Keçid linkləri

2025, 30 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:27

Azərbaycan ombudsmanı Monteneqro ombudsmanına yazıb


Monteneqro polisi paytaxt Podqoritsada etiraz aksiyası zamanı keşik çəkir.
Monteneqro polisi paytaxt Podqoritsada etiraz aksiyası zamanı keşik çəkir.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsada bir sıra Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı bu ölkənin ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb.

O, saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmin olunmasını xahiş edib. "Səbinə Əliyeva beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik, ayrıseçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların... qarşısının alınmasının vacibliyini də vurğulayıb", - Ombudsman Aparatının məlumatında bildirilir.

Məktuba Monteneqro ombudsmanının münasibəti bəlli deyil.

Həftəsonundan bəri Monteneqroda türkiyəli mühacirlərə qarşı zorakılıq, bununla paralel bir sıra Türkiyə və Azərbaycan vətəndaşlarının saxlanmasına rəsmi Bakı, hələlik, hər hansı açıq münasibət bildirməyib.

Monteneqroda türklər hücum, təhdid, vandalizmlə üzləşir

Həftəsonundan bəri Monteneqroda türkiyəli mühacirlərə qarşı zorakılıq artıb, onlar vandalizm, fiziki hücumlara məruz qalırlar.

Oktyabrın 25-də paytaxt Podqoritsada dava zamanı bir monteneqrolu bıçaqlanıb. Onun xəsarətlərinin həyatına təhlükə yaratmadığı bildirilir.

Hadisə ilə bağlı Türkiyə və Azərbaycan vətəndaşları şübhəli şəxs kimi saxlanılıb. Bu iki ölkədən onlarla şəxs isə Monteneqroda yaşamağa qanuni sənədlərinin olmaması şübhəsi ilə saxlanılıb.

Davadan sonra vandallar Podqoritsada türkiyəli sahibkara məxsus restoranın şüşələrini sındırıblar, digərləri isə türkiyəli immiqrantlara məxsus avtomobilləri yandırıblar.

Bir neçə Türkiyə vətəndaşı fiziki hücuma məruz qaldıqlarını bildirib.

Oktyabrın 26 və 27-də əsasən türklərin yaşadığı məhəllələrdə küçələrə çıxan kütlə yürüş edərək "Türklər rədd olsun", "Türkləri öldürün" şüarları səsləndirib.

Yerli rəsmi orqanlar Türkiyə vətəndaşlarına qarşı nifrət nitqi, fiziki zorakılıq təhdidlərinə görə səkkiz nəfərin saxlandığını açıqlayıb.

Monteneqrodakı azərbaycanlı danışır: 'Qorxu içindəyik'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Qorxu, narahatlıq... antimühacir əhval-ruhiyyəsi

AzadlıqRadiosunun Balkan xidməti baş verənlərin bəzi monteneqrolularda qorxu və narahatlıq yaratdığını xəbər verir.

"Bütün bunlar mənə xoş deyil. Monteneqroda hər kəsə xoş münasibət var. Biz çoxmillətli, bərabərlik prinsiplərinə əsaslanan, demək olar, sivil bir dövlətik. Bunu qorumaq lazımdır", – Nada adlı qadın radioya danışıb.

Amma mühacirlərə qarşı artmaqda olan əhval-ruhiyyəni bölüşənlər də var.

"Hər cür zorakılıq pislənməlidir. Amma hökumət mümkün qədər tez miqrasiya siyasətini dəyişməlidir, çünki miqrant sayı artıb. Təhlükəsizlik vəziyyəti, doğrudan da, pisləşib və, açığını desəm, özümü artıq təhlükəsiz və rahat hiss etmirəm", – bunu isə Yovo adlı kişi AzadlıqRadiosuna deyib.

Türklər Monteneqroda yaşayan xarici vətəndaşların təxminən 13 faizini təşkil edir.

İndiyədək Türkiyə vətəndaşları Monteneqroya vizasız səfər edə bilirdilər. Ancaq hökumət oktyabrın 27-də bu qaydanı müvəqqəti dayandırıb, qısamüddətli vizalar tətbiq edib.

Hökumət bəyan edib ki, türkiyəli rezidentlərin statusuna hörmətlə yanaşacaq və "onların qalmasının maneəsiz, qanunauyğun təmin edilməsi üçün gərəkən bütün addımları atacaq".

XS
SM
MD
LG