Kubanda Azərbaycan diasporunun təmsilçisi həbs olunub
2 sentyabr
Kubanda Azərbaycan diasporunun təmsilçilərindən olan biri Şahlar Novruzov həbs olunub. Rusiya mediası "Kafe "Köhnə Bakı"" MMC və "Dar Frut" MMC-nin direktorunun 919 milyon rubl (təxminən 31 milyon manat) dəyərində daşınmaz əmlakla bağlı dələduzluq cəhdində ittiham olunduğunu yazır. Novruzovun bu il sentyabrın 26-dək istintaq təcridxanasında saxlanacağı bildirilir.
"Kommersant" məhkəmə materiallarına istinadla onun barəsində altı ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyini yazır.
Təqsirləndirilənin vəkili Aleksey Abramov məhkəmədən həbs-qətimkan tədbirinin yüngül formaya dəyişdirilməsi haqda vəsatət qaldırıb. O, Novruzovun yaşını, Krasnodarda daimi qeydiyyatda olmasını, məhkumluğunun olmadığını əsas gətirib. FSB-nin Krasnodar diyarı üzrə idarəsinin müstəntiqi isə bildirib ki, təqsirləndirilən şəxs istintaqdan yayına, cinayət fəaliyyətini davam etdirə bilər.
22 avqust
İlham Əliyevi tərifləyən politoloq Rusiyada 'xarici agent' elan edilib
22 avqust
Rusiya Ədliyyə Nazirliyi hökumətyönlü politoloq Sergey Markovu "xarici agentlər" reyestrinə daxil edib.
Markov Rusiyanın federal kanallarında və radiostansiyalarında yayımlanan ictimai-siyasi tok-şouların iştirakçısıdır.
Ədliyyə Nazirliyi politoloqun "xarici agent" kimi tanınması qərarını onun "xarici agent"lərin materiallarının yaradılmasında iştirakı, onların mesajlarını və Rusiya hakimiyyətinin qərarları barədə "yalan məlumat" yayması ilə izah edib.
Markovun sözlərinə görə, onun "xarici agentlər" reyestrinə salınması "səhv" və "böhtan"dır: "Mənə elə gəlir ki, bu, böhtandır, çünki birincisi, mən xarici agent deyiləm, ikincisi, mənim heç bir əlaqəm olmayıb. Hərdən... səhv də edə bilərlər".
Markov iyulda Azərbaycanda keçirilən Şuşa Qlobal Media Forumunda iştirak edib və Azərbaycan prezidenti İlham Əliyev haqqında müsbət fikirlər səsləndirib.
Forum başlamazdan əvvəl azərbaycanlı jurnalistlərlə söhbətində Markov Əliyevi "parlaq intellektual" və "müasir dünyanın ən təcrübəli liderlərindən biri" adlandırıb.
Azərbaycan diasporunun rəhbəri 'Navalnıya dəstəyə görə' Rusiya vətəndaşlığından çıxarılıb
19 avqust
Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib və Rusiya Federasiyasına girişinə qadağa qoyulub.
Rusiya mediasına görə, səbəb kimi onun etnik separatizmi və Navalnının fəaliyyətini təbliğ etməsi göstərilir.
Xankişiyev tərəvəz və meyvə ticarəti ilə məşğul olan tanınmış işadamı, restorator və "Fruitdom", "Fruit House", "Nar&Sharab", "Kaspiy" şirkətlərinin təsisçisidir.
Bundan əvvəl Moskva vilayətinin diaspor rəhbəri Elşən İbrahimovun da Rusiya pasportu alınıb, digər iki nüfuzlu azərbaycanlı - Şahin Şıxlinski və Yusif Xəlilov isə həbs edilib.