Azərbaycan xəbərləri
Ramiz Mehdiyev haqqında ev dustaqlığı qərarı verildiyi bildirilir

24 il Azərbaycanda Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. Oktyabrın 14-də Səbail rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq ev dustaqlığı-qətimkan tədbiri seçildiyi deyilir. Bu barədə vəkil Pərviz Məmmədov məlumat yayıb.
Vəkilin sözlərinə görə, R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələriylə ittiham verilib.
Məlumata, orada sadalanan ittihamlara R.Mehdiyevin özündən və yaxınlarından münasibət almaq mümkün olmayıb.
Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Lakin Azərbaycan qanunlarına görə, yaşı 65-dən yuxarı olan kişilər və qadınlar, həmçinin cinayət törədərkən yetkinlik yaşına çatmayanlara ömürlük həbs cəzası verilmir.
AzadlıqRadiosunun məlumatına görə, 87 yaşlı R.Mehdiyev haqqında cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) İstintaq Baş İdarəsində aparılır. Məlumatı DTX-dən dəqiqləşdirmək mümkün olmayıb.
R.Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib. Ardından 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb.
1993-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü olmuş R.Mehdiyev 2021-ci ildən sonra həmin partiyanın Veteranlar Şurasının üzvüdür.
Bütün xəbərləri izləyin
Nazir müavini: Azərbaycana daxil olan suyun həcmi 30 faiz azalıb
Son illərdə Azərbaycanda iqlimlə bağlı ekstremal hadisələrin intensivliyi kəskin şəkildə artıb.
AZƏRTAC-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən "İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkədə daşqın hadisələrinin sayı 80 dəfə, quraqlıqların müddəti 80 faiz, 30 dərəcədən yuxarı temperatur olan günlərin sayı altı dəfə artıb. Habelə meşə yanğınları beş dəfə, güclü küləklər isə 12 dəfə çoxalıb, yağıntı hadisələrinin tezliyi isə altı dəfə artıb.
"Bu rəqəmlər göstərir ki, ölkədə hava şəraiti ilə bağlı güclü erkən xəbərdarlıq sistemlərinin yaradılması və təkmilləşdirilməsi həyati əhəmiyyət daşıyır", – U.Tağıyeva vurğulayıb.
O əlavə edib ki, iqlim dəyişiklikləri nəticəsində Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb.
Xatırlatma
Son illər Azərbaycanda həm içməli, həm də texniki su qıtlığı ilə bağlı şikayətlər eşidilir. Rayonlarda ayrı-ayrı fermerlər su qıtlığı üzündən məhsullarının böyük həcimdə ziyan çəkdiyini deyirlər. Paytaxtın özündə isə bəzi ərazilərdə günlərlə, həftələrlə suyun verilmədiyi bildirilir. Üstəlik, son illər Bakıda bir çox ərazilərdə suyun verilməsi gün ərzində normalara bölünür. Rəsmilərin vədlərinə görə, ölkədə 2030-cu ilə qədər içməli 90, suvarma suyuna isə tələbatın 95 faizi səmərəli şəkildə ödənməlidir.
Misirdəki səfirliyin diplomatına 5 il həbs cəzası kəsildi

Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Ramiz Vəliyevə 5 il həbs cəzası kəsilib. Ona oktyabrın 16-da Nərimanov rayon Məhkəməsində hökm oxunub.
Hakim Gültəkin Əsədovanın çıxardığı hökmlə keçmiş diplomat Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsiylə təqsirli bilinib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının saxladığı R.Vəliyev ötən il dekabrın 8-dən həbsdədir. Keçmiş diplomat vəzifə yetkilərinə görə sahib olduğu bilgi və sənədləri məqsədli şəkildə kənar şəxslərə ötürməkdə suçlanır.
Özünü təqsirli saymayan R.Vəliyev ittihamda yazılanların həqiqətdən uzaq olduğunu, basqıya uğradığını deyir. Onun vəkili də bu cinayət işi üzrə hərtərəfli araşdırma aparılmamasından şikayətlənərək hələ məhkəmə başlanınca işin istintaqa geri qaytarılması haqda vəsatət qaldırmışdı. Ancaq hakim G.Əsədova onun vəsatətini əsassız sayaraq təmin etməmişdi.
