Keçid linkləri

2025, 27 Avqust, çərşənbə, Bakı vaxtı 15:08

Dünya xəbərləri

AB İranla nüvə sazişini qorumağa çalışacağını deyir

Federica Mogherini (solda) və İranın Xarici işlər naziri Mohammad Javad Zarif, arxiv fotosu
Federica Mogherini (solda) və İranın Xarici işlər naziri Mohammad Javad Zarif, arxiv fotosu

Avropa Birliyi İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin qorunması işini davam etdirəcəyini deyir.

Bunun AB-nin Xarici siyasət rəhbəri Federica Mogherini avqustun 30-da Helsinkidə qurumun xarici işlər nazirləri ilə görüşündə deyib.

“Mənim rolum… mövcud razılaşmaların tam icrasını təmin etməkdir. Əgər bunun üzərində başqa bir şey qurularsa, bu alqışlanar və Avropa Birliyi tərəfindən müşayiət olunar”, – Mogherini jurnalistlərə deyib.

AB rəsmisi bu gün Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə də görüşməlidir.

***

Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin qorunması üzrə danışıqlar aparırlar. Birləşmiş Ştatlar ötən il bu sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa edib.

Avqustun 30-da Finlandiyanın paytaxtı Helsinkidə keçirilən görüşə Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini də qoşulacaq.

Tərəflər Fars körfəzində gəmiçiliyin təhlükəsizliyini də götür-qoy edəcəklər.

Bu üç Avropa ölkəsi, eləcə də Rusiya və Çin nüvə sazişini, İran iqtisadiyyatını ABŞ sanksiyalarından qorumağa çalışırlar.

Son vaxtlar strateji Hörmüz boğazında gərginlik artıb. Səbəb İranın Qərb tankerlərini saxlamağa yönəlik hərəkətləridir. Bundan öncə isə İranın tanker Cəbbərültariqdə saxlanmışdı, bu ayın ortasında buraxıldı.

Bütün xəbərləri izləyin

Gürcüstanda 7 QHT-nin bank hesabına həbs qoyulub

Tbilisidə etiraz aksiyası
Tbilisidə etiraz aksiyası

Tbilisi şəhər Məhkəməsi Baş Prokurorluğun tələbi ilə etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham olunan 7 qeyri-hökumət təşkilatının (QHT) bank hesablarını dondurub. Məhkəmənin qərarı ilə Vətəndaş Cəmiyyəti Fondu, Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED), İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI), Demokratiya Müdafiəçiləri, Gürcüstan Demokratiya Təşəbbüsü (GDI), "Sapari", Sosial Ədalət Mərkəzi QHT-lərinin hesabları bloklanıb.

Baş Prokurorluq bildirib ki, hesabların bloklanması təxribat fəaliyyəti və ya ona cəhd halları, xarici təşkilatın və xarici qurumlara tabe olan təşkilatın fəaliyyətinə kömək göstərilməsi, həmçinin konstitusiya quruluşuna və ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsinin təşkili ittihamları ilə bağlı istintaqla əlaqədardır.

Qeyd olunub ki, sözügedən yeddi təşkilat etirazçılar üçün xüsusi qaz maskaları, qoruyucu eynəklər, maskalar, bibər qazı və digər avadanlıqlar alıb ki, bunlardan nümayişçilər polislə "şiddətli" toqquşmalar zamanı istifadə ediblər.

Bundan əlavə, prokurorluq bildirib ki, bu QHT-lərin rəhbərləri "ictimaiyyəti açıq şəkildə itaətsizliyə və müqavimətə çağırıb, onların təşkilati və maliyyə fəaliyyəti bütünlüklə aksiyalarda zorakılıq hərəkətləri törədən şəxslərin və onların ailə üzvlərinin maddi müdafiəsinə yönəlib".

İddia olunub ki, bu təşkilatlar qayda pozanların yerinə cərimələri və digər müdafiə xərclərini ödəyib.

Ötən ilin noyabrında Gürcüstan hökuməti 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını dayandırdığını elan edib və bu qərar ölkədə genişmiqyaslı etirazlara səbəb olub. Polşa, Almaniya və Fransa dinc nümayişçilərə, media nümayəndələrinə və müxalifət liderlərinə qarşı zorakılığı, həmçinin siyasətçilərə qarşı təhdidləri pisləyib. Bir sıra Qərb ölkələri, o cümlədən Latviya, Litva və Estoniya etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edib.

