Lənkəran rayonunun kəndlərindən birində 13 yaşlı qızının qaçırılması haqda polisə şikayət edən ata-ananın özünü cəzalandırıblar. Olaydan sonra Lənkəranda polis şöbəsinə çağrılan valideynlər orada qızlarını qaçırmağa cəhd edən şəxsi və onun atasını vurmaqda suçlanıb. Beləliklə də, qaçırılan qızlarına görə polis şöbəsinə gələn ata-ana Bağırovlar xuliqanlıqda ittiham edilən təqsirləndirilən şəxsə çevriliblər.
Ötən ilin noyabrında 13 yaşlı qızın qaçırılması barədə onun valideynlərinə kənddəki qonşular xəbər verib.
"Polislər ayırıb, məni vurmağa başladılar"
Valideynlər dərhal Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib, ardından polis şöbəsinə yollanıblar. Şöbəyə gedəndə qızı qaçırmağa cəhddə suçlanan Nahid və atası Mübariz Teymurovun orada olduğunu görüblər.
"İçəridə Mübariz mənə baxıb gülürdü. Dözmədim, onu vurdum. Bu vaxt polislər ayırıb məni vurmağa başladılar. Məni rəisin otağından çıxardılar, kənarda da döydülər. Onlara izah etdim ki, başımdan vurmayın, insult keçirmisəm, xeyri olmadı. Vəziyyətim pisləşdi, təsili yardım çağırdılar. Məni və yoldaşımı sutka yarım şöbədə saxladılar", – ata Bağırovun sözləridir.
O əlavə edib ki, qızı qaçırıldığına görə əsəbi olub. Üstəlik, oğlanın atasının gülməsi onu daha da qıcıqlandırıb və özünü idarə edə bilməyib. Onun sözlərinə görə, qarşı tərəfi döymək haqda öncədən həyat yoldaşıyla razılaşmaları barədə ittihamda yazılanlar yalandır.
Zərərçəkmiş qismində tanınan M.Teymurov və oğlu Nahid qızın valideynlərinin onları vurduqlarını, lakin şikayətçi olmadıqlarını deyiblər.
M.Teymurov iddia edib ki, Lənkərana taksi oğlunun ardınca gəlib: "Oğlum anasına demişdi ki, bir qız var, 17 yaşındadır, onu sevir. Onu gətirməyə getmişdi. Taksi tutub, onun arxasınca gəldim. Gəlib bunları tapdım, maşına əyləşəndə qızdan adını, yaşını soruşdum. 13 yaşı olduğunu biləndə dedim ki, maşından düşsün".
O əlavə edib ki, polis şöbəsində qızın atası onu, anası isə oğlu Nahidi vurub, təhqir edib.
Ataya bəraət verilib, anaya...
39 yaşlı S.Bağırov və həyat yoldaşı 37 yaşlı X.Bağırova Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsiylə məhkəmə önünə çıxarılıb. Məhkəmə bugünlərdə belə nəticəyə gəlib ki, valideynlərin əməlinin xuliqanlıq kimi qiymətləndirilməsi düzgün deyil.
"Sübuta yetirildi ki, təqsirləndirilən şəxsin əməli xuliqanlıq motivindən deyil, zərərçəkmişlərin onun yetkinlik yaşına çatmayan qızının qaçırılması cəhdləri əsasında yaranmış intiqam hissindən irəli gəlib. Göründüyü kimi, təqsirləndirilən şəxs əməlini polis şöbəsində törətsə də, onun ictimai qaydanı pozmaq, cəmiyyətə hörmətsizlik ifadə etmək niyyəti olmayıb. O, intiqam hissi ilə zərərçəkmiş şəxsə qarşı zorakı hərəkət edib. Bu əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz", – hakim hökmündə yazıb.
Ata haqqında bəraət hökmü çıxarılıb. Ananın əməli isə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsinə tövsif olunub. Bu maddədə nəzərdə tutulmuş məsuliyyət məsələsinə baxılması üçün işin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə göndərilməsinə qərar verilib.
Bu maddədə 300 manatdan 500 manatadək cərimə, yaxud da 2 ayadək inzibati həbs nəzərdə tutulub.