Keçid linkləri

2025, 09 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:55

Litva Tixanovskayanın mühafizə səviyyəsini azaldıb


Sergey və Svetlana Tixanovskaya Varşavada belaruslarla görüşdə
Sergey və Svetlana Tixanovskaya Varşavada belaruslarla görüşdə

Litva hökuməti bu ölkədə yaşayan Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın fiziki mühafizəsinin səviyyəsini salıb. Bunu Litva xarici işlər naziri Kyastutis Budris Litva Radio və Televiziyasına (LRT) deyib.

Nazirin sözlərinə görə, qərar oktyabrın 1-dən icra olunur və keçid dövrünün noyabradək başa çatacağı gözlənilir.

Budris qərarın səbəblərindən birbaşa danışmayıb, mühafizə səviyyəsinin təhlükənin qiymətləndirilməsinə əsasən təyin olunduğunu bildirib. Bu barədə Tixanovskayaya və ofisinə məlumat verildiyini, özünün onunla şəxsən danışdığını əlavə edib.

LRT-nin məlumatına görə, Litva Tixanovskayanın mühafizəsindən tamamilə imtina etmir. Ancaq mühafizə Rəhbərliyin Mühafizə Xidmətindən alınıb, Kriminal Polis Bürosuna verilib. Bu büro Tixanovskayanı artıq dövlət xadimi kimi deyil, həyatına obyektiv təhlükə yarana biləcək şəxs kimi qoruyacaq.

Tixanovskayanın ofisi AzadlıqRadiosunun Belarus xidmətinə bildirib ki, məsələyə dair açıqlama hazırlanır.

S.Tixanovskaya 2020-ci ilin avqustunda Belarusda prezident seçkisindən sonra Vilnüsdə yaşayır. Bir çox Qərb ölkələri həmin seçkinin saxtalaşdırıldığını deyir. O zaman Litva hökuməti Belarus demokratiyasının təmsilçiliyinə rəsmi status verib, Tixanovskayanı Litvada və xaricdə daimi fiziki mühafizə ilə təmin edib. O, "C kateqoriyalı rəsmi qonaq" statusu alıb. Bu status adətən Litvada akkreditə olunmuş xarici ölkə səfirləri, beynəlxalq təşkilat missiyalarının rəhbərləri, xarici hökumət üzvləri və Avropa Komissiyası təmsilçilərinə verilir. LRT qeyd edir ki, Tixanovskayanın diplomatik statusu və buna uyğun toxunulmazlığı yoxdur.

Mənbələrə görə, Tixanovskayanın təhlükəsizliyinin təminatı Litvaya ildə təxminən 1 milyon avroya başa gəlir. Bu məbləğə Litvada və xaricdə 24 saatlıq fiziki mühafizə, müşayiət avtomobillərinin saxlanması, yaşayış yerinin təminatı, hava limanlarında VIP terminallardan istifadə daxildir.

Yaxınlarda Tixanovskayanın həyat yoldaşı Sergey və onlarla siyasi məhbus ABŞ-nin vasitəçiliyi ilə Belarusda həbsdən buraxılıb. ABŞ administrasiyası bəyanatlarında Aleksandr Lukaşenkonu Belarusun rəsmi prezidenti kimi tanıdığını göstərir. Litvanın Minskə münasibətdə siyasəti isə dəyişməyib.

XS
SM
MD
LG