Qırğızıstanda 20 mindən çox tələbə universitetlərdən xaric edilib

Oş universiteti
Oş universiteti

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) apardığı antikorrupsiya auditindən sonra xaricilər də daxil olmaqla 20 mindən çox tələbənin yerli universitetlərdən xaric edildiyini bildirib.

"Qırğızıstanın ali təhsil sistemində korrupsiyaya qarşı mübarizə üzrə davam edən tədbirlər çərçivəsində Milli Təhlükəsizlik Dövlət Komitəsi ölkənin ali məktəblərində sistemli pozuntu faktlarını müəyyən edib", - "İnterfaks" hökumət qurumunun sitatını dərc edib.

Bildirilib ki, tədris prosesində faktiki iştirak etməyən, lakin tələbə kimi qeydiyyata alınan şəxslər müəyyən edilib. Bu faktlar əsasında Qırğızıstan Cinayət Məcəlləsinin "Vəzifə saxtakarlığı" maddəsi ilə cinayət işi açılıb. Ölkə üzrə 20 mindən çox tələbə xaric edilib.

MTDK bildirib ki, xaric edilənlər arasında Pakistan, Hindistan, Banqladeş, Özbəkistan, Tacikistan və digər ölkələrdən olan tələbələr var. Onların bir çoxu Oş və Bişkekdəki tibb fakültələrində təhsil alıblar.

Hindistan və Pakistandan olan çox sayda tələbələr Qırğızıstanda təhsil alırlar, çünki buradakı təhsil onların öz ölkələrindən xeyli ucuzdur. Amma hələ 2020-ci ildə Pakistan hökuməti Qırğızıstanın bütün tibbi universitetlərini qara siyahıya daxil edib. Pakistanlılara həkim və tibb bacısı ixtisasları üzrə bu universitetlərdə təhsil almaq tövsiyə edilməyib. Pakistan bu qadağanı təhsilin aşağı keyfiyyəti ilə izah edib. İddia olunub ki, Qırğızıstan tibbi universitetlərinin məzunlarının 90 faizi öz vətənlərində sertifikasiya imtahanlarından keçə bilməyib.

2024-cü ildə Qırğızıstanda Hindistan, Pakistan və Banqladeşdən olan tələbələrin yerləşdiyi yataqxanalara hücumlar baş verib. İnsident nəticəsində 29 nəfər xəsarət alıb.

ABŞ-nin Hindistan mallarına 50 faizlik rüsumu qüvvəyə minir

Narendra Modi və Donald Tramp
Narendra Modi və Donald Tramp

ABŞ prezidenti Donald Trampın Hindistandan idxal olunan mallara tətbiq olunan rüsumları 50 faizə qədər artırılması barədə qərar bugündən qüvvəyə minir və strateji tərəfdaşları arasında gərginliyi artırıb.

Hindistanın Rusiya nefti almasına görə tətbiq edilən əlavə 25 faizlik cərimə rüsumu bu ölkədən idxal olunan bir çox məhsullara daha əvvəl tətbiq olunmuş 25 faizlik rüsuma əlavə olunub. Nəticədə geyim, qiymətli daşlar və zinət əşyaları, ayaqqabı, idman ləvazimatları, mebel və kimyəvi maddələr kimi mallar üçün ümumi rüsum 50 faizə qədər yüksəlib.

ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. Keçən il onun ABŞ ilə ticarət profisiti təxminən 46 milyard dollar olub. ABŞ-nin idxal tariflərinin Hindistanın avtomobil, kimya, qida, zərgərlik və tekstil sektorlarına ciddi zərbə vuracağı gözlənilir. Hindistan hökuməti tariflərdən təsirlənən kiçik istehsalçılara güzəştli kreditlər və Hindistan malları üçün yeni bazarlar tapılacağını vəd edib. Baş nazir Narendra Modi bazar ertəsi deyib ki, onun hökuməti kiçik sahibkarların, heyvandarlıqla məşğul olan fermerlərin zərər görməsinə icazə verməyəcək.

Hindistandan idxal olunan mallara əlavə gömrük rüsumunun tətbiqinin rəsmi səbəbi ölkənin 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya nefti idxalını dəfələrlə artırması olub. ABŞ-nin maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Piter Navarro Hindistanı Rusiya nefti alaraq Moskvanın təcavüzünü maliyyələşdirməkdə ittiham ediblər. Müharibədən əvvəl Rusiyanın Hindistanın neft idxalındakı payı cəmi 1 faiz idisə, indi bu göstərici 42 faizə çatıb.

