Oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Müxalifət liderləri bu seçkidən hökumətə qarşı etirazları canlandırmaq üçün yararlanmağa çalışırlar. Amma seçkiləri boykot çağırışı onların arasında parçalanma yaradıb.
Ötən il oktyabrın sonunda parlament seçkilərində iddia edilən pozuntular, daha sonra hökumətin Avropa İttifaqına üzv olmaqla bağlı danışıqları dayandırmaq qərarı ölkədə kütləvi etirazlara yol açıb. Bu etirazlar gündəlik davam etsə də, son aylarda onlara qatılanların sayı azalıb. Hökumət bu arada hədəfli həbslər, iri cərimələr, medianın sıxışdırılması siyasəti yürüdüb.
"Gürcüstan uzunmüddətli siyasi böhran içindədir. Amma hakim "Gürcü Arzusu" partiyası öz şərtlərini diktə edir", – bunu AzadlıqRadiosuna "Karneqi Avropa" mərkəzinin aparıcı tədqiqatçısı Tomas de Vaal deyib.
"Repressiya məharətlə aparılır. Bu, Rusiyada gördüyümüz kütləvi repressiya deyil. Hakim partiyanı iqtidarda saxlamaq üçün hədəfli və yetərincə peşəkar şəkildə təzyiq siyasəti gerçəkləşdirilir", – o əlavə edib.
"Daxili və xarici düşmənlər"
Bu fikri bu həftə baş vermiş iki həbs təsdiqləyir.
Sentyabrın 29-da tanınmış fəal Qela Xasaya Tbilisidə daha əvvəl keçirilmiş etiraz aksiyası zamanı bir insidentdə bədənə xəsarət yetirməkdə ittiham olunaraq həbs edilib.
Oktyabrın 1-də isə keçmiş prezident Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" (VMH) partiyasının üzvü Zviad Kuprava kütləvi etirazlara və seçkilərin pozulmasına çağıran video yayandan sonra saxlanılıb.
Saakaşvili hazırda 12 il 6 aylıq həbs cəzası çəkir. Bu həftə ona 3 milyon dollardan çox cərimə də kəsilib. O, bütün ittihamları siyasi motivli sayır.
Bidzina İvanişvili
Bu həftə hakim "Gürcü Arzusu" partiyasının lideri, milyarder Bidzina İvanişvili mövcud siyasi durumla bağlı qətiyyətli bəyanat yayıb. "Bələdiyyə seçkilərində maskalarını çıxarmış daxili və xarici düşmənlər qarşıdurma, çevriliş və öz məqsədlərini gerçəkləşdirməyə yeni fürsət görürlər", –o deyib.
İvanişvili "xarici düşmənlər"in kim olduğunu qeyd etməyib. Son vaxtlar ölkənin Avropa İttifaqı və ABŞ ilə münasibətləri ciddi pisləşib, Tbilisi Moskva ilə yaxınlaşma kursu aparır.
"Hazırda durum gerçəkdən çox pisdir. Ölkə üzüaşağı gedir", – Almaniyanın Şərqi Avropa Araşdırmaları Assosiasiyasından siyasi şərhçi Folker Vayxsel AzadlıqRadiosunun "Exo Kavkaza" saytına deyib.
"Müxalifət birgə yol - seçkilərdə iştirak edib-etməmək, vahid namizəd irəli sürüb-sürməmək barədə razılığa gələ bilmir. Nəticədə parçalanma görürük. Bu, təbii ki, Kremlə sərf edir", – o əlavə edib.
Müxalifətin parçalanması
Bir çox müxalifət partiyaları bələdiyyə seçkilərini boykot qərarı verib. Aİ tərəfdarı olan iki partiya isə buna getməyib: mərkəzçi "Lelo Gürcüstan üçün" və sabiq baş nazir, "Gürcü Arzusu"ndan ayrılaraq hakimiyyətə qarşı çıxan Giorgi Qaxariyanın "Gürcüstan uğrunda" partiyası. Sabotajda ittiham olunan Qaxariya ölkədən çıxıb.
Uzun illər Qafqaz üzrə ekspert olan de Vaalın fikrincə, seçkilərin boykotu müxalifətə ziyan vurub, hakimiyyətə fayda gətirib: "Keçən il Tbilisidə hakim partiya faktiki olaraq səslərin 50 faizindən azını aldı. Müxalifət daha çox səs qazandı. Yəni əgər müxalifət güclü, birləşmiş namizəd irəli sürsəydi, Tbilisi meri seçkilərində qalib gəlmək şansı olardı".
Sizin brauzer HTML5-i dəstəkləmir
'Gürcü arzusu'nun tərəfdarları ilə etirazçılar arasında dava düşüb
Təhlilçi deyir ki, boykot Tbilisi meri seçkilərində qalib gəlmək üçün yetərincə səs toplamağa imkan verməyəcək, "Gürcü Arzusu" isə seçkilərin rəqabətli keçdiyini iddia edə biləcək: "Bu baxımdan, məncə, boykot "Gürcü Arzusu"nun ancaq xeyrinə olub".
Boykot çağırışlarının əsas səbəbi isə seçkilərin gerçəkdən azad və ədalətli keçməyəcəyi sarıdan əndişələrdir. Boykot tərəfdarları ötənilki parlament seçkilərində iddia edilən pozuntuları yada salır, müxalifət qalib gələrsə belə, hakimiyyətin nəticələri saxtalaşdıra biləcəyini deyirlər.
"Vahid Milli Hərəkat" yüz minlərlə insanı küçələrə çağırır, hökumətin devriləcəyinə ümid edir. Amma "Gürcü Arzusu" indiyə qədər etirazların yaratdığı siyasi hərarəti yatızdıra bilib.
"Mövcud rejimin 4 oktyabr etirazlarından qorxduğunu düşünmürəm. Etirazlar keçiriləcək, amma inqilaba səbəb olacağını düşünmürəm. Təbii ki, qan tökülməsə", – Vayxsel belə deyir.
Bələdiyyə seçkiləri yaxınlaşdıqca, ölkədə gərginlik artıb, bəzi toqquşmalar yaşanıb. Sentyabrın 8-də Tbilisi meri Kaxa Kaladzenin seçki qərargahına qarşı etiraz zamanı "Gürcü Arzusu" tərəfdarları etirazçılara butulka, daş atıblar.
Öncəki etirazlarda təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qaz, rezin güllə, bibər qazı istifadə edib, etirazçılar isə fişənglərlə cavab veriblər. Polis fəallar və jurnalistlərə hücum edib. Gürcüstan hakimiyyəti ən ağır zorakılıq hallarını belə araşdırmayıb.
Məqaləni AzadlıqRadiosunun jurnalisti Rey Förlonq radionun gürcü xidməti ilə birlikdə hazırlayıb.