Orta təhsilini internat məktəbində alan R.Vəliyev ardından Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Bundan sonra Xarici İşlər Nazirliyi sistemində işə başlayıb. O, Misirdən öncə Azərbaycanın Livandakı səfirliyinin diplomatı olub.
Prezident Fransa ilə münasibətlərin düzəldiyini deyir

Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qalıb. AZƏRTAC-ın xəbərinə görə, bunu prezidenti İlham Əliyev oktyabrın 16-da Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən deyib.
Əliyev bu ayın əvvəlində Kopenhagendə Fransa prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində iki ölkə arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının, habelə inkişaf etdirilməsinin önəminə toxunub.
Fransanın Azərbaycandakı səfirliyinin məlumatında da bildirilir ki, səfir xanım Sofi Laqut isə öz növbəsində bu yeni dinamikaya töhfə vermək və iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün fəal şəkildə çalışmaq niyyətində olduğunu ifadə edib.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti də vurğulanıb.
Əliyev oktyabrın 2-də Kopenhagendə Makron ilə görüşmüşdü. Həmin gün Danimarkanın paytaxtı Kopenhagendə Avropa İttifaqı (Aİ) liderləri bloka üzv olmayan ölkə başçıları ilə Avropa Siyasi Birliyinin (EPC) sammitində bir araya gəlmişdilər.
Xatırlatma
Səfir Sofi Laqut bu vəzifəyə bu ilin avqustunda təyin edilib. O bu postda Ann Buayonu əvəz edib.
Son illər Azərbaycan və Fransa arasında soyuq münasibətlər müşahidə edilirdi. Bakıda bəzi rəsmilər Parisi Azərbaycan-Ermənistan münaqişəsində birtərəfli olmaqda və müstəmləkəçilik siyasətində ittiham edirdi. Yaxın aylara qədər Bakıda həmin ittihamların səsləndiyi bir çox konfranslar da keçirilib. Fransa rəsmiləri isə Azərbaycan Ermənistan münaqişəsində neytral olduqlarını bildiriblər. Hətta Fransanın bəzi rəsmiləri Azərbaycan hakimiyyətinə yaxın olan bəzi qüvvələri onların daxili işlərinə qarışmaqda günahlandırıblar.
Azərbaycan əhalisinin yaşlaşacağı proqnozlaşdırılır
2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74.6 il olub və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən, 2050-ci ildə bunun 78.6 ilə yüksələcəyi gözlənilir.
Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin oktyabrın 15-də açıqladığı "2026-2029-cu illər üzrə ortamüddətli xərclər çərçivəsi" adlı sənəddə bəhs edilir.
Sənəddə vurğulanır ki, mövcud demoqrafik meyllərə əsasən, 2024-cü ildə əhalinin illik artım tempi cəmi 0.6 faiz olub. Əlavə edilir ki, bu göstəricinin, BMT-nin "Dünya Əhalisinin Perspektivləri" hesabatına görə, 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir: "…Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9.1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18.1 faizə çatacağı gözlənilir".
Amma bir çox müstəqil iqtisadçılar Azərbaycanda orta ömür uzunluğunun 74.6 il olmasına şübhə edirlər. Onların iddiasına görə, istər SSRİ, istərsə də müstəqillik dönəmində Azərbaycanda statistikada orta uzun ömür şişirdilir.
Həmin iqtisadçılar son illər ölkədə doğuşun azalmasını isə, əsasən, iqtisadi, sosial amillərlə izah edirlər. Xatırladırlar ki, 2006-cı ildən hökumət ünvanlı sosial yardımın verilməsi ilə bağlı uşaqlara aylıq müavinətləri də dayandırıb. Amma rəsmilər tənqidləri qəbul etmirlər.
İran gəmiləri Azərbaycanda

İran gəmiləri Azərbaycana gəlib. Bu barədə oktyabrın 15-də məlumat yayan Azərbaycan Müdafiə Nazirliyi (MN) bunu "AZIREX-2025" birgə axtarış-xilasetmə təlimi ilə izah edib.
"Təlimdə iştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib. Gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib", - məlumatda vurğulanır.
MN əlavə edir ki, sonra İran Ordusunun HDQ-sinin nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib: "Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və "AZIREX-2025" birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub... Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir".
Təlimin nə vaxt başlayacağı və nə vaxt başa çatacağı açıqlanmayıb.
