Keçid linkləri

2025, 14 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Azərbaycan xəbərləri

'Tərtər işi' haqda kitabın müəllifi evinə basqın olduğunu bildirir

Abid Qafarov
Abid Qafarov

İctimai fəal Abid Qafarova məxsus, Bakının Şüvəlan qəsəbəsindəki evə aprelin 29-da basqın olduğu deyilir.

Bu barədə A.Qafarovun özü məlumat verib.

Ötən il xarici ölkələrdən birinə köçən fəalın sözlərinə görə, evdə yaşayan yaşlı qayınana və qayınatasına mülki geyimli şəxslər təzyiq göstərib.

O hesab edir ki, bu hadisə müəllif olduğu "Andaluniya" adlı kitabla əlaqəlidir.

Onun sözlərinə görə, aprelin 27-də Azərbaycanda keçirilən sərgidə həmin kitabın 42 nüsxəni mülki geyimli şəxslər müsadirə edib. Həmin kitabda 2017-ci ildə baş verən Tərtər hadisələri təsvir edilib.

Onun bu dediklərinə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

A.Qafarov özü 2022-ci il iyulun 13-də Yasamal rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan və təhqirdə günahlandırılırdı. Müdafiə tərəfinə görə, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğurunda mübarizə aparmadıqlarına görə onları qınayıb. Qafarov da özünü təqsirli bilmirdi və "Tərtər işi"ni araşdırdığına görə sifarişlə həbs olunduğunu bildirirdi. O, ötən il iyunun 1-də azadlığa çıxıb və sonra xaricə gedib.

"Tərtər işi" barədə...

2017-ci ildə Ermənistana casusluqda ittiham olunan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilmişdi. Onlar barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmışdı. Zərərçəkənlər və onların yaxınları həbs olunanların ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Müstəqil hüquq müdafiəçiləri bu işdə 10-dan çox şəxsin öldürüldüyünü deyirlər. İstintaq zamanı həyatını itirən şəxslərdən ölümündən sonra bəraət alanlar olub.

Cinayət işi yenilənəndən sonra...

2021-ci ilin dekabrında – "Tərtər işi" üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfərin işi məhkəməyə göndərilib.

Dörd nəfərlik bir qrupun məhkəməsi ötən il noyabrın 29-da yekunlaşıb. Hökmə əsasən, Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev və müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçu Ramil Qarayevin hər birinə 5 il 6 ay həbs cəzası kəsilib. Onlar işgəncəvermə, vəzifə səlahiyyətlərini aşma, hərbçilərin qanunsuz həbsi kimi əməllərdə suçlu sayılıblar. Daha bir MAXE Rüstəm Ələsgərovun cəzası daha ağır – 9 il 6 ay olub.

Adı çəkilənlərin heç biri özünü təqsirli saymır.

Dörd və beş nəfərlik daha iki qrupun məhkəmələri davam edir.

Bütün xəbərləri izləyin

Bakıda taksi sayına limit qoyulur?

'İmkan vermirlər işləməyə' - Bakıda taksilər cərimələrdən narazıdır
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

Oktyabrın 13-də Nazirlər Kabineti "Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında" qərar verib.

Qərara əsasən, Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 min müəyyən edilib.

Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi say həddinə dair təkliflərini hər il avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Bakıda taksi azalacaqmı?

Ekspertlər bu qərarla Bakıda taksilərin azalacağını düşünürlər. Əslində də son illər Bakıda taksilərin sayında azalma müşahidə edilir.

Hələ ötən il iyulun sonlarına yaxın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilmişdi ki, Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı iki dəfə azalıb.

"Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək", - nazirlikdən vurğulanmışdı

Son illər Azərbaycanda qanunvericiliyə bir sıra dəyişikliklərdən sonra Bakıda taksilərin sayında azalma, qiymətlərdə isə artım müşahidə edilir.

Xatırlatma

Ötən il martın 28-də Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib. Nəzərdə tutulan dəyişikliklər həmin il iyulun 1-dən qüvvəyə minib.

Yeni qaydalarda göstərilir ki, taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyənləşdirməyə imkan verən taksometr və ya taksometr funksiyalarını görən proqram təminatlı mobil cihazla təchiz edilməlidir. Taksometrlə yanaşı, taksilərdə POS-terminal tələbi də gətirilib. Həmin vaxtdan başlayaraq taksilərdə nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Taksilərdə quraşdırılması tələb edilən digər bir cihaz da videokameralardır.

