Keçid linkləri

2025, 09 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:55

İsrail və HƏMAS Misirdə siyahılarını bölüşüblər


Girovların azad edilməsi üçün Təl-Əvivdə nümayiş
Girovların azad edilməsi üçün Təl-Əvivdə nümayiş

Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada sülh danışıqları üçüncü gündür davam edir. İsrail və ABŞ ilə Aİ-nin terrorçu saydığı HƏMAS arasında vasitəçiliyi Misir, Qətər və Birləşmiş Ştatlar edir.

Danışıqlarda ABŞ prezidenti Donald Trampın sülh planı müzakirə olunur. Bu plan HƏMAS-ın saxladığı bütün girovların azad edilməsini nəzərdə tutur. HƏMAS təmsilçisi oktyabrın 8-də deyib ki, tərəflər azadlığa buraxılacaq şəxslərin siyahılarını bir-biri ilə bölüşüblər. Hazırda Qəzza zolağında İsraildə ələ keçirilmiş 48 girov saxlanıldığı, onlardan 20-sinin sağ olduğu bildirilir.

Trampın planında bu girovlar qarşılığında İsrailin yüzlərlə fələstinli məhbusu azad etməsi nəzərdə tutulub.

HƏMAS təmsilçisi danışıqların müsbət atmosferdə keçdiyini deyib. Tramp da bir gün öncə oxşar fikir səsləndirib. Lakin, hələlik, sülh təşəbbüsünün nə vaxt gerçəkləşdiriləcəyi razılaşdırılmayıb.

Çərşənbə günü danışıqlara ABŞ prezidentinin xüsusi elçiləri Stiv UitkoffCared Kuşner, İsrail hökumətinin strateji məsələlər üzrə naziri Ron Dermerin qoşulacağı gözlənilir. Qətərin baş naziri şeyx Məhəmməd əl-Tani və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da danışıqlara qatıla bilər.

Əsas fikir ayrılığı HƏMAS-ın silahlanmasının dayandırılması ilə bağlıdır – təşkilat buna razılaşmır. Digər tərəfdən, HƏMAS İsrail ordusunun Qəzzadan tamamilə çıxmasını tələb edir, Qəzza zolağında hakimiyyəti isə Fələstinin "milli texnokrat" hökumətinə verməyə razıdır.

Trampın planında Qəzzada beynəlxalq nəzarət qurumunun yaradılması, bu quruma şəxsən Trampın rəhbərlik etməsi, həmçinin HƏMAS-ın siyasi həyatdan tam kənarlaşdırılması yer alıb.

"Reuters" və digər mənbələr danışıqların, əsasən, girovların azad edilməsi və atəşkəsin əldə olunmasına fokuslandığını bildirir. ABŞ administrasiyasına görə, bu sahələrdə razılıq Qəzzanın müharibədən sonrakı idarəçiliyi ilə bağlı ziddiyyətlərin da aradan qaldırılmasına kömək edə bilər.

İki il öncə – oktyabrın 7-də HƏMAS İsrailə hücum edib, 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb. İsrail bunun cavabında genişmiqyaslı hərbi kampaniya başladıb, 65 mindən çox insanın öldürüldüyü bildirilir. İsrailin hərbi əməliyyatları dünyada getdikcə daha çox tənqid olunur. Qəzzadakı humanitar böhrana diqqət çəkilir. ABŞ İsraili dəstəkləyir, eyni zamanda bölgədə tezliklə atəşkəs və sülh əldə olunmasına çalışır.

XS
SM
MD
LG