Moskvadakı Azərbaycan icmasının rəhbərinin Rusiya pasportu ləğv olunub
Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edilib. Bu barədə Rusiya mediası yazır.
"Readovka" Telegram-kanalının məlumatına görə, Həsənov qanunsuz miqrasiyadan tutmuş, kontrafakta qədər gizli sxemlərdə iştirakda, milli zəmində münaqişə vəziyyətlərinin yaradılmasında günahlandırılır.
Ordubad rayonundan olan B.Həsənov 2022-ci ildə Moskva diasporunun rəhbəri seçilib. O, 2000-ci ildən Rusiya vətəndaşı idi.
"Tsarqrad" nəşrinin yazdığına görə, Həsənov Azərbaycan Mədəniyyət Mərkəzi üçün yeni binanın ayrılmasına nail olub: "O, diasporun himayəsi altında Azərbaycan yazıçılarının yığıncağını keçirib və orada "Azərbaycan məsələsi"nin işıqlandırılması ilə bağlı Rusiya mediasındakı problemlərdən danışıb".
Bundan əvvəl Çelyabinsk və Moskva vilayətlərindəki diaspor rəhbərləri vətəndaşlıqdan çıxarılıblar.
Putin Azərbaycanla münasibətlərdə problemlərin olduğunu etiraf edib
3 sentyabr
Rusiya prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərdə problemlərin olduğunu etiraf edib. O, Çinə səfərinin yekununda jurnalistlərin suallarını cavablandırarkən deyib: "Ölkələrarası münasibətlərdə hər zaman mövcud vəziyyətdən, siyasi konyunkturadan yaranan suallar olur. Problemlər var, amma bu gün prezident Əliyevlə salamlaşdıq, iki-üç kəlmə danışdıq. Əsaslı münasibətlər və onları inkişaf etdirməyə qarşılıqlı maraq hər şeyi yerinə qoyacaq".
Peskov: Putinlə Əliyev əl sıxıblar, amma 'substantiv' ünsiyyətləri olmayıb
3 sentyabr
Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev salamlaşıblar, amma substantiv ünsiyyətləri olmayıb. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Onlar Əliyevlə salamlaşıb, əl sıxıblar, amma bu dəfə hər hansı substantiv ünsiyyət olmayıb", – Peskov jurnalistlərə deyib.
Əliyev, Putin və bir sıra ölkələrin liderləri avqustun 31-i və sentyabrın 1-də Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə, sentyabrın 3-də isə Pekində İkinci Dünya müharibəsinin 80-ci ildönümünə həsr olunmuş parada qatılıblar.