Yeni qaydalarda habelə taksi fəaliyyəti göstərəcək avtomobilin istehsal tarixi ilə də bağlı tələblər öz əksini tapmışdı.

Azərbaycan sənayesi geriləyib

'ING Group'dan Azərbaycana 'neft mesajı': 'Hasilat azalır, iqtisadi artım yavaşıyır'
Gözlə

No media source currently available

0:00 0:05:10 0:00

Azərbaycan sənayesində 1 faizlik azalma var. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, oktyabrın 14-də yaydığı məlumatda bildirilir.

Qurum vurğulayır ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2025-ci ilin yanvar-sentyabrında 47.3 milyard manatlıq məhsul istehsal ediblər. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azdır: "Neft-qaz sektorunda məhsul istehsalı 1.9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4.8 faiz artıb".

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4.6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 2.8 faiz artıb.

Halbuki, ötən il Azərbaycanda sənayedə 1.1 faiz artım olmuşdu.

Azərbaycan sənayenin inkişaf durumuna görə hətta bir çox MDB ölkələrindən geridə qalır.

Müstəqil iqtisadçılar deyirlər ki, Azərbaycan sənayesi, əsasən, neftdən asılıdır. (Sənaye məhsulunun 60.9 faizi mədənçıxarma sektorunun payına düşür) Neft hasilatının azalması sənaye istehsalında azalmanı qaçılmaz edir.

Azərbaycanda dava-dərman xərcləri kəskin artıb

Dərmanları bahalaşdıran nədir? 'Məcbur olub İrandan gətirdirik'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlar xərci kəskin artıb.

Bu barədə bu gün, oktyabrın 13-də Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bəlli olub.

Komitə qeyd edib ki, 2025-ci ilin yanvar-sentyabrında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422.8 milyon manatlıq, o cümlədən 25 milyard 359.1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 63.7 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-sentyabrı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.3 faiz, qeyri-ərzaq malları üzrə 6.8 faiz artıb.

Artım xüsusilə əczaçılıq məhsulları və tibbi ləvazimatlar xərcində özünü göstərib - 21.6 faiz. 2025-ci ilin doqquz ayında bu xərclər 1 milyard 139 milyon təşkil edib.

Son bir ildə rəsmi inflyasiya cəmi 5 faizdir.

Bu il Azərbaycanda Tarif Şurası bir neçə dəfə bəzi dərmanların qiymətini artırıb. Üstəlik, ekspertlərin fikrincə, Azərbaycanda bir çox dərmanlar qonşu ölkələrlə müqayisədə bir neçə dəfə baha satılır.

Keçmiş partiya sədri hakim önünə çıxarıldı

Anar Əsədli
Anar Əsədli

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Oktyabrın 10-da onun işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib.

İclasda A.Əsədlinin anket bilgiləri dəqiqləşdirilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanır. Bu işdə dörd nəfər zərərçəkmiş qismində tanınıb.

A.Əsədli 2023-cü il aprelin 21-də həbs edilsə də, həmin ilin iyulunda ev dustaqlığına buraxılıb. Ardından haqqındakı cinayət işinə xitam verilib. Ancaq sonradan Baş Prokurorluq xitam qərarını ləğv etdiyindən A.Əsədli haqqında dələduzluq ittihamıyla cinayət işi yenidən istintaqa qaytarılıb.

Zərərçəkmiş qismində tanınan şəxslər arasında keçmiş prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da var.

A.Əsədlinin ittiham olunduğu CM-in 178.3.2-ci maddəsiylə suçlanan keçmiş partiya sədrinə 5 ildən 10 ilədək həbs cəzası verilə bilər.

2020-ci il dekabrın 6-da Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsis qurultayında A.Əsədli partiyanın başqanı seçilib, 2021-ci ilin oktyabrında isə həmin partiya dövlət qeydiyyatına alınıb.

2023-cü ilin iyunun 23-də sözügedən partiya fəaliyyətini dayandırdığını açıqlayıb. Həmin dövrdə partiyanın başqanı həbsdə olub.