"Bloomberg"in məlumatına görə, Hindistandakı neft emalı zavodları yaxın həftələrdə Rusiyadan neft idxalını bir qədər azaltmağı planlaşdırır.

Ukrayna Baş Qərargahı Dnepropetrovsk vilayətində döyüşlərin getdiyini təsdiqləyib

Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə Rusiya zərbəsi
Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə Rusiya zərbəsi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilk dəfə olaraq Dnepropetrovsk vilayəti ərazisindəki yaşayış məntəqələri uğrunda döyüşlərin getdiyini təsdiqləyib. Bununla yanaşı, qurum "DeepState" monitorinq platformasının Rusiya qüvvələrinin vilayət ərazisində iki kəndi ələ keçirməsinə dair məlumatını təkzib edib.

Baş Qərargahın avqustun 26-da dərc olunan məlumatında bildirilib ki, Ukrayna hərbçiləri Dnepropetrovsk vilayətinin şərqində, Donetsk vilayəti ilə sərhəd yaxınlığında yerləşən Zaporojskoye və Novoqeorqiyevka kəndləri ərazisində döyüşlər aparır. "Ukraynanın müdafiə qüvvələri rus işğalçılarının irəliləməsinin qarşısını alıb və Zaporojskoye kəndinə nəzarəti davam etdirirlər", - məlumatda deyilir. Həmçinin qeyd olunub ki, "Novoqeorqiyevka kəndi ərazisində fəal döyüş əməliyyatları davam edir".

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Dnepropetrovsk vilayəti ərazisində döyüşlər barədə Rusiya və bir sıra Ukrayna mənbələrinin məlumatlarını şərh etməmişdi, baxmayaraq ki, Rusiya diversiya qruplarının regiona sızdığı bildirilmişdi.

"DeepState" layihəsi daha əvvəl yazmışdı ki, Rusiya hərbi qüvvələri artıq bir müddətdir həm Dnepropetrovsk vilayətinin sərhədi boyunca, həm də artıq onun ərazisində hərbi əməliyyatlar aparır.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, Rusiya qoşunları Zaporojskoye və Novoqeorqiyevka da daxil olmaqla, regionda bir neçə yaşayış məntəqəsini ələ keçirib. Söhbət kiçik kəndlərdən gedir. Hazırda cəbhə xəttinin keçdiyi ərazidə, Zaporojye, Donetsk və Dnepropetrovsk vilayətlərinin qovşağında iri yaşayış məntəqələri və ya şəhərlər yoxdur.

Donetskdən fərqli olaraq, Dnepropetrovsk vilayətinin ilhaqı Rusiya hakimiyyəti tərəfindən rəsmən elan edilməyib, yəni Moskva hələ də onu Ukrayna ərazisi hesab edir. Rusiyalı hərbi bloqerlər bir neçə həftə əvvəl Rusiya qüvvələrinin Pokrovskdan cənubda yerləşən rayonların sərhədlərinə çatması barədə məlumat vermişdilər, o vaxtdan bəri "DeepState" xəritələrinə əsasən, Rusiya hərbçiləri bəzi ərazilərdə bir neçə kilometr irəliləyə bilib.

'Reuters': Ukrayna dronlarının hücumlarına görə Rusiyanın neft emalı 17 faiz azalıb

Novoşaxtinsk neft emalı zavodunda yanğının söndürülməsi
Novoşaxtinsk neft emalı zavodunda yanğının söndürülməsi

Ukrayna dronlarının hücumları nəticəsində Rusiya neft emalı gücünün 17 faizini itirmiş ola bilər. Bu barədə "Reuters" agentliyi yazıb. Agentlik bildirir ki, Rusiyanın bir sıra iri neft emalı zavodlarında istehsal tamamilə dayanıb. Bu hücumlar mövsümi tələbatın pik dövründə baş verib.

Dron hücumları səbəbindən Volqoqrad, Novokuybışevsk, Samara, Saratov və Sızran neft emalı zavodları tamamilə fəaliyyətini dayandırıb. Hücuma məruz qalan zavodlar arasında Afipski, Slavyanski və Novoşaxtinski neft emalı zavodları da var.

"Verstka" yazır ki, yanacaq qiymətləri üzrə birja kotirovkaları qışdan bəri artmaqdadır və bu fonda benzinin qiymətini artırmadan satmaq yanacaqdoldurma məntəqələrinə sərf etmir.