Azərbaycan Müdafiə Nazirliyi ilə İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, "AZIREX-2024" birgə taktiki təliminin isə ötən ilin noyabrında keçirildiyi açıqlanmışdı. Həmin vaxt Azərbaycan gəmiləri İranın Ənzəli limanına yola düşmüşdülər.
Azərbaycanın İranla 2024-cü ilə qədər münasibətlərində müəyyən gərginlik olub. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşı həlak oldu, ikisi xəsarət aldı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.
'Qara qızıl' hasilatı azalmaqda davam edir
2025-ci ilin yanvar-sentyabrında Azərbaycanda 20.7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə bu gün, oktyabrın 15-də Energetika Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, hasilatın 12 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2.9 milyon tonu (kondensat) "Şahdəniz"in, 0.4 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti-SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5.4 milyon tona yaxındır.
Bu dövrdə 17.4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14.9 milyon tonu konsorsiumların, 2.1 milyon tonu SOCAR-ın, 0.4 milyon tonu isə "Abşeron" yatağının payına düşüb.
Beləliklə, bəlli olur ki, ötən illə müqayisədə neft hasilatında azalma var (-4.2 faiz). Ötən ilin doqquz ayında bu rəqəm 21.6 milyon ton olmuşdu.
Son illər Azərbaycanda "qara qızıl"ın hasilatı azalır. Bütünlükdə ötən il bu göstərici 29.1 milyon ton olub.
Ölkədə hasilatın pik dövrü 2009-cu ildə olub, 50.9 milyon ton neft hasil edilib.
Amma təkcə neft hasilatı yox, onun qiyməti də düşür. Aparılan hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82.87 ABŞ dollarına bərabər olub. Bu il isə bu rəqəm 70 dollardan cüzi artıqdır.
Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür. İqtisadçılar hesab edirlər ki, nə qədər ki Azərbaycanda qeyri-neft sektoru real şəkildə inkişaf etməyib, "qara qızıl"ın hasilatının azalması və dəyərinin düşməsi tənəzzülə yol aça bilər.
Bakıda taksi sayına limit qoyulur?
Oktyabrın 13-də Nazirlər Kabineti "Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında" qərar verib.
Qərara əsasən, Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 min müəyyən edilib.
Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi say həddinə dair təkliflərini hər il avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Bakıda taksi azalacaqmı?
Ekspertlər bu qərarla Bakıda taksilərin azalacağını düşünürlər. Əslində də son illər Bakıda taksilərin sayında azalma müşahidə edilir.
Hələ ötən il iyulun sonlarına yaxın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilmişdi ki, Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı iki dəfə azalıb.
"Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək", - nazirlikdən vurğulanmışdı
Son illər Azərbaycanda qanunvericiliyə bir sıra dəyişikliklərdən sonra Bakıda taksilərin sayında azalma, qiymətlərdə isə artım müşahidə edilir.
Xatırlatma
Ötən il martın 28-də Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib. Nəzərdə tutulan dəyişikliklər həmin il iyulun 1-dən qüvvəyə minib.
Yeni qaydalarda göstərilir ki, taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyənləşdirməyə imkan verən taksometr və ya taksometr funksiyalarını görən proqram təminatlı mobil cihazla təchiz edilməlidir. Taksometrlə yanaşı, taksilərdə POS-terminal tələbi də gətirilib. Həmin vaxtdan başlayaraq taksilərdə nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Taksilərdə quraşdırılması tələb edilən digər bir cihaz da videokameralardır.
Yeni qaydalarda habelə taksi fəaliyyəti göstərəcək avtomobilin istehsal tarixi ilə də bağlı tələblər öz əksini tapmışdı.
Azərbaycan sənayesi geriləyib
Azərbaycan sənayesində 1 faizlik azalma var. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, oktyabrın 14-də yaydığı məlumatda bildirilir.
Qurum vurğulayır ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2025-ci ilin yanvar-sentyabrında 47.3 milyard manatlıq məhsul istehsal ediblər. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azdır: "Neft-qaz sektorunda məhsul istehsalı 1.9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4.8 faiz artıb".
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4.6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 2.8 faiz artıb.
Halbuki, ötən il Azərbaycanda sənayedə 1.1 faiz artım olmuşdu.
Azərbaycan sənayenin inkişaf durumuna görə hətta bir çox MDB ölkələrindən geridə qalır.
