Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 16:10

'Volın' qırğınından 80 il keçib. Ukraynalılar Polşada axtarış aparırlar


Ukraynalı tədqiqatçılar Polşanın cənub-şərqindəki Karpat dağlarında ehtimal olunan kütləvi məzarlığa avadanlıq daşıyırlar.
Ukraynalı tədqiqatçılar Polşanın cənub-şərqindəki Karpat dağlarında ehtimal olunan kütləvi məzarlığa avadanlıq daşıyırlar.

Sentyabrın 30-u səhər yağışının altında bir qrup ukraynalı tədqiqatçı Polşanın cənub-şərqindəki meşədə qazıntı işlərinə başlayıb. Onlar Ukrayna Üsyan Ordusunun (UPA) 18 döyüşçüsünün qalıqlarını tapmağa çalışırlar.

Ukraynanın Dolya Memorial Mərkəzinin rəhbəri Svyatoslav Şeremeta AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, onlara 1947-ci il martın 4-də burada döyüş baş verdiyi deyilib. Söhbət Ukrayna sərhədindən təxminən dörd kilometr məsafədə yerləşən Yureçkova kəndindən gedir.

"Yerli sakin deyir ki, Polşa ordusunun əsgərləri öldürülmüş UPA döyüşçülərini buraya gətirib", – Şeremeta əlavə edib.

Ukrayna xidmətinin jurnalisti Qalina Tereşuk yazır ki, meyitlər tapılsa, qalıqlar ekshumasiya ediləcək, kimliklərini müəyyənləşdirməyə çalışacaq, sonra ayrı-ayrılıqda dəfn edəcəklər.

Ekspedisiya Varşavanın "Volın qırğını", Kiyevin isə "Volın faciəsi" adlandırdığı hadisələrin qurbanlarını tapmağı hədəfləyir. Tərəflər həssas diplomatik razılaşma əldə ediblər, bir-birinin ərazisində seçilmiş yerlərdə axtarış aparırlar.

1940-cı illərdə ukraynalı millətçilər, əsasən, etnik polyaklardan ibarət on minlərlə insanı öldürüblər. Onlar müstəqil, etnik baxımdan homogen ölkə yaratmaq istəyirdilər. Qisasçılıqla minlərlə ukraynalı, o cümlədən mülki şəxslər də qətlə yetirilib. Qırğınlar, əsasən, bugünkü Polşa, Ukrayna və Belarusun kəsişdiyi ərazilərdə baş verib.

Bu qırğınlar qonşu ölkələrin münasibətlərinə uzun müddət kölgə salıb. Varşava dəfələrlə qərbi Ukrayna ərazilərində öldürülmüş həmvətənlərinin qalıqlarını axtarmasına icazə istəyib. 2016-cı ildə Polşa iyulun 11-ni "İkinci Polşa Respublikasının vətəndaşlarına qarşı ukraynalı millətçilərin törətdiyi soyqırımı qurbanlarının Milli Anım Günü" elan edib.

Ukrayna 1940-cı illərdəki zorakılığı soyqırımı adlandırmağın əleyhinə olub, polşalı tədqiqatçıların qurbanları axtarmaq tələblərini rədd edib.

Rusiya işğala başlayandan Kiyev yumşalıb

Rusiyanın 2022-ci il başlatdığı işğal kontekstində, Qərbin silahlarına ehtiyac artdığı bir vaxtda Kiyev bu məsələdə getdikcə yumşaq mövqe tutmağa başlayıb.

2024-cü ilin oktyabrında Polşa xarici işlər naziri Radoslav Sikorski ekshumasiyalar məsələsi ilə bağlı suala cavab verərkən bildirib ki, "insanların xristian kimi dəfn olunmaq haqqı var".

Bir ay sonra Kiyev ekshumasiyalara heç bir maneə olmadığını açıqlayıb. Polşadan briqadalar az sonra Ukraynada işə başlayıblar.

2025-ci ilin mayında onlar qərbi Ukraynada qadınlar və uşaqlar da daxil, çoxsaylı mülki şəxslərin qalıqlarını aşkarlayıblar. Ukrayna ərazisində ümumilikdə 13 qazma işləri planlaşdırır. Polşada isə dörd belə əməliyyat aparılacaq. Şeremetanın yağışlı havada çətinliklə keçən ekspedisiyası onlardan biridir.

Sentyabrın 30-da aparılan qazıntı nəticəsində ukraynalılara aid heç bir qalıq aşkarlanmayıb. İşlər davam edib. Axtarışı çətinləşdirən həm də 1947-ci il hadisələrini dəqiq göstərə biləcək şahidin qalmamasıdır.

XS
SM
MD
LG