Xülasə
- Paşinyan: "Bizə "satqın" deyə bilərlər"
- Hakim partiya: "Möhür emosional, sentimental simvollardan azad olmalıdır".
- Müxalifət: "Bu, həm məcburi bir addımdır, həm də türkləri razı salmaq üçün atılır".
Noyabrın 1-dən Ermənistan dövlət sərhədi möhürlərindən Ararat dağının (Ağrıdağ) təsviri çıxaracaq. Onun yerinə erməni və ingilis dillərində "Ermənistan" sözləri, keçid məntəqəsinin adı, sərhədin keçildiyi tarix və keçid məntəqəsinin növü (hava, dəmiryol və ya avtomobil) yazılacaq.
Bu barədə Ermənistan hökuməti sentyabrın 11-də qərar çıxarıb.
Ermənistanın milli simvolu sayılan Ararat dağı onun gerbində də təsvir olunub. Ararat dağı Türkiyə ərazisində yerləşir.
Bu dəyişiklik Ermənistan-Türkiyə münasibətlərin normallaşdırılması fonunda gerçəkləşdirilir. Ermənistan-Azərbaycan münaqişəsi və 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin qətllərindən dolayı tərəflərin diplomatik münasibətləri mürəkkəb olub.
"Təhlükəli siqnallar"
AzadlıqRadiosunun erməni xidməti yazır ki, hökumət bu qərarın səbəbləri, əsaslandırması barədə ictimaiyyəti bilgiləndirməyib.
Baş nazir Nikol Paşinyan isə sentyabrın 15-də beynəlxalq təhlükəsizlik konfransında dolayısı ilə deyib ki, qonşuları, bu halda Türkiyəni təsvirlərlə qıcıqlandırmaq olmaz.
Paşinyan deyib ki, qərarlarına görə onları tərifləməyə, hətta "satqın" adlandıra bilərlər. O vurğulayıb ki, vəzifələri qanuni sərhədləri daxilində ölkənin təhlükəsizliyini təkcə hazırda deyil, bir əsr üçün də təmin edəcək qərarlar verməkdir.
Məsələ parlamentdə də qaldırılıb. Hakim "Mülki müqavilə" fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, Ermənistanla bağlı nişanlar qonşulara "təhlükəli siqnallar" göndərməməlidir: "Ermənistan pasportlarında çap olunan möhür Ermənistan Respublikası, dövlətlə bağlı simvolları ifadə etməlidir, emosional, sentimental simvollardan azad olmalıdır. Hər bir hərəkətimiz, istər möhür formasında olsun, istər bəyanat, ya başqa şəkildə Ermənistanın qonşularına təhlükəli mesajlar göndərməməlidir".
Ararat dağının təsviri dövlət gerbindən də yığışdırılacaqmı? Ovannisyan belə müzakirələrin aparılmadığını söyləyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qardaşlaşan türk və erməni şəhərləri: Dəmirəl Türkiyə-Ermənistan sərhədini necə açmışdı?
"Türkiyəni razı salmaq istəyi"
Müxalifət isə hökumətin qərarına etiraz edir, Ararat dağının təsvirinin qonşulara ərazi iddiası olmadığını, erməni xalqının simvolu olduğunu deyir.
Parlamentdəki ən böyük müxalifət fraksiyası olan "Hayastan"ın rəhbəri Seyran Ohanyan bu addımın Türkiyənin təzyiqi altında atıldığını bildirib. Onun sözlərinə görə, hakimiyyət milli kimliyi silməyə çalışır ki, bu da ya xarici təzyiqlə, ya da Türkiyəni razı salmaq istəyi ilə izah oluna bilər.
"Şərəfim var" fraksiyasının rəhbəri isə deyib ki, Türkiyə Ermənistandan sərhəd keçidi möhürlərindən Araratın təsvirini yığışdırmağı tələb etməyib. "Paşinyanın Türkiyəyə və ya Azərbaycana pionercəsinə, açıq güzəştə getməyə hazır olması sonsuz təəccüb doğura bilər. ... Heç kim ondan bunu tələb etməyib, ən azı mən belə düşünürəm. Bu sadəcə "baxın, mən də bunu edə bilərəm" məntiqi ilə atılmış bir addımdır", – Ayk Mamicanyan əlavə edib.
Türkiyə-Ermənistan sərhədi 1993-cü ildən bağlıdır. O vaxt Türkiyə hökuməti bunu Azərbaycan ərazilərinin işğalı ilə izah edib. 2023-cü ildə rəsmi Bakı bütün ölkə ərazisində suverenliyin bərpa edildiyini açıqlayıb.
2022-ci ildən iki ölkənin hava əlaqəsi bərpa olunub, xüsusi nümayəndələr əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparırlar.