Keçid linkləri

2025, 10 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:24

Azərbaycan xəbərləri

Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib

Azərbaycan/Aİ
Azərbaycan/Aİ

Bu gün, sentyabrın 2-də Avropa İttifaqının (Aİ) yeni səfiri Mariyana Kuyunciç Azərbaycana gəlib.

Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Səfir Kuyunciç Xorvatiyanın Siyasi və Təhlükəsizlik Komitəsinin (PSC) nümayəndəsi kimi fəaliyyət göstərib. O, əvvəllər digər vəzifələrlə yanaşı, Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr Müşavirlərinin İşçi Qrupu (RELEX) müşaviri vəzifəsini də icra edib.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin ondan əvvəlki rəhbəri Peter Mixalko olub. O, ötən ay bu ölkədəki dördillik diplomatik xidmətini başa vurub.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edirdi. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxil idi. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalamışdı. Onlardan Moldova və Ukraynaya namizəd statusu da verilib. Gürcüstanla da oxşar yaxınlaşma baş versə də, sonradan bu ölkənin qanunvericiliyinə edilən dəyişikliklər üzündən həmin proses dayanıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında isə tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Belarusla əməkdaşlıq danışıqları isə əvvəldən dayandırılmışdı.

Azərbaycanın bir sıra müxalif qüvvələri hökuməti Aİ ilə danışıqları uzatmaqda günahlandırır.

Əliyev Paşinyan ilə görüşüb

Nikol Paşinyan və İlham Əliyev
Nikol Paşinyan və İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammiti çərçivəsində gerçəkləşib.

AZƏRTAC-ın xəbərinə görə, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər bu iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları gedir. Nəhayət, bu il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.

Məhəmməd Şahbaz Şərif və İlham Əliyev
Məhəmməd Şahbaz Şərif və İlham Əliyev

Çində Azərbaycan və Pakistan liderləri görüşüb

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan prezidenti İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistan Pakistan münaqişəsi zamanı Azərbaycanın onlara göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirib.

Xəbərdə vurğulandığına görə, Əliyev ölkəsinin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. O, bunun ölkəsi üçün heç bir əhəmiyyət daşımadığını əlavə edib.

Prezident Əliyevin bu fikirlərinə Hindistanın Azərbaycandakı səfirliyindən və bu ölkənin başqa rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın Kəşmir məsələsində Pakistanı müdafiə etməsi Hindistanda daim tənqidlərə səbəb olub. Onlar rəsmi Bakını birtərəfli olmaqda günahlandırıblar, hətta Azərbaycana qarşı boykot çağırışları da səslənib.

Ötən əsrin ortalarından başlayaraq Hindistan və Pakistan arasında fasilələrlə gərginliklər var. Xüsusilə Kəşmir məsələsi onlar arasında fikir ayrılıqları yaradıb. Kəşmir vilayətinin qərb hissəsi Pakistanın, qalan daha böyük hissəsi isə Hindistanın tərkibindədir.

Azərbaycan prezidenti avqustun 30-da Çinə işgüzar səfərə gedib. Avqustun 31-dən sentyabrın 1-nə kimi Çinin şimalında, Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir. Azərbaycan ŞƏT-in üzvü olmasa da onunla əməkdaşlıq edir.

Ararat Mirzoyan və Məhəmməd İshaq Dar
Ararat Mirzoyan və Məhəmməd İshaq Dar

Ermənistan və Pakistan diplomatik münasibətlər qurublar

Ermənistan və Pakistanın xarici işlər nazirləri Ararat MirzoyanMəhəmməd İshaq Dar Çində iki ölkənin diplomatik münasibətlər qurmasına dair birgə kommünike imzalayıblar. Bu barədə avqustun 31-də Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kommünikenin imzalanması ilə Ermənistan və Pakistan rəsmi olaraq diplomatik münasibətlər qurmuş sayılırlar.

Ermənistan XİN qeyd edir ki, iki ölkənin hökumətləri BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə sadiqlik olduqlarını bildiriblər. Bu isə suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüzdən çəkinmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayış prinsipləri əsasında mümkün olacaq.

Ermənistan və Pakistan hökumətləri diplomatik münasibətlərin qurulması məqsədilə nümayəndə mübadiləsi aparmaq, bir-birinə zəruri dəstək göstərmək barədə razılığa gəliblər.

