Keçid linkləri

2025, 07 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Şatdaun danışıqları alınmasa, kütləvi ixtisarlar başlayacaq


ABŞ Konqresi
ABŞ Konqresi

ABŞ prezidenti Donald Tramp Konqresdəki demokratlarla şatdaun danışıqlarının nəticəsiz olması qərarına gəlsə, administrasiya kütləvi ixtisarlara başlayacaq. Bunu bazar günü Ağ evin aparıcı rəsmisi deyib.

Oktyabrın 6-da ABŞ-də hökumətin qismən bağlanmasının altıncı günü başlayır. Ağ evin Milli İqtisadi Şurasının direktoru Kevin Hasset CNN-in "State of the Union" proqramına deyib ki, demokratların şatdaunu bitirməkdən ötrü geri çəkilmə fürsətinin qaldığını düşünür.

Ağ evin büdcə direktoru Rassel Vout əks halda federal işçilərin ixtisarı ilə hədələyib.

Bazar günü jurnalistlər Trampdan soruşublar ki, administrasiya ixtisarlara nə zaman başlayaq. "Bu hazırda baş verir", – prezidentin cavabı belə olub.

"Reuters" yazır ki, ötən həftədən bəri konqres liderləri arasında danışıqların əsər-əlaməti yoxdur. Şatdaun oktyabrın 1-də, 2026-cı il maliyyə ilinin birinci günündən başlayıb. Senatdakı demokratlar federal agentliklərin noyabrın 21-dək işini maliyyələşdirəcək qısamüddətli layihəni rədd ediblər.

Demokratlar ABŞ-də vətəndaşların Əlçatan Tibbi Xidmət Qanunu (Affordable Care Act) vasitəsilə özəl sağlamlıq sığortası ala bilmələri üçün vergi kreditlərinin daimi uzadılmasını tələb edirlər. Onlar həmçinin Ağ evdən razılaşdırılmış xərclərin birtərəfli ləğv edilməyəcəyi barədə zəmanət istəyirlər.

Senatda respublikaçı çoxluğun lideri Con Tun bildirib ki, o, demokratların narahatlıqlarını müzakirə etməyə hazırdır, amma öncə federal hökuməti yenidən açmaq barədə razılığa gəlməlidirlər.

Oktyabrın 6-da Senat müvəqqəti maliyyələşdirmə qanununu və demokratların alternativ layihəsini beşinci dəfə səsverməyə çıxarmalıdır. Respublikaçıların layihəsi onların nəzarətində olan Nümayəndələr Palatasından keçib.

Layihələrin heç birinin gərəkən 60 səsi yığacağı gözlənilmir.

"Ya hökuməti açın, ya da başqa cür olacaq", – C.Tun "Fox News"un "Sunday Morning Futures" proqramında bildirib.

XS
SM
MD
LG