Sentyabrın 12-də Türkiyənin Ermənistanla əlaqələrinin tənzimlənməsi üzrə xüsusi elçisi Yerevanda eyni missiyanı icra edən həmkarı ilə görüşüb. Bu, tərəflər arasında 2022-ci ildə danışıqlar başlanandan Yerevanda ilk görüşdür.
Serdar Kılıç Ermənistanın Xarici İşlər Nazirliyində Ruben Rubinyan, daha sonra xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
Tərəflər sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılaşmanın dəqiq icra tarixləri, yaxud yeni bir siyasi razılaşma haqda bilgi verməyiblər.
Rəsmi xəbərdə deyilir ki, onlar ikitərəfli münasibətlərin tam normallaşması prosesini irəlilətmək məqsədilə əvvəlki görüşlər zamanı işlənib hazırlanmış və razılaşdırılmış məsələləri təsdiqləyiblər.
İki il öncə Yerevan və Ankara Ani körpüsünün bərpası üzrə razılığa gəlmişdilər. Bu gün keçirilən danışıqlardan sonra həmin razılaşmaya təhsil komponenti də əlavə olunub. Yaxud ötən ilin yayında xüsusi nümayəndələr Gümrü–Qars dəmir yolu üzrə sərhəd keçidinin texniki şərtlərinin birgə qiymətləndirilməsi barədə razılığa gəlmişdilər. Bugünkü bəyanatda da təxminən eyni fikirlər səsləndirildi.
Bundan başqa, 2026-cı ilin yayından başlayaraq mövcud aviaşirkətlərdən başqa digər şirkətlərin də uçuşlar gerçəkləşdirməsi üçün iş aparılması barədə razılığa gəlinib.
30 ildən artıq diplomatik əlaqələri olmayan Yerevan və Ankara 44 günlük Qarabağ müharibəsindən sonra münasibətlərin tənzimlənməsi üzrə danışıqlara başlayıblar. 2022-ci ilin yanvarından danışıqlar üçüncü ölkələrdə, sonradan Ermənistan–Türkiyə sərhədində keçirilib. Ötən ilin yazında Antalyada Diplomatik Forumda Türkiyənin xüsusi nümayəndəsi növbəti görüşün Yerevanda keçirilməsini təklif edib.
26 avqust
Ərdoğan: 'Zəngəzur sülh layihəsidir'
"Zəngəzur keçidi bütün bölgə üçün bir sülh layihəsidir". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 25-də deyib. Onun sözlərinə görə, layihənin bütün tərkib hissələri ilə gerçəkləşdirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı yeni bir mərhələyə keçirəcək.
Ərdoğan əlavə edib ki, avqustun 22-də təməli qoyulan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmiryol xətti "Zəngəzur dəhlizi"nin onurğa sütunudur.
"Hədəfimiz dəmiryol şəbəkəmizi 2028-ci ildə 17 min 500 kilometrə, 2053-cü ildə isə 28 min 600 kilometrə çatdırmaqdır", – o söyləyib.
Azərbaycan və Türkiyənin "Zəngəzur dəhlizi" dediyi marşrut Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək xətdir. Ermənistan uzun müddət "dəhliz" termininə qarşı çıxıb, belə bir əlaqəyə "sülh yolu" deyib.
Avqustun 8-də isə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.