Keçid linkləri

2025, 06 Sentyabr, şənbə, Bakı vaxtı 22:50

XİN-dən Zaxarovaya cavab: 'Şərt kimi irəli sürməsi yanlışdır'


Azərbaycanda Rusiya vətəndaşlarının həbsi
Azərbaycanda Rusiya vətəndaşlarının həbsi

"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır".

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 5-də yayılan açıqlamasında yer alır.

XİN vurğulayır ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur: "Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb... Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır".

4 sentyabr

Rusiya Bakıda həbs olunmuş vətəndaşlarına azadlıq istəyir

Bakıda həbs olunmuş Rusiya vətəndaşlarının azadlığa buraxılması ikitərəfli münasibətlərin normallaşması yönündə mühüm addım olacaq. Bunu Rusiya XİN-in təmsilçisi Mariya Zaxarova deyib.

"Rusiya vətəndaşlarının azad olunmasının Rusiya-Azərbaycan münasibətlərinin normallaşması yolunda mühüm addım olduğunu vurğulayırıq", – M.Zaxarova Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində keçirilən brifinqdə bildirib.

O, Rusiya XİN-in hüquq-mühafizə orqanları və həbs olunanların yaxınları ilə daimi təmasda olduğunu qeyd edib.

"Bəzi vətəndaşlarımızın müraciəti əsasında vəkillərin fəaliyyətinin maliyyələşdirilməsinə yardım göstəririk. Konsulluq əməkdaşları Bakıdakı istintaq təcridxanasında Rusiya vətəndaşlarını üç dəfə ziyarət edib", – M.Zaxarova bildirib.

Son aylar Azərbaycanla Rusiya arasında siyasi əlaqələr pisləşib. İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları etnik azərbaycanlılara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma ardınca da müxtəlif şəhərlərdə Azərbaycan diasporunun təmsilçiləri həbs olunmağa başlayıb və bu prosesin hələ də davam etdiyi vurğulanır.

Azərbaycanda isə narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.

Sentyabrın 3-də Azərbaycan və Rusiya liderləri Pekində əl sıxıb, salamlaşıblar. Bundan sonra Rusiya prezidenti Vladimir Putin əlaqələrdə problemlərin olduğunu deyib, amma "əsaslıq münasibətlərin və onları inkişaf etdirməyə qarşılıqlı marağın hər şeyi yerinə qoyacağını" əlavə edib.

XS
SM
MD
LG