Pakistan Azərbaycanın yaxın müttəfiqlərdən və silah tədarükçülərindən biridir. 44 günlük müharibə zamanı Ermənistan Pakistanı Azərbaycanı dəstəkləməkdə ittiham edib. Yerevan Pakistanla Hindistan arasında Kəşmir münaqişəsində rəsmi olaraq Nyu-Dehlini dəstəkləyir. Hindistan həm də Ermənistana silah tədarük edən əsas ölkələrdən biridir.

Prezident 10 ay əvvəl təyin etdiyi icra başçısına şiddətli töhmət verdi

Orxan Hüseynzadə
Orxan Hüseynzadə

Prezident İlham Əliyev 10 ay əvvəl Ağdaş rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin etdiyi Orxan Hüseynzadəyə işində "ciddi" nöqsanlara görə şiddətli töhmət verib.

Prezidentin bununla bağlı bu gün, avqustun 29-da imzaladığı sərəncamda nöqsanların konkret nədən ibarət olduğu göstərilmir.

İcra başçısından sərəncama münasibət almaq mümkün olmayıb.

Şiddətli töhmət alan başçı kimdir...

O.Hüseynzadə 1983-cü ildə Bakıda doğulub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2006-2012-ci illərdə Səhiyyə Nazirliyi, 2012-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında işləyib. 2018-ci ildən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışıb.

O, ötən il noyabrın 1-də Ağdaş rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Azərbaycanda icra başçılarına şiddətli töhmət verilməsi elə də geniş yayılmış hal deyil. İcra başçıları ölkə başçısının mənfi münasibəti ilə üzləşərkən, daha çox işdən çıxarılmaları və həbs edilmələrinə görə diqqət çəkiblər.

Azərbaycanda icra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Onlar mənimsəmə və başqa ağır cinayətlərdə ittiham ediliblər. Məhkəmə prosesləri zamanı onlardan ittihamları qismən qəbul edənlər də olub, tam inkar edənlər də.

Azərbaycanda problemli kreditlər 18 faiz artıb

Azərbaycanda problemli kreditlərin məbləği artır
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

2025-ci il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 529.4 milyon manat təşkil edib.

Mərkəzi Bank (AMB) bildirir ki, bu göstərici bu ilin əvvəli ilə müqayisədə 17.9 faiz və ya 80.3 milyon manat çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 16.7 faiz və ya 75.7 milyon manat artıb.

Bir sıra iqtisadçılar deyir ki, problemli kreditlərin artması sırf bahalaşmadan və əhalinin güzəranının ağırlaşmasından irəli gəlir.

Hökumət rəsmiləri, hələlik, məsələni şərh etməyiblər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyasi ilə izah edilirdi. 2022-ci ildə isə yenidən problemli kreditlərin azaldığı vurğulanırdı.

'Qarabağ'ın rəqibləri bilindi

'Qarabağ' Çempionlar Liqasında. 'Azərbaycanda futbolçu yetişmir'
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

"Qarabağ" klubunun Çempionlar Liqasında rəqibləri bəlli oldu.

UEFA-nın Monakoda yerləşən inzibati binasında təşkil olunan püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya), "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son turun görüşləri 2026-cı il yanvarın 28-də baş tutacaq.

Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.

Final uğrunda ümumilikdə 36 klub mübarizə aparacaq. Səkkiz oyunun nəticələrinə görə 36 klub arasında 1-8 yerləri tutan komandalar növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. 9-24 yerlər arası qərarlaşan klublar isə püşkdən asılı olaraq bir görüşlük oyunlar keçirəcəklər. Qalib səkkiz klub da ilk səkkiz yeri tutan komandalara qatılacaq.

25-36 yerləri tutan klublar isə mübarizəni dayandırmış olacaqlar.

27 avqust

'Qarabağ' 8 il sonra yenə Çempionlar Liqasının qrup mərhələsindədir

"Qarabağ" Azərbaycanın və özünün futbol tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Birinci dəfə Ağdam təmsilçiləri 2017-ci ildə eyni mərhələyə yüksəlmişdi.