Son bir ayda işsizlərə 4 min şəxs qoşulub

'Prezidentə çatdırın ki, yiyəsiz rayondur' - Lerikin yolsuz, işsiz kəndlərindən REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

Azərbaycanda son bir ayda işsizlərə 4 minə yaxın şəxs qoşulub.

Bununla bağlı bu gün, oktyabrın 10-da Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumatda bildirilib ki, 2025-ci il sentyabrın 1-i ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 764.9 min nəfərə düşüb. Onlardan 855.3 min nəfəri dövlət sektorunda, 909.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Komitə bir ay əvvəl muzdla çalışan işçilərin sayını 1 milyon 768.4 nəfər göstərmişdi. Onlardan 858 min 100 nəfərin dövlət, 910 min 300-nün isə qeyri-dövlət sektorunda çalışdığı vurğulanırdı.

DSK-nin məlumatlarının təhlili göstərir ki, bu ilin əvvəlində muzdla işləyənlərin sayında təqribən 14 min azalma var. İlin əvvəlindən dövlət sektorunda çalışanlarda təqribən 25 min azalma var. Qeyri dövlət sektorunda işləyənlərdə isə 11 min artım olduğu bildirilir.

Azərbaycan hökuməti bu azalmalar ilə bağlı hər hansı açıqlama verməyib. Amma iqtisadçılar vurğulayırlar ki, bu rəqəmlər hökumətin yeni iş yerlərinin açılması ilə bağlı təbliğatını alt-üst edir. Azərbaycanda işsiz kimi qeydiyyatda olanların sayı 300 mindən belə azdır. Halbuki, ölkədə məşğul əhalinin sayı 5 milyon civarında göstərilir. Müstəqil iqtisadçılar bunu işsiz kimi qeydiyyata düşməyin çətinliyi və qeyri-rəsmi fəaliyyətlə izah edirlər.

Azərbaycanda ərzağın 8 faiz bahalaşdığı deyilir, amma 20-30 faizdən danışanlar var

Əhalinin qazancı qiymət artımı ilə uzlaşacaq? - Deputat deyir, daha yaxşı yaşamalıyıq
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ölkədə inflyasiya 6 faizə yaxınlaşıb.

Qurum bildirir ki, 2025-ci ilin sentyabrında istehlak qiymətləri 2024-cü ilin sentyabrına nisbətən 5.7 faiz artıb. O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9, qeyri-qida məhsulları üzrə 2.4, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5.3 faiz bahalaşma olduğu bildirilir.

Amma müstəqil iqtisadçılar bu rəqəmlərə şübhə edirlər. Onların fikrincə, ölkədə inflyasiya ikirəqəmlidir. Üstəlik, onlar hökumət rəsmilərindən fərqli olaraq bahalaşmanı daha çox daxili amillə izah edirlər. Onlar deyirlər ki, bu il Azərbaycanda həm qaz, həm elektrik, həm də nəqliyyatda gedişlə bağlı ödənişlər artırılıb. İqtisadçılar vurğulayırlar ki, ərzaq məhsullarında da bahalaşma ciddi şəkil alıb. Onların sözlərinə görə, bəzi ərzaq məhsulları il ərzində 20-30 faiz bahalaşıb.

40 Azərbaycan vətəndaşı Almaniyadan qaytarılıb

2020-2024-cü illər ərzində 16 ölkədən 1 696 nəfər Azərbaycana qaytarılıb.
2020-2024-cü illər ərzində 16 ölkədən 1 696 nəfər Azərbaycana qaytarılıb.

Dünən, oktyabrın 9-da 40 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

Dövlət Miqrasiya Xidməti oktyabrın 10-da bildirib ki, bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib: "...Reinteqrasiya üzrə İşçi qrup readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir".

Almaniyadan Azərbaycana qaytarılan şəxslərin adları açıqlanmır.

Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində 2020-2024-cü illər ərzində 16 ölkədən 1 696 nəfərin readmissiyası həyata keçirilib. Bu il isə buna qədər bu rəqəmin 200-ü keçdiyi açıqlanmışdı.

Son üç il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfərin narkotik və başqa ittihamlarla həbsi diqqət çəkib. Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər. Amma rəsmilər, bir qayda olaraq, insanların ölkədə tənqidi mövqelərinə görə əsassız yerə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Readmissiya –dövlətin digər ölkələrin ərazisinə qanunsuz daxil olan şəxsləri geri qəbul etməsidir.

Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə bəlli öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir. Amma Azərbaycanda bununla bağlı şikayətlər var.

Readmissiya ilə Azərbaycana dönənləri nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00


İlkin Süleymanovun vəkilinin fəaliyyəti dayandırıldı

Zabil Qəhrəmanov
Zabil Qəhrəmanov

Gəncədəki 1 saylı vəkil bürosunun vəkili Zabil Qəhrəmanovun fəaliyyəti dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 8-də bu barədə qərar qəbul edib.

Qərara əsasən, Zabil Qəhrəmanov 6 ay vəkil kimi fəaliyyət göstərə bilməyəcək.

Vəkillər Kollegiyası oktyabrın 8-də Rəyasət Heyətinin iclasının keçirilməsi və orada bir sıra qərarların qəbulu barədə məlumat yaymışdı. Orada bildirilirdi ki, “intizam pozuntusuna yol verdiyinə görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə isə töhmət verilib”.

Lakin Vəkillər Kollegiyası cəzalandırılan vəkillərin kimliyini açıqlamamışdı.

Z.Qəhrəmanovla yanaşı, fəaliyyəti dayandırılan digər vəkil Ramil Rüstəmovdur.

Z.Qəhrəmanov Gəncədə polislərin fəaliyyəti barədə sosial mediada yazdıqlarına görə cəzalandırılıb. R.Rüstəmov haqqında intizam icraatı isə vətəndaş şikayəti əsasında başlanıb və nəticədə onun da fəaliyyəti dayandırılıb.

Z.Qəhrəmanov bir sıra səs-küylü işlərdə müdafiəçi qismində çıxış edib. Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb, meyitinin yandırılmasında suçlanan İlkin Süleymanovun, qətl ittihamıyla 11 il cəza alıb, 4 il sonra bəraət hökmüylə azadlığa çıxan Polad İsmayılovun vəkili Z.Qəhrəmanov olub. O, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü, şahmat müəllimi Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 1-də keçirilən iclasında isə 2 vəkilin – Elxan Osmanovla Cavidan Osmanlının fəaliyyətinə xitam verilməsi haqda qərar qəbul edilib. Bunun üçün Vəkillər Kollegiyası məhkəməyə üz tutacaq.

Azərbaycan, Gürcüstan, Türkiyə müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər

Zakir Həsənov, Yaşar Güler və İrakli Çikovani
Zakir Həsənov, Yaşar Güler və İrakli Çikovani

Oktyabrın 9-da Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında 12-ci üçtərəfli görüş keçirilib.

AZƏRTAC agentliyinin xəbərinə görə, Türkiyənin Ankara şəhərində gerçəkləşən görüşdə regionda mövcud hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.

Tərəflər həmçinin onlar arasında baş tutan üçtərəfli və ikitərəfli birgə təlimlərin vacibliyini vurğulayıblar.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli formatda görüşlər 2014-cü ildən keçirilir.

Vaşinqtonda Azərbaycanda dini ədəbiyyatın senzurasından narahatlıq bildirilib

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasında görüş.
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasında görüş.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycandan gələn daha bir neçə şəxs Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüblər.

QMİ mətbuat xidmətinin məlumatına görə, oktyabrın 7-də gerçəkləşən görüşdə Komissiya sədri Viki Hartsler Azərbaycanda bəzi şiə məzhəbinin mənsublarına qarşı ayrıseçkiliklərin olması ilə bağlı məlumatlardan narahatlığını dilə gətirib.

QMİ-in vurğulamasına görə, V.Hartslerin iradlarına Azərbaycan nümayəndə heyəti "dəqiq, tutarlı dəlillərlə" cavab verib: "Bildirildi ki, söhbət din pərdəsi altında dövlətçiliyə qarşı konkret təhdid, çevriliş cəhdi və terrorun qarşısının alınmasından gedir, burada məzhəb amilinin heç bir rolu yoxdur".

