Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı oktyabrın 1-də öz məhkəməsində necə həbs olunmasından, zərərçəkmiş qismində tanınan şəxslə münasibətlərindən danışıb. Politoloq deyir ki, heç öz uşaqları ilə hədə ilə danışmayan adamdır, onu pula görə kiminsə övladını oğurlamaqda suçlamaq absurddur.
10 aydır həbsdə olan politoloq A.Qasımlı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilir. Oktyabrın 1-dəki məhkəmədə dindirilməzdən öncə işinə baxan hakim Telman Hüseynovla politoloqun vəkili Rövşanə Rəhimova arasında mübahisə yaşanıb. R.Rəhimova daha öncəki iclaslarda A.Qasımlının məhkəmə zalında vəkillərinin yanında əyləşməsinə qərar verilsə də, o, yenə şüşə kabinədə saxlanılır. Vəkil müvəkkilinin oradan çıxarılmasını, yanında əyləşməsini tələb edib. Hakimsə Vəkillər Kollegiyasına şikayət etməklə onu hədələyib.
Ardından A.Qasımlı ifadə verib. Politoloq ona verilən hədə-qorxu ilə tələbetmə ittihamını şər-böhtan adlandıraraq, siyasi motivlərlə həbsdə saxlandığını söyləyib. Zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovla öncədən tanışlığı olduğunu deyən A.Qasımlının sözlərinə görə, onun vasitəsilə "Binance" kriptovalyuta birjasına yatırıb edib və "Bitcoin" alıb.
"Bu adam da o evi yox edib"
Q.Yusifovla aralarındakı narazılığın necə yarandığını məhkəmənin diqqətinə çatdıran politoloqun sözlərinə görə, onun üzündən böyük zərərə düşüb: "Mən demişdim ki, "Bitcoin"u yatırım məqsədiylə alıram. Bu, başqa əmlaka – evə, avtomobilə pul yatırmaq kimidir. Sanki ev almışam, açarı da bu adamdadır. Bu adam da o evi yox edib. Aramızdakı narazılıq bundan yaranıb".
A.Qasımlı deyir ki, qarşı tərəflə aralarındakı pul məsələsi mülki mübahisədir və ağır cinayətlər məhkəməsində baxılmalı heç bir olay olmayıb. Qarşı tərəf də ona borclu olduğunu etiraf edib: "İndi bir halda ki mənə hədə-qorxu ilə tələbetmə ittihamı veriblər, ortaya sübut qoyulmalıdır. Gözləyirdim ki, istintaqda bununla bağlı sübutlar gətirəcək, üzümə şahidlər qoyacaqlar. Heç nə yoxdur, ola da bilməzdi, çünki belə bir hal baş verməyib".
A.Qasımlı Q.Yusifovla aralarındakı pul məsələsinə mülki qaydada Mingəçevir şəhər Məhkəməsində baxıldığını və onun xeyrinə qərar çıxarıldığını xatırladıb. Məhkəmə qərar verib ki, Q.Yusifov pulu ona ödəməlidir. Məhkəmədə qarşı tərəf ona borclu olduğunu etiraf edib: "Bir müddət sonra nə baş verirsə, Daxili İşlər Nazirliyinə məktub yazır, sosial şəbəkələrdə status paylaşır ki, "Azər Qasımlı məni dövlətə, dövlətçiliyə qarşı qaldırırdı, alınmayanda təhdidlə pul tələb etməyə başladı". Bir tərəfdən bunu deyir, o biri tərəfdən də "Bitcoin" məsələsi ilə əlaqədar borclu olduğunu etiraf edir. Bunun özü sübut edir ki, həbsim siyasi siyasi sifarişdir".
Politoloq həbsindən öncə onun ölkədən çıxışına qadağa qoyulduğunu, Almaniyaya getmək istəyərkən hava limanından buraxılmadığını yada salıb. Onun sözlərinə görə, ötən ilin noyabrında artıq bilirdi ki, həbsinə hazırlıq gedir. Dekabrın 7-də oğlunu futbol məşqinə apararkən saxlanılıb.
"Bu cür davranışa nə ehtiyac vardı? Onsuz da hara çağırsalar, gələcəkdim...", - A.Qasımlının sözləridir.
Politoloqun məhkəməsi oktyabrın 8-də davam edəcək.
Xatırlatma
Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Məhkəmədə bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri həqiqətəuyğun deyil: "Onu ittiham aktı yox, özümə qarşı antiittiham adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş sayıram".
Politoloq həbsini siyasi fəaliyyəti və tənqidi fikirləri ilə əlaqələndirir.
Zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov politoloqa borclu olmadığını desə də, Mingəçevir şəhər Məhkəməsinin bu barədə qərarı olub. A.Qasımlının vəkilləri həmin məhkəmədən iclas protokollarıyla görüntülərin alınmasını xahiş edirlər. Vəkillər bildirirlər ki, həmin məhkəmədə Q.Yusifov A.Qasımlıya borclu olduğunu etiraf edib.