Siyasi Menecment İnstitutunun direktoru, 10 aydan çoxdur həbsdə olan politoloq Azər Qasımlının vəkillərinin fikrincə, onun işi üzrə zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifovun istintaqdakı ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. Vəkil Rövşanə Rəhimova sentyabrın 24-də məhkəmədə bununla bağlı vəsatət qaldırıb.
A.Qasımlının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Məhkəmə prosesində bir neçə iclasdır zərərçəkmiş Q.Yusifov dindirilir.
Cinayət işində iddia olunur ki, A.Qasımlı "Binance" kriptovalyuta birjasında gəlirlərinin azalmasında tanışı Q.Yusifovu günahlandırıb, ziyanı ondan tələb edib. Ardınca hədə-qorxu gəlməklə 45 min dollar borclu olması barədə ona etiraf qəbzi imzalatdırıb, oğlunu oğurlatdırmaqla, atasını öldürməklə hədələyib və s.
Sentyabrın 10-da keçirilən ötən məhkəmə iclasında prokuror bildirmişdi ki, Q.Yusifovun istintaqdakı ifadəsi ilə məhkəmədə söylədikləri arasında ziddiyyətlər var. Bu üzdən, onun ifadəsinin açıqlanmasını istəmişdi. Ardından hakim ifadəni elan etmişdi.
Vəkil R.Rəhimova isə deyir ki, dindirmə tam bitməmiş, müdafiə tərəfinin sualları cavablandırılmamış onun ifadəsinin elan olunması qanunazidd idi. Bu üzdən, həmin ifadə artıq sübut kimi qüvvəsini itirir.
Mübahisənin səbəbi
Sentyabrın 24-dəki məhkəmədə vəkil bu vəsatəti qaldıranda müdafiə tərəfi ilə hakim arasında mübahisə yaşanıb. Hakim T.Hüseynov vəsatətin səsləndirilməsinə və müzakirəsinə icazə vermək istəyib. Mübahisə də bundan irəli gəlib.
Ardından Q.Yusifov sualları cavablandırıb. Onun iddiasına görə, A.Qasımlının təhdidləri üzündən Azərbaycandan getməyə məcbur olsa da, hədə-qorxular hələ də bitməyib. İfadələrindən birində deyib ki, Türkiyənin Antalya şəhərində olarkən, telefonla zəng edən şəxslər onu hədələyib. Başqa bir ifadəsində Bakıda olarkən, A.Qasımlının tapşırığıyla mafiya tərəfindən hədələndiyini iddia edib. İstintaqda dindirilən qohumu isə Q.Yusifovun İstanbulda olarkən telefon zəngi vasitəsiylə təhdid edildiyini söyləyib. Vəkillər də aydınlaşdırmağa çalışıblar ki, bunların hansı düzdür və o, konkret harada təhdid edilib? Ancaq bu suala yenə də dəqiq cavab verilməyib.
"Sən deyirsən ki, mənim təhdidlərimə görə ölkədən ayaqyalın qaçmısan. Guya oğlunu oğurlamaqla, atanı öldürməklə hədələmişəm. Amma gedəndən heç iki ay keçməmiş Türkiyədə diskotekadan şəkillərini paylaşmısan. Ailə üzvlərini - oğlunu, atanı burada təhlükə altında qoyub, özün orada əylənirdin?", - politoloq A.Qasımlı ondan soruşub və sosial şəbəkələrdən götürülmüş fotoları da göstərib.
Q.Yusifov suala belə cavablayıb: "Burada nə var ki?! İki aya pul qazanıb, diskotekaya getmişəm...".
Zərərçəkmiş istintaqdakı ifadəsində iddia edib ki, A.Qasımlı onun ailəsini dağıdıb. Təqsirləndirilən politoloq ondan soruşub ki, bu fikri səsləndirməklə nə demək istəyir.
"Tez-tez zəng edirdi, bu da evdə narahatlıq yaradırdı", - zərərçəkmişin cavabı belə olub.
Q.Yusifov Daxili İşlər Nazirliyinə məktubunda göstərib ki, A.Qasımlı onu dövlət və dövlətçilik əleyhinə yönəldib. Bu istiqamətdə istədiyinə nail olmayanda isə pul tələbiylə hədələməyə başlayıb.
Ötən məhkəmə iclasında vəkil də zərərçəkmişə bu haqda yazdıqlarını xatırlatmışdı. Bu dəfə A.Qasımlının özü Q.Yusifovdan yazdıqlarının doğru olub-olmadığını soruşub. Ancaq hakim sualın cavablandırılmasına imkan verməyərək deyib ki, bu, sənədlərin tədqiqi mərhələsində aydınlaşdırılmalı məsələdir.
Politoloq A.Qasımlının məhkəməsi oktyabrın 1-də davam edəcək.
Xatırlatma
Azər Qasımlı ötən il dekabrın 8-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Məhkəmədə bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri həqiqətəuyğun deyil: "Onu ittiham aktı yox, özümə qarşı antiittiham adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş sayıram".
Politoloq həbsini tənqidi fəaliyyəti ilə əlaqələndirir və həbsindən öncə ölkədən çıxışının yasaqlandığına da diqqət çəkir.
Zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov politoloqa borclu olmadığını desə də, Mingəçevir şəhər Məhkəməsinin bu barədə qərarı olub. A.Qasımlının vəkilləri həmin məhkəmədən iclas protokollarıyla görüntülərin alınmasını xahiş edirlər. Vəkillər bildirir ki, həmin məhkəmədə Q.Yusifov A.Qasımlıya borclu olduğunu etiraf edib.