Müstəqil iqtisadçılar deyirlər ki, Azərbaycan sənayesi, əsasən, neftdən asılıdır. (Sənaye məhsulunun 60.9 faizi mədənçıxarma sektorunun payına düşür) Neft hasilatının azalması sənaye istehsalında azalmanı qaçılmaz edir.
Azərbaycanda dava-dərman xərcləri kəskin artıb
Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlar xərci kəskin artıb.
Bu barədə bu gün, oktyabrın 13-də Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bəlli olub.
Komitə qeyd edib ki, 2025-ci ilin yanvar-sentyabrında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422.8 milyon manatlıq, o cümlədən 25 milyard 359.1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 63.7 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-sentyabrı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.3 faiz, qeyri-ərzaq malları üzrə 6.8 faiz artıb.
Artım xüsusilə əczaçılıq məhsulları və tibbi ləvazimatlar xərcində özünü göstərib - 21.6 faiz. 2025-ci ilin doqquz ayında bu xərclər 1 milyard 139 milyon təşkil edib.
Son bir ildə rəsmi inflyasiya cəmi 5 faizdir.
Bu il Azərbaycanda Tarif Şurası bir neçə dəfə bəzi dərmanların qiymətini artırıb. Üstəlik, ekspertlərin fikrincə, Azərbaycanda bir çox dərmanlar qonşu ölkələrlə müqayisədə bir neçə dəfə baha satılır.
Keçmiş partiya sədri hakim önünə çıxarıldı

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Oktyabrın 10-da onun işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib.
İclasda A.Əsədlinin anket bilgiləri dəqiqləşdirilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanır. Bu işdə dörd nəfər zərərçəkmiş qismində tanınıb.
A.Əsədli 2023-cü il aprelin 21-də həbs edilsə də, həmin ilin iyulunda ev dustaqlığına buraxılıb. Ardından haqqındakı cinayət işinə xitam verilib. Ancaq sonradan Baş Prokurorluq xitam qərarını ləğv etdiyindən A.Əsədli haqqında dələduzluq ittihamıyla cinayət işi yenidən istintaqa qaytarılıb.
Zərərçəkmiş qismində tanınan şəxslər arasında keçmiş prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da var.
A.Əsədlinin ittiham olunduğu CM-in 178.3.2-ci maddəsiylə suçlanan keçmiş partiya sədrinə 5 ildən 10 ilədək həbs cəzası verilə bilər.
2020-ci il dekabrın 6-da Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsis qurultayında A.Əsədli partiyanın başqanı seçilib, 2021-ci ilin oktyabrında isə həmin partiya dövlət qeydiyyatına alınıb.
2023-cü ilin iyunun 23-də sözügedən partiya fəaliyyətini dayandırdığını açıqlayıb. Həmin dövrdə partiyanın başqanı həbsdə olub.
Son bir ayda işsizlərə 4 min şəxs qoşulub
Azərbaycanda son bir ayda işsizlərə 4 minə yaxın şəxs qoşulub.
Bununla bağlı bu gün, oktyabrın 10-da Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumatda bildirilib ki, 2025-ci il sentyabrın 1-i ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 764.9 min nəfərə düşüb. Onlardan 855.3 min nəfəri dövlət sektorunda, 909.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Komitə bir ay əvvəl muzdla çalışan işçilərin sayını 1 milyon 768.4 nəfər göstərmişdi. Onlardan 858 min 100 nəfərin dövlət, 910 min 300-nün isə qeyri-dövlət sektorunda çalışdığı vurğulanırdı.
DSK-nin məlumatlarının təhlili göstərir ki, bu ilin əvvəlində muzdla işləyənlərin sayında təqribən 14 min azalma var. İlin əvvəlindən dövlət sektorunda çalışanlarda təqribən 25 min azalma var. Qeyri dövlət sektorunda işləyənlərdə isə 11 min artım olduğu bildirilir.
Azərbaycan hökuməti bu azalmalar ilə bağlı hər hansı açıqlama verməyib. Amma iqtisadçılar vurğulayırlar ki, bu rəqəmlər hökumətin yeni iş yerlərinin açılması ilə bağlı təbliğatını alt-üst edir. Azərbaycanda işsiz kimi qeydiyyatda olanların sayı 300 mindən belə azdır. Halbuki, ölkədə məşğul əhalinin sayı 5 milyon civarında göstərilir. Müstəqil iqtisadçılar bunu işsiz kimi qeydiyyata düşməyin çətinliyi və qeyri-rəsmi fəaliyyətlə izah edirlər.