"The Moscow Times" qeyd edir ki, benzinlə bağlı problemlər artıq Krım, Transbaykaliya, Primorye və Kuril adalarına təsir edib. Avqustun 25-də neft şirkətlərinin rəhbərliyi baş nazirin müavini Aleksandr Novakla görüşə dəvət olunub. "İnterfaks"ın xəbərinə görə, görüşdə istehsalçıların rezervində olan benzin ehtiyatlarının bazara çıxarılması imkanları müzakirə olunub.

Ərdoğan: 'Zəngəzur sülh layihəsidir'

R.T.Ərdoğan
R.T.Ərdoğan

"Zəngəzur keçidi bütün bölgə üçün bir sülh layihəsidir". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 25-də deyib. Onun sözlərinə görə, layihənin bütün tərkib hissələri ilə gerçəkləşdirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı yeni bir mərhələyə keçirəcək.

Ərdoğan əlavə edib ki, avqustun 22-də təməli qoyulan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmiryol xətti "Zəngəzur dəhlizi"nin onurğa sütunudur.

"Hədəfimiz dəmiryol şəbəkəmizi 2028-ci ildə 17 min 500 kilometrə, 2053-cü ildə isə 28 min 600 kilometrə çatdırmaqdır", – o söyləyib.

Prezidentin dediyinə görə, xətt sayəsində ildə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşınacaq, ümumi dəyəri 2,4 milyard avro olan layihə istifadəyə veriləcək, bununla da Çin-dən İngiltərəyə uzanan beynəlxalq ticarət xətti daha səmərəli hala gələcək. Layihə Xəzər və Aralıq dənizi hövzələrini birləşdirərək Türkiyənin şərqi və cənub-şərqi Anadolu bölgələrinin istehsal gücünə, ixracına və nəqliyyat infrastrukturunun inkişafına töhfə verəcək.

Azərbaycan və Türkiyənin "Zəngəzur dəhlizi" dediyi marşrut Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək xətdir. Ermənistan uzun müddət "dəhliz" termininə qarşı çıxıb, belə bir əlaqəyə "sülh yolu" deyib.

Avqustun 8-də isə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00


Avstraliya İran səfirini ölkədən çıxarır

Kanberrada İran səfirliyi
Kanberrada İran səfirliyi

Avstraliya ötən il Melburn və Sidneydə törədilən antisemit hücumlarda İranı ittiham edərək bu ölkənin səfiri Əhməd Sadiqini "persona non-qrata" elan edib. Səfir və səfirliyin üç əməkdaşına 7 gün ərzində Avstraliyanı tərk etmək barədə xəbərdarlıq edilib.

Avstraliya baş naziri Entoni Albaniz mətbuat konfransında deyib ki, ölkənin kəşfiyyat xidmətləri İranın ən azı iki antisemit hücumu təşkil etdiyi barədə "dərin narahatedici" nəticəyə gəlib.

Baş nazirin sözlərinə görə, 2024-cü ilin oktyabrında Sidneyin Bondi ətrafında yerləşən "Lewis Continental Cafe" adlı yəhudi kafesində baş verən yanğının arxasında Tehran dayanır. O, həmçinin kəşfiyyat məlumatlarına istinad edərək 2024-cü ilin dekabrında Melburndakı İsrail sinaqoqundakı irimiqyaslı yanğının da İran tərəfindən təşkil olunduğunu bildirib: "Bunlar Avstraliya torpağında yad bir ölkə tərəfindən təşkil edilən təhlükəli təcavüz aktlarıdır. Bunlar cəmiyyətimizdə sosial birliyi pozmaq və nifaq salmaq cəhdləri idi. Bu, tamamilə qəbuledilməzdir".

Albaniz əlavə edib ki, onun hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı siyahısına daxil edəcək.

Avstraliya həm də İrandakı səfirini geri çağırıb və səfirliyin Tehrandakı fəaliyyətini dayandırıb.

Avstraliya xarici işlər naziri Penni Vonq bildirib ki, onun ölkəsi İkinci Dünya müharibəsindən bəri ilk dəfədir hər hansı səfiri ölkədən çıxarır.

Vonq deyib ki, Avstraliya Tehranla bəzi diplomatik əlaqələri davam etdirəcək, lakin işçilərinin təhlükəsizliyi üçün İrandakı səfirlik fəaliyyətini dayandırıb. O, həmçinin avstraliyalıları İrana səyahət etməməyə çağırıb.

