Keçid linkləri

2025, 22 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:46

Azərbaycanda heyvan bazarlarına məhdudiyyətlər tətbiq ediləcək


Ağcabədidə mal bazarı
Ağcabədidə mal bazarı

Baş dövlət baytarlıq müfəttişinin imzaladığı qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən heyvan bazarlarında bu il oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin etməlidirlər.

Bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) məlumat yayıb.

Məlumatda vurğulanır ki, mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır: "Respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər".

Rəsmi məlumatda üzərində xüsusi durulmasa da, son aylar ölkənin bölgələrində heyvanlar arasında dabaq xəstəliyinin yayıldığı da bildirilir. Artıq bununla bağlı şikayətlər ölkənin əksər rayonlarından eşidilir.

"İnəklərə dabağa qarşı peyvənd vurulmuşdu"

Astara rayonundan adının çəkilməsini istəməyən bir fermer AzadlıqRadiosuna deyib ki, inəkləri dabağa yoluxsa da, hələlik, onlardan tələf olan olmayıb: "Əslində mən heyvanları peyvənd etdirmişdim. Niyə onlar dabağa yoluxdular, anlamıram. İnəklərimdən biri artıq sağalmaq üzrədir. Əksər kəndlərdə heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Bəzi insanların mal-qarasında ölüm də qeydə alınıb. Kimi deyir, peyvənd vurdurublar, kimisi də vurdurmadıqlarını söyləyir. Süd, ət satışını dayandırmışıq".

Dabaq xəstəliyinə qarşı peyvənd pulsuzdur.

Sakinlərin şikayətlərinə Astara Baytarlıq Xidmətindən münasibət almaq mümkün olmayıb. Amma Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzindən dabaq xəstəliyinə qarşı bütün ölkə ərazisində peyvəndləmə işləri aparıldığı açıqlanıb. Ayrı-ayrı baytarlar vurğulayırlar ki, əgər heyvan artıq dabağa yoluxubsa, onun xəstəliyin inkubasiya dövründə peyvəndlənməsinin əhəmiyyəti qalmır.

Ekspertlər isə bildirirlər ki, dabaq xəstəliyinə tutulan heyvanların ət və südündən istifadə yolverilməzdir. Onların sözlərinə görə, faktiki xəstəliyə tutulan heyvanların məhsullarının bazara çıxarılıb-çıxarılmamasına, hələlik, yetərli nəzarət yoxdur.

XS
SM
MD
LG