İsrail və HƏMAS qruplaşması Qəzza sektorunda atəşkəs razılaşmasının imzalandığını təsdiqləyiblər. ABŞ və Aİ HƏMAS-ı terrorçu təşkilat kimi tanıyır.
Atəşkəs razılaşması İsrail hökuməti onu təsdiqləyən kimi qüvvəyə minəcək. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
HƏMAS-ın rəhbəri İsraillə müharibənin bitdiyini bəyan edib. Bu haqda "Reuters" Xəlil əl-Həyyaya istinadla yazıb. Onun dediyinə görə, İsraillə razılaşma "Rəfah" sərhəd-keçid məntəqəsinin hər iki istiqamətdə açılmasını nəzərdə tutur. Həmçinin, o, İsrailin həbs olunmuş fələstinlilərin hamısını azad edəcəyini deyib: vasitəçilər və ABŞ administrasiyası HƏMAS-a müharibənin tamamilə bitdiyini təsdiqləyən zəmanətlər verib.
ABŞ prezidenti Donald Tramp daha öncə demişdi ki, İsrail və HƏMAS arasında münaqişədə "əsaslı" irəliləyiş əldə olunub. O, atəşkəs sənədlərinin Misirdə imzalanacağını, özünün həftəsonu oraya səfər edəcəyini əlavə edib. Tramp Qəzzanın tamamilə yenidən qurulacağını da bildirib.
ABŞ prezidenti əlavə edib ki, bu, Ağ ev üçün həllini tapan səkkizinci münaqişədir və Rusiya-Ukrayna müharibəsinin də həll olunacağına ümid edir.
"Sky News Arabia" Misir mənbəsinə istinadla bildirib ki, tam atəşkəsə və İsrail ordusunun Qəzza sektorunun 70 faizindən mərhələli çıxarılmasına dair razılaşma əldə olunub. "Ynet"in yazdığına görə, İsrail ordusu razılaşdırılmış xətlərə çəkiləndən sonra Qəzza sektorunun 53 faizini nəzarətdə saxlayacaq. Bu isə ABŞ prezidentinin sülh planında nəzərdə tutulandan təxminən 4 faiz azdır.
9 oktyabr
İsrail və HƏMAS sülh planının birinci mərhələsinə razılaşıb
İsrail ilə HƏMAS qruplaşması israilli girovların azad edilməsi əvəzində İsrail ordusunun razılaşdırılmış bölücü xəttə çəkilməsi üzrə razılığa gəliblər. ABŞ prezidenti Donald Tramp bu barədə oktyabrın 8-də axşam "Truth Social" şəbəkəsində yazıb. ABŞ və Aİ HƏMAS-ı terror təşkilatı kimi tanıyır. Bu qruplaşma 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücum edərək 250 nəfəri girov götürüb, 1200 nəfəri qətlə yetirib.
"Fəxrlə bildirirəm ki, İsrail və HƏMAS sülh planımızın birinci mərhələsini gerçəkləşdirməyə razılaşıblar. Bu o deməkdir ki, bütün girovlar yaxın zamanda azad ediləcək, İsrail isə qoşunlarını qarşılıqlı razılaşdırılmış xəttə çəkəcək. Bu, möhkəm, davamlı və daimi sülhə doğru ilk addımdır", – prezident Tramp qeyd edib.
Razılaşmanın detalları, hələlik, bəlli deyil. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-la razılaşmanın oktyabrın 9-da hökumətin xüsusi iclasında təsdiqlənməli olduğunu bildirib. O, razılaşmanı "həlledici dönüş nöqtəsi" adlandırıb, Donald Trampa onun əldə olunmasında köməyinə görə təşəkkür edib. Razılaşma çərçivəsində İsrail həbsxanalarından xeyli sayda fələstinlinin azad ediləcəyi gözlənilir.
Sentyabrın sonunda prezident Tramp HƏMAS-ın israilli girovları buraxması, əvəzində isə İsrailin təxminən 2 min fələstinlini azad etməsini nəzərdə tutan sülh planını təqdim edib. Girov götürülmüş 48 israillinin taleyi hələ də bəlli deyil. Onlardan 20-sinin sağ olduğu güman edilir.
Sülh planında HƏMAS-ın silahsızlaşdırılması, Qəzzada hakimiyyətdən uzaqlaşdırılması da nəzərdə tutulur. Oktyabrın 4-də HƏMAS qruplaşması açıq bəyan edib ki, planın bəzi bəndləri – israilli girovların fələstinlilərlə dəyişdirməyə, Qəzzanın idarəçiliyində iştirakdan imtinaya razıdır. Ancaq digər bəndlərin danışıqlarda müzakirə edilməli olduğunu bildirib.