Rusiya daha bir Avropa konvensiyasından çıxır

İşgəncə
İşgəncə

Rusiya hökuməti prezident Vladimir Putini işgəncələrin qarşısının alınması üzrə Avropa Konvensiyasını denonsasiya etməyə çağırıb. Bu barədə avqustun 25-də hökumət saytında dərc olunan qətnamədə bildirilib.

Baş nazir Mixail Mişustinin imzaladığı qətnamədə Rusiyanın həm konvensiyadan, həm də əlavə protokollardan çıxması istənilir.

Avropa Şurasına üzv dövlətlər 1987-ci ildə işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyasını qəbul ediblər. Rusiya onu Avropa Şurasına qoşulduqdan iki il sonra, 1998-ci ildə ratifikasiya edib.

2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsinə başlayandan sonra Rusiya beynəlxalq təşkilatlardan, konvensiyalardan və proqramlardan çıxmağa başlayıb. Rusiya Avropa Şurasından çıxmaqla yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasına da üzvlüyü dayandırıb və Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrasından imtina edib.

Polşa oktyabrdan Ukrayna üçün 'Starlink' peyk internetinin ödənişini dayandırır

Ukrayna ordusu "Starlink"dən istifadə edir
Ukrayna ordusu "Starlink"dən istifadə edir

Polşanın avqustun əvvəlində vəzifəsinin icrasına başlayan yeni prezidenti Karol Navrotski oktyabrın 1-dən Ukraynaya "Starlink" peyk internetinin maliyyələşdirilməsi üçün yardım ayrılmasını faktiki olaraq dayandırıb. Bu barədə Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski X sosial şəbəkəsindəki paylaşımında bildirib.

Nazirin sözlərinə görə, prezident Navrotski ukraynalı vətəndaşlara yardım haqqında qanuna veto qoyub və həmin qanuna bu təklif də daxil idi.

"Karol Navrotski öz qərarı ilə Ukraynanın internetini kəsir, çünki onun Ukrayna vətəndaşlarına yardım haqqında Qanunla bağlı qərarı de-fakto məhz bunu ifadə edir. Bu, Polşanın müharibədə olan Ukraynaya təqdim etdiyi "Starlink" internetinin sonudur. Bu, həmçinin Ukrayna administrasiyasının məlumatlarının təhlükəsiz yerdə saxlanmasına göstərilən dəstəyin də sona çatmasıdır", –o qeyd edib.

Navrotski avqustun 25-də bildirib ki, o, parlament tərəfindən təsdiqlənmiş və Polşada yaşayan ukraynalı qaçqınların uşaqlarına ödənişlərin uzadılmasını nəzərdə tutan qanun layihəsinə veto qoyub. Polşa prezidentinin saytında dərc olunmuş izaha görə, Navrotskiyə bu ödənişlərin Polşada işləməyən ukraynalılara da verilməsi xoş gəlməyib.

Kiyev "Starlink" peyk internetindən həm cəbhədə hərbi məqsədlər üçün, həm də dövlət sektorunda istifadə edir. Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl bildirmişdi ki, Ukrayna üçün "Starlink" xidmətləri Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən ödənilir və bu, ildə təxminən 50 milyon dollara başa gəlir.

Milli-mühafizəkar PiS partiyasının nümayəndəsi olan prezident Navrotski Ukrayna əleyhinə digər bir neçə təşəbbüs də irəli sürüb. O, Polşada vətəndaşlıq üçün müraciət müddətini üç ildən 10 ilə qədər, üç dəfədən çox artırmağı təklif edib. Ukrayna millətçilərinin OUN-UPA simvolikasını faşist və sovet kommunist simvolikası ilə eyniləşdirən və onu qadağan edən qanun layihəsini irəli sürüb. Bu qanun layihələri, hələlik, rəsmi şəkildə parlamentə təqdim edilməyib.

Tramp Rusiya və Çinlə birlikdə nüvə silahlarını azaltmaq istəyir

Tramp Putinlə Alyaskada çəkilmiş fotosunu tutur.
Tramp Putinlə Alyaskada çəkilmiş fotosunu tutur.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə nüvə tərk-silahı məsələsini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, mövzu Putinin Alyaskaya səfəri zamanı müzakirə olunub, liderlər Çini dialoqa qoşmaq niyyətindədirlər.

