Keçid linkləri

2025, 18 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:24

Tramp deyir ki, Zelenski münaqişənin bitməsi üçün razılaşmaya getməli olacaq


Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp deyir ki, Ukrayna prezidenti Volodimir Zelenski Moskva ilə Kiyev arasında münaqişənin bitməsindən ötrü razılaşma imzalamalı olacaq. Tramp bunu Böyük Britaniyaya yola düşməzdən öncə jurnalistlərə deyib.

"Zelenskinin razılaşmaya getməsi lazım olacaq. Avropa isə Rusiyadan neft almağı dayandırmalıdır", – Tramp vurğulayıb.

Bir ay öncə Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşünü yada salan Tramp bu görüşün "çox şeyə nail olmaq" imkanı verdiyini, ancaq "tanqo" üçün iki nəfərin gərəkdiyini bildirib. O əlavə edib ki, Putin və Zelenski "bir-birinə nifrət edir", eyni otaqda qala bilmirlər, buna görə də onların danışıqlarına şəxsən qatıla bilər.

"Münaqişənin həlli ümid etdiyimdən daha çətin imiş, çünki Putinlə Zelenski arasında dərin nifrət var. Amma biz bunu dayandıracağıq", – Tramp vurğulayıb.

Kiyev ABŞ və Ukrayna prezidentlərinin mümkün görüşünü şərh etməyib. Zelenski isə "Sky News"a müsahibəsində Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üçtərəfli sammitini zəruri saydığını deyib.

Kreml isə yaxın vaxtlarda belə bir üçtərəfli sammitin planlaşdırılmadığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Moskva siyasi-diplomatik yolla nizamlanmada maraqlıdır, ancaq Kiyev prosesi uzadır.

V.Zelenski və D.Tramp Ağ evdə.
V.Zelenski və D.Tramp Ağ evdə.
16 sentyabr

Zelenski Trampı 'aydın mövqe' tutmağa çağırıb

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampı Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsində "aydın mövqe" tutmağa çağırıb. Zelenski deyib ki, bu, Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün vacibdir. O, ABŞ administrasiyasının Rusiyaya sanksiyalar məsələsində də qətiyyətli olmasının vacibliyini vurğulayıb.

"Sky News"a müsahibəsində Zelenski Trampın son bəyanatlarını da dolayısı ilə tənqid edib. Tramp bundan öncə deyib ki, Avropa İttifaqı ölkələri Rusiya enerjidaşıyıcılarının idxalından imtina edərsə, ABŞ də Moskvaya yeni sanksiyalar tətbiq edə bilər.

Zelenskinin sözlərinə görə, ABŞ kimi qlobal supergüc Rusiyaya təzyiq göstərmək üçün yetərincə imkanlara malikdir, başqalarını gözləməyə ehtiyac yoxdur. O bildirib ki, Tramp Ukraynaya hava hücumundan əlavə müdafiə sistemləri verə, Rusiya iqtisadiyyatına zərər vuracaq sanksiyalar tətbiq edə bilər.

Putini qorxmağa məcbur etmək

Ukrayna prezidenti bildirib ki, Trampın məntiqini anlayır, ABŞ prezidenti sanksiyalar sərtləşdirilərsə, Rusiyanın sülh danışıqlarından çıxacağından narahatdır. Amma Zelenski Rusiyaya qarşı daha sərt mövqe tutmaq gərəkdiyini düşünür. Zelenskini fikrincə, Tramp rusiyalı həmkarı Vladimir Putini ondan qorxmağa məcbur etməyə gücü çatar.

Zelenski Trampın müharibə bitdikdən sonra Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsində də "aydın mövqe" tutmasını istəyir. O deyib ki, Tramp "cəsarətli davranmalı", zəmanətlər isə ABŞ və bütün Avropa tərəfdaşlarının dəstəkləyəcəyi sənəd formasında verilməlidir.

Tramp bildirir ki, onun məqsədi Ukraynanın qalib gəlməsi deyil, müharibənin tezliklə başa çatmasıdır. Bunun hələ alınmamasına görə o, Rusiya prezidenti Vladimir Putinlə yanaşı, Zelenskini də günahkar sayır.

Fevralın sonunda Zelenskinin Ağ evə səfəri zamanı tərəflər arasında gərginlik yaranıb. Amma son vaxtlar Kiyevlə Vaşinqtonun arası düzəlib. Zelenski hər fürsətdə Trampa yardımına və sülh təşəbbüslərinə görə təşəkkür edir, həmçinin onu Rusiyaya təzyiqləri artırmağa çağırır.

Trampın tənqidçiləri onun Rusiyaya sanksiyalar tətbiq etmək istəmədiyini deyirlər. Onların fikrincə, ABŞ prezidenti Avropa İttifaqından əslində mümkün olmayanı – Rusiyadan neft və qaz alışını dayandırmağı, Çinlə Hindistana tariflərin artırılmasını tələb edir.

ABŞ Dövlət katibi Marko Rubio sentyabrın 15-də bildirib ki, gələn həftə Nyu-Yorkda Tramp və Zelenski arasında yeni görüş ola bilər. Orada BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün çoxsaylı dünya liderləri toplaşacaq.

XS
SM
MD
LG