Keçid linkləri

2025, 27 Sentyabr, şənbə, Bakı vaxtı 08:38

Evdə nağd pul da saxlayın – iqtisadçıların tövsiyəsi


Nağdsız ödəniş
Nağdsız ödəniş

Böhran vaxtı ən vacib tələbatları ödəmək üçün evdə də bir qədər nağd pul saxlamaq lazımdır. Bunu Avropada dörd böyük dağıdıcı hadisənin təhlili üzə çıxarıb. Tədqiqatçılar koronavirus pandemiyası, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı müharibə kimi hadisələri öyrəniblər. Araşdırmanı sentyabrın 24-də Avropa Mərkəzi Bankı dərc edib.

Məsələ ondadır ki, hər dəfə böhran başlayanda Avropada nağd pula tələbat kəskin artıb.

"Sakit olun və nağd pul gəzdirin" başlıqlı araşdırmada deyilir ki, fiziki valyutanın özünəməxsus psixoloji və praktiki üstünlüyü var.

Tədqiqatçılar daha sonra yazırlar ki, onların üzə çıxardığı məqam hakim orqanların bir mövqeyini təsdiqləyir – nağd pul böhrana hazırlığın vacib komponentidir.

Məsələn, Niderland, Avstriya və Finlandiyada hakim orqanlar əhaliyə tövsiyə edirlər ki, evdə adambaşına 70-100 avro (82-117 dollar) saxlasınlar. Yaxud da 72 saat ərzində vacib ehtiyaclarını ödəməyə yetəcək qədər nağd pul.

CNN yada salır ki, martda Avropa Komissiyası təlimat yayaraq Avropa İttifaqı vətəndaşlarını böhran vaxtı azı 72 saata yetəcək qədər ərzaq və digər ləvazimat ehtiyatı görməyə çağırmışdı. 18 səhifəlik sənəddə deyilirdi ki, Avropa yeni, daha tutqun reallıqla üzləşib. Qurum Ukraynadakı müharibəni, kritik infrastruktura sabotaj kimi faktorları vurğulayırdı.

Avropa Mərkəzi Bankının araşdırmasında qeyd olunur ki, kəskin stress vaxtı ictimaiyyət nağd pula etibarlı dəyər mənbəyi kimi baxır. Apreldəki böhran zamanı İspaniya və Portuqaliyada elektrik kütləvi kəsilib, ödəniş terminalları işləməyib, mağazaların çoxu nağd ödənişi qəbul etməli olub.

COVID-19 pandemiyası vaxtı isə avropalılar nağd pul ehtiyatlarını tutublar.

XS
SM
MD
LG