ABŞ gömrük-sərhəd xidmətinin təmsilçiləri Ermənistandadır. Bu haqda ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Qrup sentyabrın 29-dan oktyabrın 11-dək Ermənistan sərhəd qoşunları ilə birlikdə imkanları qiymətləndirəcək, təkmilləşdirmə sahələrini müəyyən etməyə çalışacaq.
Səfirlik bildirir ki, CGAP adlanan bu metodologiya ehtiyacları dəqiqləşdirməklə sərhəd təhlükəsizliyini möhkəmləndirməyə, strateji investisiyaları yönəltməyə kömək edir.
Bu səfər avqustun 8-də Ağ evdə prezident Donald Tramp və Ermənistan baş nazir Nikol Paşinyanın imzaladığı memorandumun gerçəkləşdirilməsi yolunda ilk addımdır, - səfirlik bildirir.
12 sentyabr
ABŞ 'Tramp yolu' üçün Ermənistana ilk tranş olaraq 145 milyon dollar ayırmağı planlaşdırır
Birləşmiş Ştatlar Ermənistan ərazisindən tranzit yolunun gerçəkləşməsi üçün 145 milyon dollar ayırmağı planlaşdırır. Bunun Dövlət Departamentinin aparıcı rəsmisi sentyabrın 11-də Yerevana səfəri zamanı deyib.
Söhbət Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın Sünik vilayətindən keçməklə birləşdirəcək marşrutdan gedir. Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladığı sənədlərdə "Tramp yolu"nun (TRIPP) çəkilməsi nəzərdə tutulub.
Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosundan Brendan Hanrahan Ermənistanın baş naziri Mher Qriqoryanla danışıqlar aparıb.
"Yerevanda böyük məmnuniyyətlə elan edirəm ki, Konqreslə işləyərək Ermənistana 145 milyon dollar yardım ayırmağı planlaşdırırıq. Bu, TRIPP-i reallığa çevirmək yolunda ilk böyük addımdır", – Hanrahan danışıqlardan sonra X postunda yazıb.
ABŞ səfirliyi ikigünlük səfərin Birləşmiş Ştatların və Ermənistanın regionda sülh və sabitliyi irəli aparmağa birgə öhdəliyini göstərdiyini vurğulayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
Müxalifət detalları tələb edir
TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir. "Tramp yolu"nun detalları indilik qeyri-müəyyən olaraq qalır. ABŞ prezidenti bu layihədə Amerikanın 99 il ərzində iştirakından danışmışdı. Amma Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri sonradan 99 illik icarə üzrə razılaşmanın mövcud olmadığını bildiriblər. Paşinyan Vaşinqtonda əldə olunmuş razılaşmaların müzakirələrinə sentyabrda ABŞ və Azərbaycan ilə başlanacağını demişdi.
Ermənistanın baş naziri sentyabrın 10-da bir daha vurğulayıb ki, Vaşinqtonda imzaladığı sənədlər Sünik üzərində Ermənistan suverenliyini qoruyur. O, həmin marşrut boyunca Ermənistan sərhədçilər və gömrük əməkdaşları ilə azərbaycanlı səyahətçilərin fiziki təmasını önləmək üçün müasir texnologiyalardan istifadə olunacağını qeyd edib.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, müxalifət deputatları hökuməti Bakı və Vaşinqtonla əldə olunmuş "dəhliz razılaşması"nın detallarını bilərəkdən gizlətməkdə suçlayır. Onlardan biri Artur Xaçatryan Paşinyanın bu açıqlamasının onların iddialarını bir daha sübut etdiyini söyləyib: "Maneəsiz ünsiyyət o deməkdir ki, istənilən yol, istənilən keçid açıqdır. Amma mən sərhədi keçəndə oradakı sərhədçi məni geri qaytara bilər. Sual da məhz budur: biz azərbaycanlıları dayandıra bilərikmi? Bu suala cavab vermirlər, çünki detallara getsələr, belə reaksiya alacaqlar: "Bir dəqiqə, siz bizə tamam başqa şey demişdiniz"".
Alen Simonyan
Simonyan: "Yaralarımız təzədir"
Sentyabrın 11-də parlamentin spikeri Alen Simonyan isə Azərbaycan prezidenti İlham Əliyevin sözügedən marşrutun Ermənistanın sərhəd yoxlamalarından azad olunması tələblərini əsaslandırıb. "Həm bizim, həm də onların yaraları hələ təzədir. Biz də adam öldürmədikmi? Azərbaycan tərəfdən də ölənlər olmayıbmı? Məsələ sərhəddə üzbəüz təmasdadır... Münasibətlərin və etimadın yenidən qurulması kimi həssas dövrdə məqsəd həmin təması minimuma endirməkdir", – Simonyan jurnalistlərə deyib.
Ermənistanın Azərbaycan ərazisindən tranzit üçün eyni proseduru niyə tələb etməməsi barədə suala Simonyan belə cavab verib: "Çünki Azərbaycanın da yaraları böyükdür. Azərbaycan hesab edir ki... Ermənistan 30 il ərzində onların ölkəsinin 20 faizini işğal altında saxlayıb və hətta soyqırımı haqda bəyanatlar verir. Onlar belə düşünürlər və görünür, Azərbaycan üçün hər hansı mümkün gələcək təhlükəni önləmək çox vacibdir".
Əliyev iyulun sonunda demişdi ki, Ermənistanın Sünik vilayətindən keçən Azərbaycan yükü və Azərbaycan vətəndaşları Ermənistan sərhədçilərinin üzünü görməməlidir. O zaman baş nazir Nikol Paşinyanın sözçüsü bu tələbi "Ermənistana qarşı gizli ərazi iddiası" kimi rədd etmişdi.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılırdı.