Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyası Hamburq şöbəsinin üzvü Robert Rişi şəhər şurasından kənarlaşdırıb. AzadlıqRadiosunun təhlil etdiyi görüntülər Rişin Rusiyada ifrat sağçı siyasətçilərin forumuna qatıldığını üzə çıxarmışdı.
AfD üzvü sentyabrın 12-də Sankt-Peterburqdakı konfransda iştirak edib.
Tədbirin təşkilatçıları sırasında Kremlin yaxın adamı sayılan, Qərbin Rusiya-Ukrayna müharibəsindəki roluna görə sanksiya tətbiq etdiyi milyarder Konstantin Malofeyev də olub.
Konfransdan təxminən bir ay sonra – oktyabrın 6-da AfD-nin Hamburq rəhbərliyi Rişə qarşı partiya daxilində intizam işi başlatmaq qərarına gəlib.
Riş ittihamları rədd edərək bildirib ki, səfər şəxsi xarakter daşıyıb, onu tədbirə keçmiş Hamburq AfD üzvü və dostu Olqa Petersen dəvət edib.
O əlavə edib ki, həmin gün Petersenin doğum günü idi, konfransın iştirakçıları və proqramı haqda öncədən bilgisi olmayıb.
Riş onu da deyib ki, "sülh naminə çalışır", "eyni otaqda oturduğu şəxslərin kimliyinə görə məsuliyyət daşıya bilməz".
Hamburq şəhər Şurasının üzvü Rusiyada ifrat- sağçıların forumuna qatılıb
Almaniyanın Hamburq şəhər Şurasının üzvü Robert Riş bu ay Rusiyada bir sıra ölkələrdən ifrat sağçı siyasətçilərin forumuna qatılıb. O, "Almaniya üçün Alternativ" (AfD) partiyasındandır.
Hamburq şurasından çıxarılmış keçmiş AfD üzvü də Sankt-Peterburqdakı konfransda olub. Forumun təşkilatçıları arasında Kremlə yaxınlığı ilə tanınan milyarder Konstantin Malofeyev də var. O, Rusiya imperializmini dəstəkləyir, Kremlin Ukraynaya qarşı müharibəsində roluna görə Qərbin sanksiyalarına məruz qalıb.
Forum ""Paladinlər" Beynəlxalq Antiqlobalistlər Liqası" adlı təşkilatın təsis konfransı kimi təqdim olunub, sentyabrın 12-də Sankt-Peterburqdakı imperiya dövrünə aid bərli-bəzəkli Mariya sarayında keçirilib. Forumda Fransadan, Almaniyadan, İtaliyadan, Meksikadan, İspaniyadan və Cənubi Afrikadan ifrat sağçı siyasətçilər iştirak ediblər.
İmicini yaxşılaşdırmaq istəyən AfD
Forumdan bəzi fotolarda iştirakçıların üzləri bulanıq verilib. Bir fotoda üstündə Almaniya təmsilçisi yazılmış lövhənin arxasında oturan bir şəxs görünür. Həmin şəxslərin fotoları başqa mənbələrdə təmiz dərc olunub.
AzadlıqRadiosunun rus xidməti forumdakı bir alman təmsilçinin fotosunu RTL kanalının tədqiqatçısı, açıq mənbələr üzrə araşdırmaçı Sergey Meyerə göstərib. Meyer həmin şəxsin R.Riş olduğunu müəyyənləşdirib. "Amazon"un üztanıma proqramı da bunu təsdiqləyib.
AfD partiyası fevralda parlament seçkilərində 21 faizə yaxın səslə tarixi nəticə qazanıb. Partiya son aylar imicini düzəltməyə çalışır.
Ancaq Almaniyanın daxili kəşfiyyat idarəsi mayda partiyanı demokratiyaya təhlükə sayaraq "ekstremist təşkilat" kateqoriyasına salıb. İndi AfD bu qərarı ləğv etdirməyə çalışır.
R.Riş AzadlıqRadiosunun e-mail suallarını cavablandırmayıb. AfD-nin Berlindəki ofisinə göndərilən rəsmi sorğuya da reaksiya verilməyib.
Petersen və Malofeyev
Konfransda və Sankt-Peterburqda restoranda çəkilmiş fotolarda Hamburq şurasının keçmiş üzvü Olqa Petersenin də foruma qatıldığı görünür. O, 2024-cü ildə AfD partiyasından və Hamburq məclisindən çıxarılıb. Həmin ilin martında Rusiya prezidenti Vladimir Putinin yenidən seçildiyi seçkilərdə müşahidəçilik edib, seçkini "açıq, demokratik və azad" adlandırıb.
Rusiyada doğulmuş və hazırda orada yaşayan Petersen 2024-cü ilin fevralında Ukraynanın işğal olunmuş ərazisində Rusiya əsgərləri ilə fotolarını paylaşıb.
Malofeyevə gəlincə, 2014-cü ildən Ukraynanın cənub və şərqində qiyamların təşkili və Krımın işğalında roluna görə Qərbin sanksiyaları altındadır. Qanunsuz silahlı dəstələrin yaradılması və maliyyələşdirilməsi şübhəsi ilə beynəlxalq axtarış siyahısına da salınıb.
Malofeyev "Tsarqrad" media şəbəkəsinin sahibidir. Bu şəbəkə Rusiyanın Ukraynada ərazi iddialarını əsaslandırmaq üçün irəli sürdüyü "Novorossiya" layihəsini təbliğ edir. "Tsarqrad" Kreml tərəfdarı, ifrat sağçı ideoloq Aleksandr Duqinin ideyalarına da geniş yer verir. Forumdan fotoların birində Duqin Malofeyevin yanında əyləşib.