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavini Asif Mahmud isə Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanunla bağlı iradlarını bildirib, bu qanunun beynəlxalq dini azadlıq standartları ilə uzlaşmayan məqamlarına, habelə dini ədəbiyyatın senzuraya məruz qalmasına toxunub. "Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirdi ki, gənc, müstəqil dövlət olaraq özümüzü mənəvi müstəvidə də müdafiə edirik. Dini ədəbiyyat adı altında ölkəyə ekstremist və radikal ədəbiyyat gətirməyə cəhdlər var və bunun qarşısını almaq üçün müvafiq komissiya kitabları nəzərdən keçirir", - məlumatda vurğulanır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadənin Birləşmiş Ştatlara səfəri davam edir.

Xatırlatma

ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) illik hesabatında deyilir ki, 2024-cü ildə Azərbaycanda dini etiqad azadlığı ilə bağlı vəziyyət pis olaraq qalıb, ötən il də ölkədə "şiə müsəlmanlar İranla əlaqələrdə ittiham olunaraq həbs ediliblər".

"Saxlanılanların bir çoxu narkotik ittihamı ilə üzləşib. Hökumətin illərdir bu vasitədən müxalifləri, xüsusən də din xadimlərini hədəf almaq üçün istifadə etdiyi bildirilir. Dindarlar hüquq-mühafizə orqanlarını işgəncə, fiziki zorakılıq və cinsi təhdidlərlə etiraflar almaqda ittiham ediblər", - sənəddə habelə yazılırdı.

Azərbaycan rəsmiləri isə bu hesabata, əsasən, tənqidi yanaşmışdılar.

Neft Fondu Britaniyanın hava limanına 50 milyon funt sterlinq yatırıb

Qatvik hava limanı
Qatvik hava limanı

Azərbaycan Dövlət Neft Fondu (ADNF) "BlackRock" beynəlxalq investisiya şirkətinin tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP) ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq (66.8 milyon dollar) investisiya qoyub.

Fonddan bildirilib ki, bu yatırım onun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. "2019-cu ildə "VINCI Airports" Qatvik hava limanının 50.01 faizlik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ADNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir", - məlumatda vurğulanır.

Bir müddət öncə Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında rəyində bildirilirdi ki, bu qurum daşınmaz əmlaka qoyduğu investisiyalardan zərər görüb. Amma ümumi gəlirlərdə artım var. Qurumun 2024-cü il üçün təsdiqlənmiş büdcəsində vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 mlrd. 131.9 mln. manat proqnozlaşdırılıb. 12 aylıq icra göstəricilərinə əsasən, onun vəsaitlərinin idarə edilməsindən 3 mlrd. 409 mln. ABŞ dolları (və ya 6%) gəlir əldə edilib.

Hazırda fondun məcmu aktivlərinin 67 milyard dollar civarında olduğu bildirilir.

ADNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb. Onun yaradıldığı vaxtdan indiyə kimi ümumi gəlirlərinin 210 milyard ABŞ dollarından çox olduğu deyilir.

Fondun hesabatlarında ona daxil olan vəsaitlərdən böyük bir hissəsinin dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşməsinə ayrıldığı açıqlanıb. Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.

Azərbaycan hökuməti institutların maliyyə yükünü atır, yoxsa...

Neft və Qaz İnstitutu
Neft və Qaz İnstitutu

Oktyabrın 7-də Nazirlər Kabineti "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında" qərar verib.

Qərar bu il aprelin 4-də ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Həmin sərəncamda oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən bəzi institutların birləşdirilərək ixtisaslaşmış səkkiz institut yaradılması nəzərdə tutulurdu. Nəticədə Neft və Qaz İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Radiasiya Problemləri İnstitutu və daha bir çox elmi institutun fəaliyyəti dayandırılırdı. Bir sıra qurumlar isə bəzi elmi institutların tabeçiliyinə verilirdi.

Nazirlər Kabinetinin qərarında isə prezidentin həmin sərəncamına uyğun olaraq publik hüquqi şəxslərin yaradılması təmin edilir. Publik hüquqi şəxslər dövlətin, cəmiyyətin ortaq maraqlarını təmin etmək üçün yaradılan, klassik dövlət orqanı, habelə özəl hüquqi şəxs modelindən fərqlənən, özünəməxsus idarəetmə və fəaliyyət prinsiplərinə malik təşkilatlar olmalıdır. Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə və yaxud zərurət olduqda dövlət büdcəsi hesabına maliyyələşə bilər.

