Keçid linkləri

2025, 06 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:53

Ərdoğanın Ağ evə səfəri əlaqələrdə nəyi dəyişə bilər – Qərb mediası


Donald Tramp Ağ Evin Oval kabinetində görüşdən sonra Rəcəb Tayyib Ərdoğanla vidalaşır.
Donald Tramp Ağ Evin Oval kabinetində görüşdən sonra Rəcəb Tayyib Ərdoğanla vidalaşır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda həmkarı Donald Trampla görüşdə regional və ikitərəfli məsələlər üzrə "mənalı proqres" əldə etdiklərini deyir.

Görüşdən sonra Tramp jurnalistlərə bildirib ki, Türkiyənin Rusiyadan neft almağı dayandırmağa razı olacağını düşünür. Dediyinə görə, o da Ankaranın ABŞ-dən müasir F-35 təyyarələri ala bilməsi üçün ABŞ sanksiyalarını qaldıra bilər.

Ərdoğan Vaşinqtondan qayıdarkən jurnalistlərə deyib ki, iki lider ticarəti artırmaq üçün gömrük rüsumlarını yenidən gözdən keçiriblər. Məqsəd ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır.

Türkiyə prezidenti Trampla görüşdən məmnun ayrıldığını söyləyib.

"Reuters" yazır ki, Ərdoğanın ABŞ sanksiyaları, yaxud Türkiyənin Rusiyadan neft idxalı barədə danışıb-danışmaması açıqlanmır. Amma Moskva sentyabrın 26-da "Türk axını" və "Mavi axın" qaz kəmərlərinin Türkiyəyə tam gücü ilə qaz nəql etdiyini bildirib.

Monastr və neft alışı

Atlantik Şuranın ekspertləri Ərdoğanın altı ildən sonra Ağ evə səfərinin ABŞ-Türkiyə əlaqələri üçün hansı anlama gəldiyini şərh edirlər.

Geosiyasi konsultant Riç Autzen Tramp-Ərdoğan görüşünü ümumilikdə uğurlu sayır. Onun fikrincə, ABŞ, ehtimal ki, Ərdoğandan Heybəliadada pravoslav monastırının yenidən açılmasını istəyib və bu, o qədər də çətin iş deyil. Ərdoğan bu məsələni qəbul edə biləcəyinə işarə vurmuşdu. Rusiyadan neft alışını dayandırmaq isə daha böyük xahişdir: "Əgər F-35 və sanksiyalar məsələsi konkret həllini tapsa, bu, daha böyük xəbər olar. Hələlik, səfərin müsbət atmosferi hər iki liderə və iki ölkənin diplomatik mövqelərinə fayda verir".

Atlantik Şuranın Türkiyə proqramından Yevgeniya Qaber yazır ki, Ankara Rusiyadan S-400 raket sistemi alışı ilə bağlı məsələni yoluna qoysa, Türkiyənin ABŞ-nin F-35 proqramına yolu açılar: "Bu isə hər iki tərəf üçün uduş deməkdir: NATO-nun regiondakı qabaqlayıcı və müdafiə mövqeyi güclənər, Türkiyənin müttəfiq ölkələrin qabaqcıl hərbi imkanlarına çıxışı bərpa olunar".

Ərdoğanın regional nüfuzu

"Tramp Ərdoğanın regional nüfuzuna razılıq verir". Bunu isə Atlantik Şuranın Türkiyə proqramının direktor müavini Qreydi Uilson vurğulayır. O, Trampın jurnalistlərin suallarına cavab verərkən detallara varmadığını yazır: "Amma Tramp Türkiyə liderinə hörmətini açıq ifadə etdi, Türkiyənin artan regional nüfuzunu tanıdı. Bu fikirlər həftənin əvvəlində Nyu-Yorkda ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun söylədiklərini dəstəkləyir. Uitkoff qeyd edib ki, o, Xəzər dənizi və Qara dənizdə təhlükəsizlik kimi məsələlərlə bağlı Türkiyənin əsas qərarverici şəxsləri – xarici işlər naziri Hakan Fidan və kəşfiyyat rəhbəri İbrahim Kalın ilə mütəmadi məsləhətləşmələr aparır".

Elə həmin proqramdan Pınar Dost səfərin Vaşinqtonla Ankaranın nəhəng enerji ticarəti potensialını açdığını yazır. Belə ki, sentyabrın 25-də BOTAŞ, "Mercuria" və "Woodside Energy" ABŞ-dən mayeləşdirilmiş təbii qaz – LNG idxalı üzrə mühüm saziş imzalayıb. 20 il ərzində təxminən 70 milyard kubmetr təbii qazdan söhbət gedir: "Bu, əhəmiyyətli bir addımdır, çünki Türkiyənin təbii qaz təchizatını daha da şaxələndirməsinə kömək edəcək. Bunun baş verdiyi dönəmdə Tramp Ukraynanı Rusiyaya qarşı daha sərt mövqedən dəstəkləməyə başlayıb və Moskva ilə enerji ticarətinin dayandırılmasının vacibliyini vurğulayır".

XS
SM
MD
LG