Azərbaycanda ərzağın 8 faiz bahalaşdığı deyilir, amma 20-30 faizdən danışanlar var
Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ölkədə inflyasiya 6 faizə yaxınlaşıb.
Qurum bildirir ki, 2025-ci ilin sentyabrında istehlak qiymətləri 2024-cü ilin sentyabrına nisbətən 5.7 faiz artıb. O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9, qeyri-qida məhsulları üzrə 2.4, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5.3 faiz bahalaşma olduğu bildirilir.
Amma müstəqil iqtisadçılar bu rəqəmlərə şübhə edirlər. Onların fikrincə, ölkədə inflyasiya ikirəqəmlidir. Üstəlik, onlar hökumət rəsmilərindən fərqli olaraq bahalaşmanı daha çox daxili amillə izah edirlər. Onlar deyirlər ki, bu il Azərbaycanda həm qaz, həm elektrik, həm də nəqliyyatda gedişlə bağlı ödənişlər artırılıb. İqtisadçılar vurğulayırlar ki, ərzaq məhsullarında da bahalaşma ciddi şəkil alıb. Onların sözlərinə görə, bəzi ərzaq məhsulları il ərzində 20-30 faiz bahalaşıb.
40 Azərbaycan vətəndaşı Almaniyadan qaytarılıb

Dünən, oktyabrın 9-da 40 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb
Dövlət Miqrasiya Xidməti oktyabrın 10-da bildirib ki, bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib: "...Reinteqrasiya üzrə İşçi qrup readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir".
Almaniyadan Azərbaycana qaytarılan şəxslərin adları açıqlanmır.
Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində 2020-2024-cü illər ərzində 16 ölkədən 1 696 nəfərin readmissiyası həyata keçirilib. Bu il isə buna qədər bu rəqəmin 200-ü keçdiyi açıqlanmışdı.
Son üç il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfərin narkotik və başqa ittihamlarla həbsi diqqət çəkib. Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər. Amma rəsmilər, bir qayda olaraq, insanların ölkədə tənqidi mövqelərinə görə əsassız yerə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.
Readmissiya –dövlətin digər ölkələrin ərazisinə qanunsuz daxil olan şəxsləri geri qəbul etməsidir.
Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə bəlli öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir. Amma Azərbaycanda bununla bağlı şikayətlər var.
İlkin Süleymanovun vəkilinin fəaliyyəti dayandırıldı

Gəncədəki 1 saylı vəkil bürosunun vəkili Zabil Qəhrəmanovun fəaliyyəti dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 8-də bu barədə qərar qəbul edib.
Qərara əsasən, Zabil Qəhrəmanov 6 ay vəkil kimi fəaliyyət göstərə bilməyəcək.
Vəkillər Kollegiyası oktyabrın 8-də Rəyasət Heyətinin iclasının keçirilməsi və orada bir sıra qərarların qəbulu barədə məlumat yaymışdı. Orada bildirilirdi ki, “intizam pozuntusuna yol verdiyinə görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə isə töhmət verilib”.
Lakin Vəkillər Kollegiyası cəzalandırılan vəkillərin kimliyini açıqlamamışdı.
Z.Qəhrəmanovla yanaşı, fəaliyyəti dayandırılan digər vəkil Ramil Rüstəmovdur.
Z.Qəhrəmanov Gəncədə polislərin fəaliyyəti barədə sosial mediada yazdıqlarına görə cəzalandırılıb. R.Rüstəmov haqqında intizam icraatı isə vətəndaş şikayəti əsasında başlanıb və nəticədə onun da fəaliyyəti dayandırılıb.
Z.Qəhrəmanov bir sıra səs-küylü işlərdə müdafiəçi qismində çıxış edib. Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb, meyitinin yandırılmasında suçlanan İlkin Süleymanovun, qətl ittihamıyla 11 il cəza alıb, 4 il sonra bəraət hökmüylə azadlığa çıxan Polad İsmayılovun vəkili Z.Qəhrəmanov olub. O, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü, şahmat müəllimi Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 1-də keçirilən iclasında isə 2 vəkilin – Elxan Osmanovla Cavidan Osmanlının fəaliyyətinə xitam verilməsi haqda qərar qəbul edilib. Bunun üçün Vəkillər Kollegiyası məhkəməyə üz tutacaq.