Gənclər arasında xərçəngə yeni yoluxma hallarının sayı artmaqdadır, bu da xəstələrin və həkimlərin bunun səbəbləri ilə bağlı narahatlığını artırır. Yeni bir araşdırma göstərir ki, erkən xərçəng hallarının artması, əsasən, təkmilləşdirilmiş və daha müntəzəm müayinələrlə bağlıdır, gənclər arasında ölüm göstəriciləri isə dəyişməz qalıb.
Amerika Tibb Assosiasiyasının "JAMA Internal Medicine" dərgisində çıxmış araşdırmada son 30 ildə yeni diaqnozların sayı yaşı 50-dən aşağı olan şəxslərdə xərçəngdən ölüm halları ilə müqayisə olunub.
Səkkiz xərçəng növündən yalnız ikisi– kolorektal xərçəng (yoğun və düz bağırsaq xərçəngi) və endometrial xərçəng (uşaqlıq daxili qişası xərçəngi) üzrə ölüm hallarının artdığı üzə çıxıb. Süd vəzi və böyrək xərçənglərinin aşkarlanma halları artsa da, son illər bütün yaş qrupları üzrə ölüm səviyyəsi düşüb.
Araşdırmada deyilir ki, rentgen texnologiyasında irəliləyişlər, bunun daha gənc yaşlarda tövsiyə olunması şişlərin ən erkən mərhələlərində aşkarlanmasına imkan verir.
Tədqiqatın həmmüəllifi olan doktor Qilbert Uelç bildirib ki, həkimlər xərçəngi nə qədər çox axtarsalar, bir o qədər çox tapırlar: "Əslində xərçəng halları artmayıb. Elə həmişə orada olanları aşkarlayırıq, xüsusilə də qalxanabənzər vəz və böyrək kimi orqanlarda".
Ötən ildən ABŞdə süd vəzi yoxlamaları üçün yaş həddi tövsiyəsi 50-dən 40-a salınıb.
45-49 yaşlarında yoğun və düz bağırsaq xərçəngindən ölənlərin sayı artıb. Amma bu xəstəlik üzrə yoxlanışdan keçmək üçün tövsiyə olunan yaş da 50-dən 45-ə salınıb.
Başqa səbəblər də var – piylənmə, alkoqol, çirklənmə
"The Independent" həkimlərin gənclərdə xərçəngin artmasına başqa səbəblər göstərdiyini yazır. Bəzi onkoloqlar son onillərin tendensiyasında genetikanı çıxdaş edirlər, çünki genom onillər ərzində sürətlə dəyişmir.
Əvvəlki araşdırmalar gənclər arasında xərçəngin artmasını köklük, alkoqoldan istifadə, mikroplastik çirklənmə ilə əlaqələndirib. Bütün bunlar bağırsaq bakteriyalarına təsir göstərir, zərərli iltihablaşma mənbəyinə çevrilə bilər.
Vaşinqton Universitetindən cərrahiyyə üzrə dosent İn Tsao "The New York Times"a deyib ki, piylənmə, spirtli içkilərin qəbulu və pis qidalanma ilə erkən yaşda xərçəngin yaranması arasında əlaqəni göstərən güclü sübutlar yetərincədir.
Qadınlar isə 20 il öncəyə baxanda daha çox içirlər. Piylənmə, çirklənmə səviyyəsi də yüksəkdir. Amerikalıların 40 faizə yaxınının çəkisi normadan çoxdur, mikroplastika isə hər yerdə var – havada da, suda da, insan orqanlarında da.
Bu il ABŞ-də xərçəngə 2 milyondan çox yoluxma halı, 618 mindən çox ölümün qeydə alınacağı gözlənilir.