2024-2025-ci il mövsümündə futbol üzrə Azərbaycan çempionu "Qarabağ" bu gün, avqustun 27-də pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyundan Azərbaycan çempionu bu dəfə məğlub ayrılıb. Matç 2-3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Bununla belə, bu nəticə də "Qarabağ"a qruplara qalmağa kifayət edib. Bir həftə əvvəl ağdamlılar Macarıstanın "Ferentsvaroş" klubuna səfərdə 1-3 hesabı ilə qalib gəlmişdilər.

Buna qədər təsnifat mərhələlərində "Qarabağ" İrlandiya və Şimali Makedoniya klublarını mübarizədən kənarlaşdırmışdı.

Azərbaycanda gənclərin sayı azalır

Azərbaycan gənci: 11 dəqiqədə izah edirik
Gözlə

No media source currently available

0:00 0:11:05 0:00

Azərbaycan əhalisinin 2.3 milyon nəfərini və ya 22.5 faizini gənclər təşkil edir.

Bu, "Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.

Gənclərin 52.9 faizi şəhərlərdə, 47.1 faizi isə kəndlərdə yaşayır.

"Gənclər siyasəti haqqında" Qanuna görə, Azərbaycanda yaşı 14-dən 29-dək olan şəxslər gənc sayılır. Son 15 ildə, bəzi illər istisna olmaqla, Azərbaycan əhalisinin tərkibində gənclərin faizi azalır.

2010201720182019202020232025
29.6%24.9%24.1%23.3%22.4%22.7%22.5%


2025-ci il iyulun 1-i vəziyyətinə Azərbaycanda 10 milyon 241 min 722 nəfər yaşayıb. Son illər ölkə əhalisində artım davam etsə də, doğuşda artım sürəti azalmaqdadır.

Xərçəngə tutulan gənclərin sayı artıb

"Azərbaycan gəncləri" məcmuəsinə görə, son 15 ildə gənclər arasında qeydiyyata düşən xəstələrin sayı artıb. Xüsusilə bədxassəli şişin aşkarlandığı gənclərin sayında artım var. 2010-cu ildə onların sayı 218, 2023-cü ildə 296, ötən il isə 393-ə çatıb.

Ünvanlı sosial yardım alanlar artıb, amma bir nəfərə düşən məbləğ azalıb

Manat
Manat

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2025-ci il iyulun 1-i 80.3 min aztəminatlı ailənin 353.3 min üzvü ünvanlı sosial yardım (ÜSY) alıb. Onun bir nəfərə düşən orta aylıq məbləği 100.37 manat təşkil edib.

Bu, son bir ildə ÜSY alan ailələrin sayının artması, bir ailə üzvünə düşən məbləğin azalması deməkdir. 2024-ci il iyulun 1-də 61.5 min aztəminatlı ailənin 266.3 min üzvünün ÜSY aldığı açıqlanmışdı. Onun bir nəfərə düşən orta aylıq məbləği 109.6 manat olmuşdu.

ÜSY məbləği ailənin orta aylıq gəlirinin müəyyən edilməsi əsasında hesablanır.

Daha əvvəlki illər...

Azərbaycanda daha əvvəlki illər ÜSY alanların sayında kəskin azalma olmuşdu. DSK-nın məlumatına görə, 2023-cü ilin sonunda 64 min ailə və ya 272 min 300 şəxs ÜSY alıb. 2017-ci il iyulun 1-də isə ölkədə 120.3 min aztəminatlı ailənin 498.4 min üzvünə ÜSY verilmişdi.

Azərbaycanda ÜSY verilməyə başlayanda (2006-cı il) uşaqpulu kəsilmişdi.

​'Sədərək'dəki yanğınla bağlı cinayət işi başlanılıb [Videolar]

Yanan anbar
Yanan anbar

"Sədərək" Ticarət Mərkəzinin icarəyə verdiyi obyektdəki yanğınla bağlı cinayət işi başlanılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Vurğulanıb ki, nazirliyin Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

'Sədərək'dəki yanğın tam söndürülüb

"Sədərək" Ticarət Mərkəzinin icarəyə verdiyi anbarda baş vermiş yanğın avqustun 25-i günün ikinci yarısı tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

+++

Avqustun 24-də səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində başlayan yanğının bir gün sonra məhdudlaşdırıldığı bildirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) vurğulanıb ki, havanın küləkli olması görülən işləri çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) açıqlamaya görə isə, "Sədərək"də yanğınla bağlı təcili tibbi yardım briqadasına ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb. Onların tüstüdən zəhərləndiyi bildirilir.

Jurnalistlərə açıqlamasında FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev bildirib ki, yanğın anbarda baş verib: "Sintetik saxlanma zonası olduğu üçün yanğının söndürülməsində mürəkkəblik yaranıb. Yanğın yerində olan şəxsi heyət və texnikanın sayı yetərincədir. Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub".

Yanğının səbəbi, onun dəqiq miqyası və zərərçəkənlər barədə, hələlik, məlumat verilmir.

Son illər "Sədərək" Ticarət Mərkəzində bir çox yanğınlar baş verib. Buna qədər sonuncu yanğın bu il iyulun 30-da olmuşdu. FHN-nin açıqlamasına görə, onda yanğın o qədər də güclü olmamış, ticarət mərkəzinin ərazisində divar üzlüyü 3 kv.m. sahədə yanmışdı.

Amma ondan əvvəlki bəzi yanğınların daha geniş olduğu (məsələn, 2020-ci ildə yanğının 600-700 kvadratmetr sahəni əhatə etdiyi) açıqlanmışdı. Həmin vaxt sahibkarlar kompensasiya ala bilmədiklərindən də şikayətlənmişdilər. Yanğınlar, əsasən, ehtiyatsızlıq və təhlükəsizlik tədbirlərinə düzgün əməl olunmaması ilə izah edilib.

Əliyev Türkmənistana gedib. Bakı və Aşqabadın ticarəti kəskin azalıb

Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü.
Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü.

Bu gün, avqustun 22-də Azərbaycan prezidenti Türkmənistana səfər edib.

Bu iki ölkənin ticarət əlaqələri son illər kəskin azalıb. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383.7 milyon ABŞ dolları təşkil edib. Bunun 80.2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303.5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 390.2 milyon ABŞ dolları və ya təqribən iki dəfə azdır. Hesabat ilində Türkmənistan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0.81 faizi həcmində olub.

Bakı və Aşqabad arasında ticarət dövriyyəsi bu ildə azalmaqdadır.

DGK-dən bildirildiyinə görə, bu ilin yeddi ayında onların ticarət dövriyyəsi 154 milyon dollar təşkil edib. Bu isə heç ötənilki göstəricilərin yarısı belə etmir.

Üstəlik, bu illər ərzində iki ölkə arasında ticarətdə müsbət saldo (ixracın idxalı üstələməsi) Türkmənistan tərəfində olub.

Münasibətlərin pisləşdiyi deyilsə də, Azərbaycan Rusiyaya hələ də 'çörək verir'

Rusiya və Azərbaycan bayraqları
Rusiya və Azərbaycan bayraqları

Son aylar Azərbaycanla Rusiyanın münasibətlərin pisləşdiyi deyilsə də, iki ölkə arasında ticarət artmaqda davam edir. Azərbaycan Rusiyaya hələ də, iqtisadçıların dili ilə ifadə edilsə, "çörək verir".

Bu ilin 7 ayında Azərbaycanla ticarətdə Rusiya müsbət saldonu artırıb. Beləliklə, Azərbaycan Rusiya üçün "çörək verən ölkə" statusunu bir qədə də möhkəmlədib.

Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 28 milyard 841 milyon dollar təşkil edib. Bunun 15.2 milyard dolları ixracın, 13.6 milyard isə idxalın payına düşür. İxrac 871 milyon dollar azalıb, idxal isə 2.8 milyard dollar artıb. Bir növ, ölkənin özünün xarici ticarətdə müsbət saldosu azalıb.

Rusiyaya gələndə, şimal qonşusu da Azərbaycanla xarici ticarətdə bir xeyli faydalanıb. Bu ilin 7 ayında Azərbaycan Rusiyaya 721.2 milyon dollarlıq mal ixrac edib. Əvəzində həmin ölkədən 2.35 milyard dollarlıq mal alıb. Hərçənd, Rusiyaya ixracda cüzi olaraq artım var. Ötən ilin 7 ayında bu rəqəm 656 milyon dollar təşkil edib. (+65 milyon dollar) Əvəzində bu ölkədən idxalda daha çox artım var. Ötən ilin hesabat dövründə həmin rəqəm 1.92 milyard təşkil edib. Bu isə Rusiyadan idxalın təqribən 432 milyon dollar artdığını göstərir.

Xatırlatma

Son aylar Azərbaycanla Rusiya arasında siyasi baxımdan münasibətlər pisləşib. İki ay öncə, iyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma ardınca da müxtəlif şəhərlərdə Azərbaycan diasporunun təmsilçiləri həbs olunmağa başlayıb və bu prosesin hələ də davam etdiyi vurğulanır.

Başa tərəfdən, Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.

Azərbaycan neftinin ixrac qiyməti düşür

Azərbaycanın neçə illik neft-qaz ehtiyatı qalıb?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

2025-ci ilin birinci yarısında Azərbaycan neftinin bir barelinin orta ixrac qiyməti 73.8 ABŞ dollarına bərabər olub.

Bu barədə Maliyyə Nazirliyinin bu gün, avqustun 19-da yaydığı "2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.

Bu rəqəm büdcədə neftin bir barelinin götürülmüş qiymətindən (70 ABŞ dollar) 5.4 faiz çoxdur. Amma 2025-ci ilin birinci rübündə Azərbaycan neftinin orta ixrac qiyməti 77 dollardan yüksək idi.

Müstəqil iqtisadçılar hesab edirlər ki, neftin qiymətlərində düşüş davam edərsə, bu, Azərbaycan dövlət büdcəsinin icrasında problemlər yarda bilər. Onlar vurğulayırlar ki, Azərbaycan ixracının 90 faizi neft və qazın payına düşür.

İqtisadçıların sözlərinə görə, 2014-cü ildə dünyada neft kəskin ucuzlaşanda Azərbaycan hökuməti iqtisadi şaxələnməni qarşısına məqsəd qoysa da, keçən illər ərzində qeyri-neft sektorunda ciddi uğurlar əldə edilməyib.

Türkiyədə ali təhsil alanların sayı artır, amma onların yalnız 19 faizi...

Misir Mərdanov:"Nazir olduğum dövrdə kənardan müdaxilələr olurdu, amma"
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Hazırda Türkiyədə 45 min nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.

Qurum bildirir ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların (sertifikat, attestat, diplomun) tanınması üzrə TKTA-ya 22 min 578 müraciət daxil olub. Bu müraciətlərin 5 min 327-si (19 faiz) Türkiyənin payına düşür.

Ötən altı ilə münasibətdə Türkiyədə təhsillə bağlı həmin müraciətlərin 5 min 107-si barədə müsbət, 220-dən isə imtina qərarı verilib. "İmtina səbəblərinə nəzər saldıqda Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan "açık öğretim" təhsil forması üzrə kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması... əsas diqqət yetirilməli olan məqamlardır", - məlumatda əlavə edilir.

Qurumun açıqlamasına görə, 2019–2024-cü illər üzrə Türkiyənin ali təhsil müəssisələrinin diplomlarının tanınması üçün edilən müraciətlərin sayında əhəmiyyətli artım müşahidə olunsa da, ümumi 5 min 327 müraciətdən yalnız 19.71 faizi beynəlxalq reytinqlərdə ilk 1000-likdə yer alan universitetlərə aiddir.

Hər il Azərbaycandan Türkiyəyə ali təhsil üçün gedənlərin sayı artır. Dörd-beş il öncə Türkiyədə təhsil alan Azərbaycan gənclərinin sayı 20 mindən bir qədər çox göstərilirdi.

Avtomobil idxalı artıb, istehsalı azalıb

Azərbaycan istehsalı avtomobillər: hökumətin vədləri reallığa çevrilə bilibmi?
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

2025-ci ilin 7 ayında Azərbaycana ümumilikdə 1 milyard 170 milyon 990 min ABŞ dolları dəyərində 63 min 401 ədəd avtomobil idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 23.9 (12 min 222 ədəd), dəyəri isə 24.1 faiz ( 227.1 milyon dollar) artıb.

Amma əvəzində ölkədə avtomobil istehsalı azalıb.

Maşın, avadanlıq, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul aylarında 355.1 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 10.6 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 12.7 faiz azalıb.

Rəsmi məlumata görə, bu ilin 7 ayında 2 min 292 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 232 ədəd az minik avtomobili istehsal olunub.

Bir sıra ekspertlər də hesab edir ki, Azərbaycanda avtomobil istehsalı bir növ görüntü xarakter daşıyır. Onların fikrincə, bu, avtomobil istehsalından çox onun yığılması kimi qiymətləndirilməlidir, çünki onların əksər hissələri xaricdən idxal edilir.

Ekspertlər vurğulayır ki, hökumət daxili bazarı qorumaq adı ilə avtomobillərin gömrük idxal rüsumlarını yüksək tutur.

Maliyyə Nazirliyi: Subsidiyalar artıb, məhsuldarlıq azalıb

'Doyunca su tapa bilmirik' - Ucarda fermerlər susuzluqdan şikayətçidirlər
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi və güzəştlərin tətbiqi üçün 2020-2024-cü illərdə dövlət büdcəsindən 2.2 milyard manatdan artıq vəsait yönəldilib.

Bu barədə Maliyyə Nazirliyinin bu gün, avqustun 18-də yaydığı hesabatda bildirilir.

Vurğulanır ki, son dövrlərdə subsidiyaların məbləği ilə istehsalının həcmi arasında uyğunsuzluqlar aşkar edilib: "Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub. Habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb".

Dövri mətbuatda yer alan iddialara görə də, Azərbaycanda bəzi hallarda əkin işləri kağız üzərində aparılıb. Həmin iddialarda vurğulandığına görə, bəzi məmurların qanunsuz əməlləri nəticəsində subsidiyaların verilməsində pozuntu halları baş verib. Lakin hüquq-mühafizə orqanlarının bununla bağlı ayrıca hesabatı olmayıb.

Xatırlatma

Azərbaycanda yanacağın qiymətlərinin artırılması ilə paralel olaraq 2007-ci ildən aqrar subsidiyaların verilməsinə dair qərar açıqlanıb. Sonradan subsidiyaların həcmində artım baş verib.

Bitkiçilik üzrə subsidiyaların məbləği müxtəlifdir. Onların baza məbləği 200 manat müəyyən edilib. 2024-cü ildə, məsələn, buğdada əkin əmsalı 1.1, əkin subsidiyasının məbləği isə 220 manat götürülüb. 2025-ci ildən etibarən sudan səmərəli istifadənin və ətraf mühitin qorunmasının dəstəkənməsi məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat əlavə əkin subsidiyasının veriləcəyi açıqlanıb.

Təkrar əkinlərə görə əkin subsidiyası 2025-ci ildən etibarən yalnız suvarılan ərazilərdə aparılan əkinlərə şamil edilir.

Azərbaycanda doğumda sürətli azalma davam edir

Doğum evi
Doğum evi

Bu ilin ilk yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 45 min 616 doğulan körpə qeydə alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6.3 faiz azdır.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin (DSK) yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində əksini tapıb.

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9.6-dan 9.0-a düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.7 faiz olub", - məlumatda qeyd olunub.

Ölkədə doğum son 10 ildə kəskin şəkildə azalıb. Doğum nə az, nə çox düz 60 faiz azalıb. 2014-cü ildə Azərbaycanda 170 min 503 uşaq doğulmuşdu.

Bütün bunlarla belə, əhalinin ümumi sayında cüzi də olsa, artım davam etməkdədir. 2025-ci ilin yanvar-iyun aylarında əhalinin sayı 16 min 833 nəfər və ya 0.2 faiz artaraq 2025-ci il iyulun 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatıb.

Yeni doğulan körpələrin sayında oğlanların üstünlük təşkil etməsi isə selektiv abortla izah edilir. Son illər ölkədə abort sayında da ciddi artım var.

Üstəlik, hökumət əhalinin sosial müdafiəsinə aid paketlərin icrasından bəhs etsə də, müstəqil iqtisadçılar deyir ki, əməkhaqqı artımını real inflyasiya artıqlaması ilə yeyir. Bu üzdən yeni doğulan körpələrin sayına sosial amillərin də təsir etdiyi açıqlanıb.

Azərbaycanda 2006-cı ildən uşaqlara verilən aylıq müavinətlər (uşaqpulu) də ləğv edilib.

Davamı

XS
SM
MD
LG