HƏMAS Qəzzada hakimiyyəti təhvil verməyə razılaşdı

HƏMAS

HƏMAS hərəkatı bütün israilli girovları azad etməyə və Qəzza zolağına nəzarəti Fələstin komitəsinə verməyə hazır olduğunu açıqlayıb: "HƏMAS Qəzza zolağının idarəçiliyini milli Fələstin konsensusu əsasında müstəqil texnokratlardan ibarət Fələstin komitəsinə verməyə razıdır".

Bundan əvvəl "The Economist" jurnalı Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin Qəzza zolağında keçid administrasiyasına rəhbərlik edə biləcəyini yazıb.

Fələstin hərəkatının bəyanatında deyilir ki, Trampın Qəzza zolağının gələcəyi və Fələstin xalqının hüquqları ilə bağlı təklifləri beynəlxalq qanunlara, qətnamələrə əsaslanan milli mövqe ilə əlaqələndirilməlidir. Vurğulanır ki, bu məsələlər HƏMAS-ın iştirakı ilə hərtərəfli Fələstin milli mexanizmi çərçivəsində müzakirə olunmalıdır.

Son açıqlama hərəkatın Qəzza zolağından tamamilə çıxmasını tələb edən ABŞ prezidentinin planına birbaşa ziddir.

Sentyabrın sonunda Tramp İsrail və HƏMAS arasındakı münaqişənin həlli üçün 20 bəndlik plan təqdim edib. Ağ ev rəhbəri hədələyirdi ki, Vaşinqton vaxtı ilə oktyabrın 5-i axşama qədər HƏMAS ilə razılaşma əldə olunmasa, "cəhənnəm qopacaq".

Sizin brauzer HTML5-i dəstəkləmir

Trampın Qəzza planı: İsrail dəstəkləyir, HƏMAS susur

29 sentyabr

Netanyahu Trampın Qəzza planına dəstək bildirib

ABŞ prezidenti Donald Tramp sentyabrın 29-da Ağ evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib. Bu, yanvarda Trampın vəzifəyə başlamasından sonra İsrail baş nazirinin Vaşinqtona dördüncü səfəridir. Görüşdə Qəzza zolağında müharibəyə son qoyulması və Fələstin silahlı qruplarının hələ də saxladığı girovların buraxılması ilə bağlı Birləşmiş Ştatların son təşəbbüsü müzakirə edilib.

Ağ evin girişində Netanyahunu salamlayarkən müxbirin sualını cavablandıran Tramp tezliklə sülhün bərqərarına "çox əmin" olduğunu deyib.

ABŞ-nin sülh planı

Bundan əvvəl Vaşinqton bir neçə aparıcı ərəb və islam ölkəsinə 20 bəndlik plan təqdim edib.

Ağ ev bazar ertəsi Qəzzada sülh planını dərc edib.

Plan bütün girovların dərhal azad edilməsi şərti ilə Qəzzada atəşkəsi nəzərdə tutur. Bunun ardınca İsrail qoşunları Qəzzadan tədricən çıxarılmalıdır. Sənəddə deyilir ki, İsrail Qəzza zolağını ilhaq və ya işğal etməyəcək.

Ərazinin idarəsi fələstinlilərdən və beynəlxalq ekspertlərdən ibarət texnokratik kabinetə keçməlidir, ABŞ, İsrail və Avropa İttifaqında terror qruplaşması kimi tanınan HƏMAS siyasi prosesdə iştirakdan kənarlaşdırılacaq. Qəzzanı tərk etmək istəyən HƏMAS üzvlərinə icazə veriləcək. Razılaşma çərçivəsində qəzzalıların köçürülməsi planlaşdırılmır.

Plan həmçinin D.Trampın başçılığı ilə beynəlxalq keçid orqanının yaradılmasını nəzərdə tutur. Bu qurum Qəzzanın inkişafı və yenidən qurulmasına cavabdeh olacaq. Zolağın özü "terrordan azad deradikallaşdırılmış zona" olmalıdır, orada nizam-intizamı isə beynəlxalq sabitləşdirici qüvvələr təmin etməlidir. Sənəddə deyilir ki, Qəzzanın yenidən qurulması və Fələstin Muxtariyyətində aparılan islahatlar uğurlu olarsa, Fələstin dövlətçiliyinə yol açıla bilər. ABŞ fələstinlilərlə İsrail arasında dialoqa kömək edəcək.

Görüşdən sonra açıqlamalar

Netanyahu ilə görüşdən sonra birgə mətbuat konfransında D.Tramp İsrail baş nazirinin ABŞ-nin təklif etdiyi planı dəstəklədiyini açıqlayıb.

Prezidentin sözlərinə görə, HƏMAS-ın da buna razılaşacağına dair müsbət siqnallar var: "Əks halda, HƏMAS tamamilə məhv olana qədər İsraili dəstəkləyəcəyik".

İsrailin baş naziri Trampın planı ilə razılaşdığını təsdiqləyib. "Bütün girovlar qaytarılarsa, biz kiçik bir geri çəkilməyə hazırıq. Növbəti addım HƏMAS-ın tamamilə tərksilah edilməsidir", - Netanyahu bildirib. O, həmçinin vurğulayıb ki, HƏMAS bundan imtina edərsə, İsrail "işi özü bitirəcək".

HƏMAS-ın reaksiyası

HƏMAS nümayəndələri ABŞ-nin təklifindən xəbərdar olduqlarını, lakin, hələlik, sənədin rəsmi mətnini almadıqlarını bildiriblər. Qruplaşma müharibənin dayandırılmasına yönəlmiş istənilən təşəbbüsləri nəzərdən keçirməyə hazır olduğunu bəyan edib.

Ötən həftə BMT Baş Assambleyasında Fransa, Böyük Britaniya və Kanada da daxil, bir sıra ölkələr müstəqil Fələstin Dövlətini tanıdığını elan edib. ABŞ bu addımı dəstəkləməyib.

  • İsrailin "12-ci kanal"ının müxbirinin verdiyi məlumata görə, Netanyahu Ağ evdən Qətərin baş nazirinə zəng edərək sentyabrın 9-da paytaxt Dohaya HƏMAS-ın yüksəkrütbəli üzvlərini hədəfə alan hücuma görə üzr istəyib. HƏMAS onların sağ qaldıqlarını iddia edir, İsrail bunu dolayısı ilə etiraf edir. İsrailin hərəkətləri Qətər və bir sıra digər ölkələrdə qəzəb doğurub.

Xatırlatma

2023-cü il oktyabrın 7-də ABŞ və Aİ-nin terrorçu təşkilat saydığı HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.

Son bilgilərə görə, Qəzzada 48 israilli girov qalıb, onlardan təxminən 20-si sağdır.

Tarixçə

Bir vaxtlar Britaniya mandatı altında olan Fələstin ərazisində yəhudi (İsrail) və ərəb (Fələstin) dövlətlərinin yaradılması BMT qətnamələrində də nəzərdə tutulub. İsrail 1948-ci ildə müstəqilliyini elan edib, 1967-ci ildən sonra İordan çayının Qərb sahilini və Qəzza zolağını nəzarətə götürüb. Bundan sonra qurulan Fələstin Milli Administrasiyası yalnız Qərb sahilinin bir hissəsini idarə edir. Qəzza zolağında isə 2007-ci ildən HƏMAS qruplaşması hakimiyyətdədir.