Keçid linkləri

2025, 25 Avqust, Bazar ertəsi, Bakı vaxtı 00:23

Anklav kəndlər qaytarılacaq, yoxsa ərazilər dəyişdiriləcək?


Qazaxdakı ermənilər kəndlərin qaytarılmasına qarşı çıxdı: 'Yollara nəzarəti itirəcəyik'
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Qazaxdakı ermənilər kəndlərin qaytarılmasına qarşı çıxdı: 'Yollara nəzarəti itirəcəyik' (ARXİV. 2023)

Azərbaycanla-Ermənistan arasında torpaqların qaytarılması necə mümkün ola bilər? Söhbət hər iki ölkənin nəzarətində olan, lakin digərinə məxsus torpaqlardan gedir.

Rəsmi açıqlamalara görə, Azərbaycanın dörd anklavı - Yuxarı Əskipara, Sofulu, Barxudarlı, bir də Naxçıvan tərəfdə Kərki kəndi hazırda Ermənistanın nəzarətindədir. Azərbaycan isə, Yerevanın iddiasına görə, Ermənistan ərazisinin 200 kvadrat kilometrlik ərazisinə və Başkəndə nəzarət edir.

Ermənistan tərəfi Kərkidəki 180 nəfər də daxil, ümumilikdə bu ərazilərdə 400 sakinin olduğunu deyir. Ötən onilliklərdə Başkənddə daimi məskunlaşma olmasa da, əhali örüş sahələri kimi istifadə edir.

Ermənistan baş naziri Nikol Paşinyan avqustun 21-də iki ölkənin bir-birinə ərazi qaytarma mümkünlüyündən danışıb. O, ərazilərin mübadiləsi variantını da istisna etməyib. Azərbaycan rəsmiləri Paşinyanın ərazi mübadiləsi məsələsinə münasibət bildirməyib. Prezident İlham Əliyev ötən ilin yanvarında demişdi ki, anklav kəndlərlə bağlı ayrıca ekspert qrupu yaradılmalıdır, bütün anklavlar qaytarılmalıdır. Amma bu məsələdə bir hərəkətlilik yoxdur.

İlham İsmayıl
İlham İsmayıl

"Təhlükəsiz gedib gəlmək mümkün olmayacaq"

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın fikrincə, ən yaxşı yol elə anklavların geri qaytarılması yox, torpaq mübadiləsidir, bu, gələcək təxribatlardan uzaq həll yoludur: "Zənn edək ki, Başkəndi Ermənistana veririk, onlar da bizə dörd kəndi verirlər. Sabah ora heç kəsin təhlükəsiz şəkildə gedib gəlməsi mümkün olmayacaq. Burada ən yaxşı variant – Yuxarı Əskipara və Kərkinin torpaq ərazisi Başkəndin ərazisinə bərabərdir - dəyişdirməkdir. Sofulu və Barxudarlı kəndlərinin Azərbaycan sərhədinə olan hissəsindən Ermənistan Azərbaycana verir. O biri başdan verdiyi qədər ərazini də özünə götürür. Bununla da məsələ bitmiş olur".

Vaxtilə Paşinyan bəyan edirdi ki, Azərbaycanın geri almaq istədiyi anklavlarla bağlı hüquqi əsası yoxdur, dünənki çıxışında isə baş nazir mahiyyət etibarilə həmin əsasların mövcud olduğunu təkzib etməyib. Tərəflərin bir birinə anklavlarla bağlı hüquqi əsaslarını təqdim edəcəyini deyib, xatırladıb ki, hər iki ölkə Almata deklarasiyasına uyğun olaraq, bir-birinin ərazi bütövlüyünü tanıyır.

Ötən ilin aprelində iki ölkə Tavuş vilayətində delimitasiya zamanı 12 km-lik sərhəd üzrə razılığa gəlib. Bu zaman Qazaxın əvvəllər Ermənistanın nəzarətində olan dörd kəndi Azərbaycana qaytarılıb.

Xatırlatma

Avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında gərginliyə səbəb olub. 1990-cı illərin əvvəllərində isə münaqişə ağır silahlı toqquşmalara çevrilib. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

XS
SM
MD
LG