Xatırlatma

Hələ prezidentin bu il aprelin 4-də imzaladığı sərəncam cəmiyyətdə birmənalı qarşılanmamışdı. Həmin sərəncamın imzalanmasından dörd gün sonra elm və təhsil naziri Emin Əmrullayev demişdi ki, "Azərbaycanda bəzi elmi qurumların illik büdcəsi 1 milyon manat təşkil etsə də, həmin qurumlar il ərzində cəmi bir elmi məqalə dərc edirlər. Nəticədə ölkə üzrə bir elmi məqalə ortalama 35 min manata başa gəlir".

Tarix elmləri doktoru, professor Cəmil Həsənli isə baş verənləri tənqid edərək bunları vurğulamışdı: "Elmə Ümumi Daxili Məhsulun (ÜDM) 0.2 faizi qədər büdcə ayrılandan sonra institutların birləşdirilməsi və ya ayrılması nəyi isə həll etmir".

Son illər Azərbaycanda bir çox ali məktəblər də publik hüquqi şəxslərə çevrilib. Həmin vaxt ekspertlər bu addımı ölkədə neft hasilatının, "qara qızıl" gəlirlərinin azalması ilə izah etmişdilər.

Uşaqlara birdəfəlik müavinət verilməsində azalma var

Azərbaycanda çoxuşaqlı ailələrin sayı niyə azalır? Sosioloq: Başlıca səbəb sosial-iqtisadi durumdur
Gözlə

No media source currently available

0:00 0:05:44 0:00

Bu ilin yanvar-sentyabr aylarında 73 min 687 nəfər uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Müavinət ödənişləri 34 min 643 qız, 39 min 44 oğlan uşağına görə aparılıb.

Amma 2024-cü ilin eyni dövründə bu rəqəm 79 min 969 olub. Onların da 37 min 444-ü qız, 42 min 525-i oğlan olub.

Bu il iyulun 1-dən uşağın anadan olmasına görə verilən müavinət 500 manatdan 600 manata çatdırılıb.

Son illər Azərbaycanda körpə doğuşunda azalma, selektiv abortda isə artım müşahidə edilir.

Azərbaycan türk dövlətlərinə birgə təlim keçirməyi təklif edir

TDT dövlət başçılarının sammiti
TDT dövlət başçılarının sammiti

"2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm". Bu təkliflə oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşündə prezident İlham Əliyev çıxış edib.

O bu təklifi verərkən üzv ölkələr arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə aldığını bildirib. "Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir", - Azərbaycan prezidenti vurğulayıb.

TDT 2009-cu ildə yaradılıb. Quruma Azərbaycandan başqa Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Habelə təşkilatın üç müşahidəçi üzvü var.

Azərbaycan təşkilata daxil bəzi ölkələrlə bu vaxta qədər hansısa hərbi paradlar keçirsə də, heç vaxt bütün üzv ölkələrin birlikdə ayrıca hərbi təlimləri olmayıb.

Bu il dövlət qurumlarına yüzlərcə kiberhücum olduğu bildirilir

Haker
Haker

Azərbaycanda dövlət qurumlarına 600-dən çox kiberhücumların qarşısı alınıb. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bu gün, oktyabrın 7-də yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, bu ilin üç rübü ərzində onların analizi nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilib: "Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb. Bu kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub".

Xidmət kiberhücumlara məruz qalan dövlət qurumlarının adını açıqlamayıb.

APT kiberhücum nədir?

APT kiberhücumu (Advanced Persistent Threat) dövlət və ya böyük təşkilatları hədəf alan uzunmüddətli, təkmil kiberhücum növü sayılır. Bu hücumları xüsusi qrupların həyata keçirdiyi, məqsədlərinin casusluq, məlumat oğurluğu və ya təxribat olduğu vurğulanır. APT hücumlarının sistemə uzunmüddətli girişi təmin edərək təhlükəsizlik tədbirlərini aşmaq və sistemin işinə davamlı müdaxilə etmək üçün hazırlandığı deyilir.

İlk olaraq 1994-cü ildə Azərbaycan Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində "Rabitə və texniki bölmə" kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirib. 2020-ci ildə isə ayrıca Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb.

Davamı

XS
SM
MD
LG