Gürcüstan prezidenti Mixeil Kavelaşvili ABŞ prezidenti Donald Trampa açıq məktubunda "dərin dövlət"dən yazır. Müxalifət və cəmiyyətin bir hissəsi M.Kavelaşvilinin legitimliyini tanımır.
Prezidentin mətbuat xidmətinin sentyabrın 1-də yaydığı məktubda "dərin dövlət"dən (Deep State) söz açılır. "Gürcü Arzusu" hakimiyyəti "dərin dövlət"i Gürcüstanı müharibəyə sürükləməkdə, Qərblə münasibətlərini pozmağa çalışmaqda suçlayır.
M.Kavelaşvili ABŞ-nin hazırkı administrasiyasını Gürcüstana yetərincə diqqət göstərmədiyini vurğulayır. Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlığın bərpasının vacibliyi qeyd olunur. Prezident amerikalı həmkarına xatırladır ki, "strateji tərəfdaşlığı Bayden administrasiyası ləğv edib", bu, Trampın ABŞ prezidenti seçilməsindən bir neçə həftə sonra baş verib. O, bunu "Bayden administrasiyasının bir çox suveren dövlətə qarşı apardığı ədalətsiz, kobud və aqressiv siyasətin bir hissəsi" kimi qiymətləndirir.
Oxşar dəyərlər
Gürcüstan prezidenti Tramp administrasiyasının onun ölkəsinə gərəkən diqqəti göstərmədiyini yazır, bu arada iki hakimiyyətin dəyərlərinin tam üst-üstə düşdüyünü vurğulayır. O qeyd edir ki, Tramp administrasiyasının indi diqqət ayırdığı məsələlər barədə Gürcüstanın hakim komandası illər öncə danışıb.
""Dərin dövlət" USAID, NED və digər bu kimi təşkilatlar vasitəsilə, ənənəvi kobud üsullarla Gürcüstanda yenidən sabitliyi, sülhü pozmağa çalışır. Xoşbəxtlikdən, "Dərin dövlət"ə qarşı mübarizədə Gürcüstan xalqı heç vaxt olmadığı qədər birləşib, vətəndaşlarımız bunu son dörd ildə dəfələrlə sübut ediblər", – məktubda deyilir.
ABŞ hökuməti USAID-in bağlandığını, vergiödəyicilərin puluna qənaət olunduğunu bildirir.
Prezident Kavelaşvili Trampın son aylar Gürcüstanın qonşuları ilə sıx əlaqələr qurduğunu, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurlu töhfə verdiyini, bütün bunların fonunda Gürcüstan barədə heç nə demədiyini vurğulayır.
Məktubun sonunda o, Tramp administrasiyasının Gürcüstana yanaşmasını dəyişəcəyinə ümid edir.
Vaşinqton ötən ilin noyabrında Tbilisi ilə çoxillik strateji tərəfdaşlığı dayandırıb. Bundan öncə "Gürcü Arzusu" 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlük danışıqlarını gündəlikdən çıxarmaq qərarı verib. Buna cavab olaraq ölkədə etiraz aksiyaları başlanıb, güc strukturları etirazları zorakılıqla yatırdıb.
Bu ilin mayında baş nazir İrakli Kobaxidze də D.Trampa açıq məktub yazmışdı. O məktuba cavab gəlməyib. Kobaxidze deyib ki, "susmaq da mühüm cavabdır".