Sentyabrın 22-dən oktyabrın 3-dək Avropa Şurasının İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (CPT) təmsilçiləri Azərbaycana səfər ediblər. Komitə bunun ölkəyə altıncı səfər olduğunu bildirib.
Səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərin, həbsxanalara yerləşdirilmiş şəxslərin saxlanma şəraitini, onlarla rəftarı öyrənmək olub. Nümayəndə heyəti psixiatrik müəssisələrdə saxlanılan şəxslərlə rəftarı, hüquqi təminatlarını, saxlanma şəraitini yoxlayıb. Öncəki səfərlərdən sonra Komitənin verdiyi tövsiyələrdən sonra Azərbaycan hakimiyyətinin gördüyü tədbirlər də nəzərdən keçirilib.
Bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirilib. Səfərin sonunda nümayəndə heyəti Azərbaycan hakimiyyətinə ilkin müşahidələrini təqdim edib.
CPT ötən ilin iyulunda bəyanat yayaraq Azərbaycanın onlarla əməkdaşlıq etmədiyini deyirdi. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos isə Azərbaycan hakimiyyətini komitə ilə əməkdaşlığı dərhal bərpa etməyə və konstruktiv dialoqa çağırmışdı.
CPT-nin 2022-ci il hesabatında işgəncə iddiaları yer almışdı
Həmin vaxt CPT 2022-ci ildə Azərbaycana xüsusi səfərlə bağlı hesabatı da bəyanata əlavə kimi yaymışdı. Bildirmişdi ki, bu addımı hüquq-mühafizə əməkdaşlarının saxlanan şəxslərə qarşı pis rəftar, hətta işgəncəyə dair iddiaların ciddiliyini nəzərə alaraq atır. CPT qeyd edirdi ki, "hesabatlarında polis əməkdaşlarının yol verdiyi pis rəftar, hətta işgəncə hərəkətlərinə dair iddiaları detallı göstərib", ancaq Daxili İşlər Nazirliyi (DİN) belə hallara son qoymaq üçün Komitənin çoxdan irəli sürdüyü tövsiyələri yerinə yetirməyib.
DİN, digər dövlət qurumları adətən saxlanma yerlərində işgəncə, pis rəftar iddialarını təkzib edir.
Xarici İşlər Nazirliyi (XİN) isə CPT-nin hesabatını tam şəkildə yaymasını "presedenti olmayan qərar" adlandırmışdı.
Əməkdaşlıq bərpa olunur?
Azərbaycanın AŞPA-dakı səsvermə hüququ 2024-cü ildən dondurulub. Buna Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəb göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.
Hazırda AŞPA ilə Bakı arasında əməkdaşlığın bərpası yönündə hər hansı danışıqların aparılması ilə bağlı AzadlıqRadiosunun suallarına Avropa Şurasından cavab gəlməyib.
Amma sentyabrın 23-də prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.