Sentyabrın 15-dən Çin adi xarici pasporta sahib Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək. Onlar Çin ərazisində 30 gün qala biləcəklər.
Çinin Daxili İşlər Nazirliyi sentyabrın 2-də bildirib ki, yeni qayda test rejimində, bir il müddətinə nəzərdə tutulub.
Bu gün Çin və Rusiya prezidentləri - Si Cinpin ilə Vladimir Putin görüşüb. Putin daha öncə Tiencində ŞƏT sammitinə qatılıb. Sentyabrın 3-də isə Pekində İkinci Dünya müharibəsində Yaponiya üzərində qələbənin 80 illiyinə həsr olunmuş paradda iştirak edəcək.
30 illik təchizat
Putinlə Cinpinin görüşündə Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux da iştirak edib. Görüşdən sonra Rusiya ilə Çin arasında "Sibirin gücü-2" qaz kəmərinin və Monqolustandan keçəcək "İttifaq-Şərq" tranzit qaz kəmərinin tikintisi üzrə "hüquqi öhdəlik qoyan memorandum" imzalanıb. Bu barədə "Qazprom"un sədri Aleksey Miller məlumat verib. O bildirib ki, bu, "qaz sənayesində dünyanın ən genişmiqyaslı və ən çox kapital tələb edən layihəsi" olacaq.
Təchizatın 30 illik olacağı bildirilir. Amma "Sibirin gücü-2"nin tikintisinin başlanma vaxtı və layihə gücünə çatma müddəti açıqlanmır. RBK xəbər verir ki, tərəflər "Sibirin gücü" qaz kəməri üzrə illik qaz təchizatını 38 milyard kubmetrdən 44 milyard kubmetrə artırmağa razılaşıblar.
Çinin tələbi
"Sibirin gücü-2"nin tikintisi "Qazprom"a Avropaya qaz ixracını qismən kompensasiya etməyə imkan verəcək. Şirkət Ukraynadakı müharibə fonunda Avropa bazarını itirdikdən sonra zərər görüb. "The Financial Times" yazır ki, tərəflər əvvəlcə qaz kəmərinin tikintisi ilə bağlı razılığa gələ bilməyiblər, Çin xammalı Rusiya daxilindəki qiymətlərə yaxın qiymətlə satmağı tələb edib. "The Wall Street Journal" xəbər verir ki, İran və İsrail arasında 2025-ci ildə baş verən qarşıdurmadan sonra Çin layihəyə yenidən maraq göstərib.
Çinə qaz ixracı Sibir bölgələrinin sakinləri arasında ekoloji vəziyyətlə bağlı narazılığa səbəb olub. Bir sıra rayonlarda (Krasnoyarsk diyarı, Xakas) isə qaz infrastrukturu, demək olar ki, yoxdur.
Rusiya və Çin liderlərinin danışıqlarının detalları hələ məlum deyil. Daha əvvəl bildirilmişdi ki, liderlər Ukraynadakı müharibəni də müzakirə edəcəklər. Görüşdən əvvəl Si Cinpin bildirib ki, Çin Rusiyayla "hər iki ölkənin əsas maraq və narahatlıqlarını əhatələyən məsələlərdə operativ koordinasiyaya hazırdır".