Keçid linkləri

2025, 06 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:53

Tomas de Vaal: 'Tramp yolu' beynəlxalq magistrala çevrilə bilər


Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?

“Cənubi Qafqazda sülhə aparan gözlənilməz yol”. Karnegi Avropa Fondunun aparıcı əməkdaşı Tomas de Vaal “Foreign Affairs” dərgisində Azərbaycanla Ermənistanın avqustun 8-də Vaşinqtondakı sülh sammitindən, Rusiyaya qarşı ortaq mövqeyin Amerika sazişini reallığa çevirməsindən yazır. Müəllif qeyd edir ki, iki ölkə arasında aylarla çəkən ikitərəfli danışıqlardan sonra şərti sülh sazişi üçün məqam yetişmişdi. Hər iki tərəf regionda ənənəvi hegemon olan Rusiyanın sülhün təminatçısı olmasını istəmirdi deyə, ABŞ prezidenti Donald Trampın sülh sammitinə ev sahibliyi etmək təklifi cəlbedici göründü.

“Sülh çərçivəsi hələ də kövrəkdir”

Ağ evdə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev gələcək münaqişədən yayınmaqla bağlı qısa, amma mənalı bəyannaməyə imza atıblar. Həmçinin sülh sazişi paraflanıb. Üstəlik, Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistandan keçməklə birləşdirəcək “Tramp yolu” (TRIPP) razılaşdırılıb.

Tomas de Vaal Bakı və Yerevanın müxtəlif səbəblərdən Moskvanın məngənəsindən azad olmaq istədiklərini yazır. Tramp administrasiyası da sazişə sponsorluq etməyə can atır. Bunun bir səbəbi Birləşmiş Ştatlara potensial kommersiya faydasıdır, digər səbəb odur ki, davamlı sülh sazişi Trampın qlobal sülh qurucusu imicinə töhfə verər.

“Amma avqustda Ağ Evdə əldə olunmuş sülh çərçivəsi hələ də kövrəkdir. Bu razılaşma o halda uğurlu ola bilər ki, ABŞ TRIPP layihəsinin gerçəkləşdirməyə davam etsin, münaqişə nəticəsində bağlanmış digər nəqliyyat marşrutlarının da yenidən açılmasına kömək etsin. Bundan ötrü ABŞ Ermənistan, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməli, bu üç ölkədən keçən şərq-qərb nəqliyyat zəncirində digər bağlantıların maliyyələşdirilməsi və inşasında iştirak etməlidir. Bu isə “Tramp yolu”nu sadəcə yerli layihəyə deyil, beynəlxalq magistrala çevirə bilər”, – məqalədə deyilir.

Müəllif ABŞ-ni Avropa İttifaqı ilə də sıx işləməyə çağırır, sülh sazişinin davamlı olmasında Avropanın dəstəyini kritik sayır.

Ankaranın rolu

Türkiyəni xüsusi hal kimi qeyd edən Tomas de Vaal yazır ki, ABŞ rəsmilərinin türkiyəli rəsmiləri ilə TRIPP layihəsi ilə heç bir məsləhətləşmə aparmadan bu layihəni irəli sürməsi Ankaranı narazı salıb. Axı, Ankara regional sülhün təşviqində ən güclü karta malikdir: Ermənistanla 1993-cü ildən bəri bağlı olan quru sərhədi aça, Yerevanla münasibətləri normallaşdıra bilər. Sentyabrın 12-də Ankara elçisini Yerevana göndərib, amma münasibətlərdə ciddi irəliləyiş elan olunmayıb. Müəllif Vaşinqtonla Ankara arasında yeni diplomatik xəttə ehtiyac olduğunu yazır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak üçün ABŞ-yə gedib. Onun sentyabrın 25-də Ağ evdə ABŞ prezidenti Donald Tramp ilə görüşəcəyi gözlənilir.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.

XS
SM
MD
LG