"Ən çox nüvə silahı bizdədir", - deyən Tramp "Rusiya ikincidir. Çin isə üçüncüdür. Çin çox geridədir, lakin beş ildən sonra bizə çatacaqlar" – fikrini ifadə edib. O, Putinlə dialoqu "yaxşı" adlandırıb, bildirib ki, Rusiya prezidenti ilə "hər söhbət" yaxşıdır.

Avqustun 14-də Ankoricə getməzdən əvvəl Rusiya prezidenti Təhlükəsizlik Şurasına nüvə silahı məsələlərini Ukrayna üzrə mümkün sazişə daxil edə biləcəyini deyib. Onun sözlərinə görə, Vaşinqtonla gələcək danışıqlar zamanı strateji hücum silahlarına nəzarət sahəsində razılığa gəlmək mümkündür.

ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarət üzrə sonuncu müqavilə - START III 2026-cı ildə başa çatır. Saziş yalnız qismən yerinə yetirilir — Moskva Ukraynanın işğalı başlanandan sonra iştirakını dayandırdığını bildirib. Müqaviləyə əsasən, ayrı-ayrılıqda ABŞ və Rusiya istifadəyə hazır vəziyyətdə 1550-dən çox nüvə başlığı saxlaya bilməz. Daşıyıcıların ümumi sayı 700 ilə məhdudlaşır. Müqavilə digər ölkələrin, o cümlədən Çinin strateji silahlarını əhatə etmir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, bu ilin yanvarına dünyada 12 min 241 nüvə başlığı vardı. Çoxu Rusiya və Birləşmiş Ştatların payına düşür - müvafiq olaraq 4 min 309 və 3 min 700.

SIPRI-nin məlumatına görə, Çinin arsenalında 600 döyüş başlığı var, lakin Pekin öz nüvə potensialını digər nüvə gücləri ilə müqayisədə daha sürətlə artırır. Pentaqon hesab edir ki, 2027-ci ilə qədər Çinin arsenalındakı nüvə başlıqlarının sayı mini keçə bilər.

Adam Kadırova qatılmadığı çempionatda medal verilib

Adam Kadırov
Adam Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırova qatılmadığı taktiki atəş üzrə çempionatda “Çeçen Respublikasının Müdafiəçisi” medalı verilib. Bu haqda Ramzan Kadırov bildirib.

Yarışlarda Rusiya və bir neçə ölkənin xüsusi təyinatlı güc bölmələri iştirak edib. Belarus, Smolensk vilayəti və Rusiya hərbçilərinin işğal etdiyi Xerson vilayətinin komandaları ilk üçlükdə yer alıblar.

Çeçenistan rəhbəri bildirib ki, oğlu Adam döyüşçülərə təbriklərini çatdırıb, onların yüksək hazırlıq səviyyəsini, dözümlülüyünü və peşəkarlığını vurğulayıb, qalib komandalara kubok və medallarını təqdim edib. Onun özünə medalı respublikanın Daxili işlər naziri Aslan İrasxanov verib.

A.Kadırovun medala hansı xidmətlərinə görə layiq görüldüyü açıqlanmayıb. Çeçenistan rəhbərinin sərəncamına əsasən, bu mükafat “hərbi, xidmət və vəzifə borcunu yerinə yetirərkən, Çeçenistan Respublikasının ərazisində vətəndaşların konstitusiya hüquqlarının qorunması zamanı həyati təhlükəli şəraitdə şəxsi cəsarət və şücaətə görə” verilir.

Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi, təhlükəsizlik təminatı şöbəsinin rəisi və atasının köməkçisi, Qəzza sakinlərinə humanitar yardımın təşkili üzrə kurator, həmçinin Ukraynada döyüşən Şeyx Mansur və Bay­sangur Benoyev batalyonlarının, Vladimir Putinin adını daşıyan Rusiya xüsusi təyinatlı universitetinin Qudermesdəki filialının və Çeçenistan DİN-in kuratorudur.

Adam Kadırov “Quran”ın yandırılmasında suçlanan Nikita Jıraveli istintaq təcridxanasında döyəndən sonra ona medalların verilməsinə və yüksək vəzifələrə təyin edilməsinə başlanılıb. 2024-cü ilin fevralında Jıravel dini hisslərin təhqiri ittihamı ilə, noyabrda isə dövlətə xəyanət ittihamı ilə məhkum olunub. V1.RU nəşri yazıb ki, Jıravel ümumilikdə 14 il koloniyada saxlanacaq.

