi, aşkarlanması da çox çətindir, elə qarşısının alınması da.

"Birdəfəlik agentə çevrilmə", – Almaniya polisi bu ayın əvvəlində qeyri-adi bəyanatında bildirib.

QRU-ya bağlı "Melodiya" kimi qurumların kampaniyalarını onlarla qismən oxşar düşüncəli fərdlər və influenserlər də yayır. Məsələn, 110 mindən çox abunəçisi olan Telegram bloqeri Aleksey Jivov "Espanyola" ilə bağlıdır. O, ingiliscə agent cəlb etmə mesajı paylaşaraq insanları "Espanyola"ya qoşulmağa çağırıb.

Yaxud 33 min abunəçisi olan ispandilli "Los Sombreros Blancos" kanalı ispan dilində antiqlobalist və rusiyayönlü mesajlar paylaşır.

"Vətəni müdafiə et" videosunu ilk paylaşan Telegram hesablarından biri isə amerikalı Rassel Bentliyə məxsus idi. O, Ukraynanın Donbas bölgəsində 2014-cü ildən rusiyapərəst silahlı dəstələrlə döyüşüb, ləqəbi "Donbas kovboyu" dur. YouTube və digər platformalarda böyük izləyici auditoriyası yığan Bentli 2024-cü ilin aprelində Ukraynada həlak olub. Həmin video onun hesabında ölümündən sonra da paylaşılıb, amma bunu kimin etdiyi bəlli deyil.

Rusiya və nasistləri

Ukraynanın Donetsk bölgəsində doğulan Rasskazov 2014-cü ildə radikallaşıb. O zaman Rusiyanın Donetsk və Luqansk vilayətlərindən ibarət Donbasda hökumət qüvvələrinə qarşı müharibəni tətikləyirdi.

Aleksey Milçakovun "Rusiç" adlı sərt sağçı yarımhərbi birliyinə qoşulub. Milçakov nasistlərə rəğbəti və irqçi ideologiyaları ilə açıq öyünən rusiyalıdır. "Rusiç" və Milçakovun Ukraynada və Suriyada törədilən vəhşiliklərlə bağlılığına dair mötəbər sübutlar var. 2022-ci ildə ABŞ onları "qlobal terror təşkilatı" kimi tanıyıb.

Rasskazov 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan dərhal sonra yenidən döyüşlərə qatılıb. "Hazırda burdayam ki, ukraynalıları öldürüm. Əsas məqsəd budur", – o, bir müsahibəsində deyirdi.

Son illər Rasskazovun ictimai çıxışlarında daha yumşaq ton sərgiləyib. "Novaya Gazeta" yazır ki, o, Rusiya parlamentində ailənin qorunması məsələləri üzrə iclaslara qatılıb. Axı, prezident Vladimir Putin Rusiyanı "ənənəvi dəyərlərin müdafiəçisi" kimi təqdim edir.

Bu ilin fevralında Rasskazov və "Espanyola" üzvlərindən bir neçəsi Moskvada bir məktəbdə şagirdlərlə görüşüblər. Bu məktəbin nömrəsi 88 idi – nasist salamını ifadə edən rəqəmsal kod.

"QRU" adlı botda söhbət
"QRU" adlı botda söhbət

QRU ilə söhbət

"Vətəni müdafiə et" adlı Telegram paylaşımındakı linkə klikləyəndə "QRU" adlı bir bot açılır. İstifadəçiyə rus və ya ingilis dillərindən birini seçmək təklif olunur, sonra isə qısa anketi doldurmaq tələb edilir – ad, ünvan, məşğuliyyət və qoşulmaq istəyi haqda yazmalısan.

AzadlıqRadiosunun müxbiri özünü Riqada yaşayan biri kimi təqdim edərək anketi doldurub. Bot cavabında yazıb: "Mesajınız QRU-ya göndərildi". Təxminən üç dəqiqə sonra isə real şəxsə bənzəyən birindən cavab gəlib: "Axşamınız xeyir. Hələ də rus vətənpərvərlərinin olması bizi sevindirir. Bizə necə kömək edə bilərsiniz?".

Müxbir soruşub ki, ona maraqlı olan nəsə varmı. Cavab belə olub: "Ukrayna yanacaq maşınları. Onların harada olduğunu bilirsiniz?".

"Riqadakı limanda. Onlar mülki obyektlərdir. Harada olduqlarını bilməliyik və şəkillərini çəkməlisiniz", – daha sonra əlavə edib.

AzadlıqRadiosunun müxbiri ödəniş haqda soruşanda həmin şəxs əsəbləşərək kobud cavab verib: "Rədd ol! Pul lazım deyil. Vətənə sevgi səni həm isitməli, həm də doyurmalıdır. Şəkil üçün, doğrudan, pul istəyirsən? Təkcə Riqada sənin kimi onlarla adam var. Şəkil üçün pul istəmək heç birinin ağlına gəlmədi. Sağ ol!".

Bununla da söhbət bitib.

Araşdırmanı “Sistema”nın müxbiri Daniil Belovodyev aparıb.

XS
SM
MD
LG