Avqustun 26-da Vatslav Havel İnsan Haqları Mükafatının seçim komitəsi 2025-ci il mükafatı üçün qısa siyahıya düşən namizədlərin adlarını açıqlayıb.
"AbzasMedia" korrupsiya araşdırmaları nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli üç namizəddən biridir.
Vatslav Havel Mükafatının Avropada və onun hüdudlarından kənarda insan haqlarının müdafiəsi sahəsində müstəsna vətəndaş cəmiyyəti fəaliyyətinə görə verilir.
Digər iki namizəd gürcüstanlı jurnalist, "Batumelebi" və "Netqazeti" müstəqil nəşrlərinin həmtəsisçisi Mzia Amağlobeli və ukraynalı jurnalist Maksim Butkeviçdir.
Avropa Şurasının yaydığı press-relizdə deyilir ki, Ü.Həsənli 2016-cı ildən "AbzasMedia"nın direktorudur. O, 2011-ci ildən hökumətin davamlı təqiblərinə məruz qalıb, buraya əsassız həbslər, işgəncələr və siyasi motivli ittihamlar daxildir: "Hazırda uzaq bölgədə ağır şəraitli bir həbsxanada saxlanılır. O, həbsdə aclıq aksiyaları keçirib, cərimə kamerasına salınıb. Amma qətiyyət, mətbuat azadlığına sadiqlik göstərməkdədir".
Vatslav Mükafatının qalibi sentyabrın 29-da AŞPA-nın payız sessiyasında açıqlanacaq. 2014-cü ildə bu mükafata azərbaycanlı hüquq müdafiəçisi, hazırda həbsdə olan Anar Məmmədli layiq görülüb.
Mükafat 60 min avrodan, kubok və diplomdan ibarətdir.
M.Amağlobelinin siyasi motivlərlə həbs olunduğu, Gürcüstanda etirazlarda pis rəftarı ifşa edəndən sonra özünün sərt münasibətlə üzləşdiyi bildirilir.
M.Butkeviç isə jurnalist, insan haqları fəalıdır. Moskva Ukraynaya qarşı müharibəyə başlayandan sonra Rusiya qüvvələri onu ələ keçirib, 13 il həbsə məhkum edib. O, 2024-cü ilin oktyabrında məhbus mübadiləsi ilə azad edilib.
Xatırlatma
Ülvi Həsənli "AbzasMedia"dan digər həmkarları ilə birlikdə qaçaqmalçılıq, vergidən yayınma və digər ittihamlarla həbsdədir. Ona, nəşrin baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadəyə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovaya 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalova isə 7 il 6 ay həbs cəzası kəsilib. Jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.