Abşeron rayonu, Masazır qəsəbəsində istixana kompleksindəki partlayış və ardından baş verən yanğına görə "Azəriqaz" obyekt sahibinə 100 min manata yaxın təzminat ödəməlidir. Məhkəmə bu haqda qərar çıxarıb.
Partlayış 2024-cü ilin yanvarında gecə saat 4 radələrində istixana kompleksinin qazanxanasında baş verib. Ekspertizanın rəyinə görə, hadisəyə səbəb isə qaz sızması olub. Sızan qaz qazanxanaya dolub və hansısa alışdırıcı maddənin təsirindən alışma baş verib.
200 min manatdan artıq ziyan
Obyektin sahibi – "Bəhrə-2010" şirkəti iddia edir ki, partlayış nəticəsində ona 200 min manatdan artıq ziyan dəyib. Şirkət rəhbərliyi həm sığorta şirkətindən, həm də "Azəriqaz"dan ziyanın ödənilməsini tələb edib. Lakin danışıqlar nəticə verməyəndə hər iki qurumu məhkəməyə verib. Məhkəməyə şikayətində göstərib ki, partlayış nəticəsində qazanxana binasına 18 min 464 manatlıq ziyan dəyib. Ekspertiza hesablamalarına görə, onlara əmtəə üzrə dəymiş ziyan isə 193 min 791 manatdır.
Obyekti "Azsığorta" vasitəsilə 2023-cü ildə sığortalatdırdığını vurğulayan şirkət rəhbərliyi iddia ərizəsində "Azəriqaz" əməkdaşlarının da məsuliyyətini qeyd edib. Göstərib ki, partlayışdan bir müddət öncə bu qurumun əməkdaşları istixanaya baxış keçirərkən tənzimləyici klapandakı nasazlığı, qaz sızmasını aşkar etməyib. Bu üzdən baş verənlərə görə "Azəriqaz" cavabdehdir, dəymiş ziyanı da ödəməlidir.
Zərərçəkən şirkətin nümayəndəsi məhkəmədə "Azsığorta" təmsilçisindən 18 min 964 manat istəyib. Qalan ziyanı isə "Azəriqaz"dan tələb ediblər.
Sığorta şirkəti 18 min 464 manatı ödəməyə razılıq verib. "Azəriqaz"ın nümayəndəsi isə 193 min 791 manatlıq tələbin əsassız olduğunu bildirib.
"Azəriqaz" 96 min 895 manat təzminat ödəməlidir
Bakı Kommersiya Məhkəməsi "Bəhrə-2010" MMC-nin iddiasını qismən təmin edib. Yalnız "Azsığorta"nın üzərinə zərərçəkən şirkətə 18 min 464 manat ödəmək öhdəliyi qoyulub. Bu qərar zərərçəkən şirkəti qane etməyib və apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi isə ekspertiza rəyini əsas götürərək "Azəriqaz"ın da üzərinə təzminat ödəmək öhdəliyi qoyub. Bugünlərdə Bakı Apellyasiya Məhkəməsi qərar verib ki, "Azəriqaz" partlayış nəticəsində şirkətə dəymiş ziyanın əvəzi olaraq 96 min 895 manat təzminat ödəsin.
Məhkəmə qərarında göstərib ki, hadisənin baş verməsində həm "Azəriqaz" əməkdaşlarının, həm də istixana işçilərinin məsuliyyəti var.
"Bu kontekstdə məhkəmə kollegiyasının qənaətinə görə, "Azəriqaz" İstehsalat Birliyi əmtəə üzrə iddiaçıya dəymiş maddi ziyanın ən az yarı hissəsinə görə məsuliyyət daşımalı və 96 min 895 manat ondan alınıb iddiaçıya ödənilməlidir", – apellyasiya məhkəməsi qərarında yazır.