Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 21:31

Bulvar İdarəsinin keçmiş rəhbəri: 'Həmişə sədaqətli olmuşam, bilmirəm ki, məni niyə tələsik həbs etdilər?'


Bakı Bulvarı
Bakı Bulvarı

Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri, bir ildən çoxdur həbsdə olan İlqar Mustafayev deyir ki, hansı günahına görə ona qarşı bu cür davranıldığını bilmir. O vurğulayır ki, həmişə prezidentə də, vitse-prezidentə də sədaqətlə xidmət edib.

"Mənə verilən ittihamların heç birini qəbul etmirəm. Hesab edirəm ki, bu, mənə qarşı qərəzli hərəkətlərdir. Lakin başa düşmürəm ki, hansı günahıma görə mənimlə belə davranırlar. Axı mən işimi sədaqətlə, qanun və insani keyfiyyətlərimi rəhbər tutub görmüşəm. Hər zaman prezidentə və Mehriban xanıma sədaqətlə xidmət etmişəm", – 66 yaşlı İ.Mustafayevin sözləridir.

O, bunları bu həftə Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib.

"Axı həbsdə olanın səsi eşidilmir"

12 milyon manatdan çox yeyinti və 2 milyon manata yaxın vergidən yayınma ittihamıyla mühakimə olunan İ.Mustafayev daha iki nəfərlə birlikdə məhkəmə önünə çıxarılıb. Bunlardan biri onun köməkçisi olmuş Rəşad Bədəlov, digəri isə "GİRASOL" MMC-nin direktoru Fuad Babayevdir.

Bulvar İdarəsinin keçmiş rəhbəri bildirir ki, heç bir araşdırma aparmadan, tələsik onu həbs ediblər. İ.Mustafayevin sözlərinə görə, Hesablama Palatası Bulvar İdarəsiylə bağlı 3.7 milyon manatlıq mənimsəmə aktı tərtib edib, heç ona göstərməyib. Həmin akt prokurorluğa göndərilib, cinayət işi başlanandan altı gün sonra o, həbs edilib: "Məni niyə tələsik həbs etdilər? Səbəb sadədir, ölkə rəhbərliyinə rahatlıqla sübut edərdim ki, heç bir günahım yoxdur. Mənə belə bir imkan verməmək üçün tələsik həbs etdilər ki, absurd ittihamları yapışdırmaq asan olsun. Axı həbsdə olanın səsi eşidilmir. Mən sübut etsəydim ki, günahım yoxdur, böhtan atanların özləri cəzalanacaqdı".

Verilən ittihamların hər birinə münasibət bildirən İ.Mustafayevin sözlərinə görə, ona iradlardan biri dəniz suyunun istifadəsiylə bağlıdır. Hesablama Palatasının tərtib etdiyi aktda göstərilib ki, Bulvar İdarəsi "Azərsu" ASC-dən suvarma və istifadə üçün su almaqdansa, dəniz suyunu duzsuzlaşdırıb istifadə edə bilərdi. Bu üsulla 800 min manata qənaət etmiş olardı: "Bu axı absurddur...".

Bakı bulvarı
Bakı bulvarı

İki ilə 8 milyon mənimsəmə...

İ.Mustafayev 2016-2024-cü illərdə Bulvar İdarəsinə rəhbərlik edib. İttihama əsasən, 12 milyon manatın 8 milyonu əvvəlki iki il ərzində, qalan 4 milyon isə sonrakı 6 il ərzində mənimsənilib: "Guya Bulvar İdarəsində bütün attraksionlar, ticarət köşkləri və obyektlərdən yığılan pulları sahibkarlar idarənin əməkdaşlarına verirmiş. Son nəticədə pullar mənə çatırmış. Heç kim şəxsən mənə pul verdiyini demir. Hansı məmur yeni gəldiyi problemli idarədə dərhal iki ilə 8 milyon mənimsəyər, sonrakı altı ildə 4 milyon? Bulvar İdarəsinin son üç illik büdcəsi 40 milyon manat olub və qəpiyinə qədər hesabatları aparılıb".

Bulvarda dəniz gəzintisi üçün gəmilərə bilet satışından əldə olunan gəlirlərin yeyintisiylə bağlı ittihamdan danışan İ.Mustafayev bildirib ki, 2021-ci ildə 62 min, 2022-ci ildə 48 min nəfər sərnişinin gəmilərdə gəzintiyə çıxdığını göstəriblər. O, yada salıb ki, həmin dövrdə ölkədə sərt karantin rejimi idi, insanlar ərzaq mağazasına belə SMS icazə ilə çıxırdılar. Bulvar ərazisi də rəsmi şəkildə bağlı idi.

"Bu sahibkarın... dövriyyəsi 10 milyona yaxın olmalıdır"

Bulvar İdarəsinin keçmiş rəhbərinə qarşı ittihamlardan biri də "Maraşpark" dondurma köşklərinin sahibi İsrafil Bascıldan 2019-2023-cü illərdə 736 min manatdan çox pul almasıyla bağlıdır. İ.Mustafayev isə deyir ki, yalandır: "Dörd il ərzində təkcə icarə haqqı olaraq 736 min 500 manat verən bir sahibkarın bu müddətdə gəliri 3-4 milyon manat, dövriyyəsi də 10 milyona yaxın olmalıdır. İstintaq obyektiv aparılsaydı, "Maraşpark" MMC-nin vergi hesabatlarını çıxarardı, baxardılar ki, bu müddətdə nə qədər vergi ödəyib. Mənimlə bağlı dediklərini Quran ayəsi kimi götürürlər. Yaddan çıxarırlar ki, 2020-2022-ci illərdə pandemiyaya görə Bulvar bağlanmışdı".

İ.Mustafayevin ifadəsi yekunlaşandan sonra onun vəkili İsmayıl Kəngərli deyib ki, bu cinayət işinin obyektiv araşdırılması üçün bir sıra dövlət qurumlarından vacib sənədlərin, hesabatların alınmasına ehtiyac var. Bu üzdən vəkil Dənizkənarı Bulvar İdarəsinə, Hesablama Palatasına, Dövlət Dəniz və Liman Agentliyinə sorğular göndərilib həmin sənədlərin alınması barədə vəsatətlər qaldırıb. Hakimlər razılaşıb.

Dənizkənarı Bulvar İdarəsində 12 milyon manatlıq mənimsəmə ittihamıyla bağlı məhkəmə prosesi oktyabrın 20-də davam edəcək.

Xatırlatma

66 yaşlı İlqar Mustafayev 2024-cü ilin sentyabrından həbsdədir. Ona mənimsəmə ilə yanaşı, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda vergidən yayınma ittihamları da verilib. Bu ittihamlarda 14 ilədək həbs cəzası nəzərdə tutulub.

İstintaq dövründə ona və yaxınlarına məxsus, ümumilikdə 11 milyon manatdan çox dəyəri olan əmlakın üzərinə həbs qoyulub. Onların arasında Bakıda – Üzeyir Hacıbəyov küçəsində, "Ağ şəhər"də mənzillər və obyekt, Şüvəlan qəsəbəsində bağ evləri, Qusarda və Xəzər rayonunda torpaq sahələri və başqa daşınmaz əmlaklar var.

İ.Mustafayev Dənizkənarı Bulvar İdarəsindən öncə Bayraq Meydanının rəhbəri vəzifəsində çalışıb.

XS
SM
MD
LG