İran ümid edir ki, Rusiya qazının Azərbaycan üzərindən tədarükü tezliklə başlayacaq

Kazem Cəlali
Kazem Cəlali

İran ümid edir ki, yaxın gələcəkdə Rusiya qazının Azərbaycan üzərindən tədarükünə başlamaq mümkün olacaq. Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a müsahibəsində bildirib.

“Ümid edirik ki, bu, yaxın zamanda mümkün olacaq. Hazırda “Qazprom”la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll edilib. Amma qiymət məsələsində ortaq məxrəcə gəlmək lazımdır. Bu məsələ də həll olunsa, iş başlayacaq”, – səfir deyib.

Rusiyanın energetika naziri Sergey Tsivilyov isə daha öncə bildirmişdi ki, 2025-ci ildə mövcud infrastruktur vasitəsilə Azərbaycan üzərindən Rusiya qazının tədarükləri başlayacaq və illik həcmi 1,8 milyard kubmetrədək olacaq.

Avqustun 22-də Rusiya və Azərbaycanın gələcək birgə iş üçün istiqamətləri müəyyənləşdirdiyi açıqlanıb. İki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxanda keçirilən 23-cü iclasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı prioritetdir.

Overçuk vurğulayıb ki, prioritetlər sırasında regionda nəqliyyat əlaqələrinin inkişafı üzrə birgə iş, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə sisteminin gücləndirilməsi, enerji sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı və Xəzər dənizində əməkdaşlıq yer alır.

Kim Çen In Ukraynaya qarşı döyüşən hərbçilərini təltif etdi

KXDR hərbçilərinin mükafatlandırma mərasimi.
KXDR hərbçilərinin mükafatlandırma mərasimi.

Şimali Koreya lideri Kim Çen In Rusiya ordusu sıralarında Ukraynaya qarşı genişmiqyaslı müharibədə iştirak edən əsgərləri mükafatlandırıb. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Agentliyin xəbərində deyilir ki, "şiddətli, ölümcül, qanlı döyüşlərdə bu əsgərlər Koreya Xalq Ordusunun sarsılmaz və görkəmli ideoloji-mənəvi üstünlüyünü və döyüş qabiliyyətini, koreyalıların əyilməz ruhunu bütün dünyaya nümayiş etdiriblər".

Mərasimdə həlak olan Şimali Koreya əsgərlərinin ailə üzvləri də iştirak edib.

Şimali Koreyanın Rusiyaya dəstək məqsədilə öz hərbçilərini göndərməsi barədə 2024-cü ilin oktyabrında məlumat yayılıb. Rusiya bunu 2025-ci ilin aprelində təsdiqləyib.

Şimali Koreya Rusiyanı sursat və raketlərlə təmin etməkdə davam edir. İyunda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Kim Çen In Rusiyanın Kursk bölgəsini minalardan təmizləmək üçün minatəmizləyənlər və inşaatçılar göndərəcək.

Apreldə Cənubi Koreyadan olan deputatlar kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə ümumi itkiləri təxminən 4 min 700 nəfərdir, onlardan da 600-ü həlak olub.

'Reuters': Putin Ukraynaya bəzi tələblərini güzəşt kimi görür

Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının tam çıxarılmasını tələb etmədən Zaporojye və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasının mümkünlüyünü güzəşt kimi qiymətləndirir. Bununla belə, o, digər şərtlərindən imtina etmir. Bu barədə "Reuters" mənbələrə istinadən yazıb.

Hazırda Zaporojye və Xerson vilayətlərinin təxminən 73 faizi, Donetsk vilayətinin isə 88 faizi Rusiyanın nəzarətindədir. Putin Donetsk və Luqansk vilayətlərinin bütövlükdə Rusiyanın nəzarətinə keçməsini tələb edir.

Daha əvvəl Rusiya dörd bölgəyə tam nəzarəti və Xarkov, Sumi, Dnepropetrovsk vilayətlərinin ərazilərinin bir hissəsinin Moskvanın yurisdiksiyasına verilməsini, həmçinin ilhaq edilmiş Krımın Rusiya ərazisi kimi tanınmasında təkid edib.

Moskvanın siyasi tələbləri sırasında Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, NATO-nun şərqə doğru genişlənməsini dayandırılacağı vədi, Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyətlər və Qərb qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinin qadağan edilməsi də daxildir.

Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, ölkə ərazilərinin kiməsə verilməsi konstitusiyaya ziddir.

Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində bildirib ki, Ukrayna hazırkı cəbhə xətti boyunca münaqişəni dondurmağa və bir sıra əraziləri "de-fakto" itirilmiş kimi tanımağa hazırdır, lakin gələcəkdə bu torpaqları diplomatik və iqtisadi yollarla qaytarmağı planlaşdırır.

Podolyak Putinin strategiyasını atəşkəs olmadan uzunmüddətli danışıqlar kimi xarakterizə edib. Onun sözlərinə görə, təcavüzkar tərəfə güzəştlər etmək müharibənin bitməsi ilə nəticələnməyəcək və Avropa Rusiyanın fundamental təhlükə olduğunu başa düşür.

Ukraynalı rəsmi vurğulayıb ki, təhlükəsizliyin təminatı üçün Ukrayna Rusiya ərazisinə çata bilən raketlərə malik olmalıdır.

Donald Trampın danışıqlarda iştirakını şərh edən Podolyak qeyd edib ki, ABŞ prezidenti vəziyyəti aydın başa düşür və mürəkkəb prosesi effektiv şəkildə sürətləndirib.

Tramp: Co Bayden Ukraynaya yalnız müdafiəyə icazə verdi

ABŞ prezidenti Co Bayden Ağ evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşür. 2023
ABŞ prezidenti Co Bayden Ağ evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşür. 2023

ABŞ prezidenti Donald Tramp "True Social" sosial şəbəkəsindəki paylaşımında keçmiş prezident Co Baydenin Kiyevə işğalçı ölkəyə - Rusiyaya hücum etməyə icazə vermədiyini yazıb.

"İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq çox çətin, hətta mümkünsüzdür. Bu, güclü müdafiəsi olan böyük bir idman komandasına hücum etməyə icazə verməməyə bənzəyir. Belə halda qələbə şansı yoxdur! Ukrayna ilə Rusiya məsələsində də vəziyyət eynidir. Olduqca bacarıqsız Co Bayden Ukraynaya cavab hücumu etməyə icazə vermədi, yalnız müdafiə olunmağa şərait yaratdı. Bunun nəticəsi nə oldu? Amma bütün bunlara baxmayaraq, əgər mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi - ŞANS SIFIR. Qarşıda maraqlı dövr bizi gözləyir!!!", - Tramp yazıb.

ABŞ prezidenti hər hansı təfərrüat açıqlamayıb.

Digər bir postunda isə Tramp Alyaskada Vladimir Putinlə görüşündən çəkilmiş fotoların və ABŞ vitse-prezidenti Riçard Niksonun SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşovla 1959-cu ildə Moskvada keçirilən Amerika sərgisindəki görüşünün fotolarının kollajını paylaşıb.

ABŞ prezidenti bu yazıya şərh əlavə etməyib. 1950-ci illərin sonu ABŞ və SSRİ arasında münasibətlərin istiləşməsi dövrü kimi xarakterizə olunur.

Trampın bu postu Rusiya və Ukrayna prezidentləri arasında mümkün danışıqlar barədə xəbərlər fonunda paylaşılıb.

Tramp bazar ertəsi açıqlamasında bildirib ki, o, Putin və Zelenskinin 2021-ci ildən bəri ilk dəfə üzbəüz görüşünü təşkil etməyə çalışacaq. Onun bu açıqlaması Ağ evdə Zelenski, Avropa liderləri və NATO baş katibi ilə görüşündən sonra verilib. Qərb mətbuatının mənbələri Putinin Trampın təklifinə razılıq verdiyini iddia ediblər. Lakin, hələlik, Kreml bunu rəsmi şəkildə təsdiqləməyib. Rusiya XİN rəhbəri Sergey Lavrov isə bildirib ki, prezidentlərin sammiti üçün hazırlıq tələb olunur.

"The Guardian"ın mənbələri bildirib ki, Tramp Zelenski ilə Putinin görüşünü təşkil etmək cəhdlərindən vaz keçib. Onların sözlərinə görə, ABŞ prezidenti qərara gəlib ki, Moskva və Kiyev nümayəndələri birbaşa danışıqları özləri təşkil etməlidirlər.

"Görüşün baş tutub-tutmayacağı isə hələ də qeyri-müəyyən olaraq qalır", - "The Guardian" yazır.

Davamı

XS
SM
MD
LG