Dövlətə xəyanət ittihamıyla 15 il həbs cəzasına məhkum edilmiş politoloq Bəhruz Səmədovun aclıq aksiyasını dayandırdığı bildirilir.
Bu barədə onun yaxınları bu gün, sentyabrın 11-də məlumat yayıb. Onların vurğulamasına görə, sentyabrın 11-də B.Səmədov nənəsi Zibeydə Osmanovaya zəng vuraraq səhhətinin pisləşdiyini, həkimlərin onu müayinə etdiyini deyib: "Zibeydə nənə Bəhruza yalvarıb ki, aclığı dayandırsın, onun aclığına dözə bilmir bu yaşında. Nənəsinin təkidi ilə Bəhruz aclıq aksiyasını dayandırıb".
Bu məlumatı Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.
Bundan əvvəl iyunda da B.Səmədovun həbsinə etiraz olaraq bir neçə gün aclıq aksiyası keçirdiyi açıqlanmışdı. Onda da onun səhhətinin pisləşməsi üzündən nənəsinin təkidi ilə aksiyanı dayandırdığı açıqlanmışdı.
3 sentyabr
Politoloq Bəhruz Səmədov haqqında 15 il həbs hökmü qüvvədə saxlandı
Dövlətə xəyanət ittihamıyla 15 il həbs cəzasına məhkum edilmiş politoloq Bəhruz Səmədov haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm qüvvədə saxlanıb. Onun hökmdən verdiyi apellyasiya şikayəti təmin olunmayıb. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.
Politoloqun apellyasiya şikayətinə qapalı ortamda və məhkəmə istintaqı aparılmadan, sübutlar araşdırılmadan baxılıb. O, apellyasiya məhkəməsinin gedişində buna etiraz edib, məhkəməsinin açıq keçirilməsini istəyib.
"Apellyasiya məhkəməsində vəkil 20-yə yaxın vəsatət qaldırıb, heç biri təmin olunmayıb. Qapalı məhkəmə keçirib, elan etdilər ki, "hökm qüvvədə qalır". Heç bir sübut yox, gənc adamı 15 il həbsxanada çürüdürlər", - B.Səmədovun tək ailə üzvü olan nənəsi Zibeydə Osmanova belə deyib.
Cinayət törətmədiyi halda, bir ildən çoxdur həbsdə saxlandığını vurğulayan politoloq apellyasiya məhkəməsinin qərarına etiraz olaraq sentyabrın 4-dən quru aclığa başlayacağını açıqlayıb.
B.Səmədov hazırda Umbakı Penitensiar Kompleksində saxlanılır.
Xatırlatma
Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov ötən il avqustun 21-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə təqsirli bilindiyindən ona 15 il həbs cəzası kəsilib. Gənc fəal Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli sayılıb. O özünü təqsirli bilmir, sülhpərvər çıxışlarına görə cəzalandırıldığını deyir.
B.Səmədov müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycan və Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və iki il öncə Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.
Gənc fəal ötən ilin avqustunda saxlanıldığı zaman Bakıya məzuniyyətə gəlibmiş.