Keçid linkləri

2025, 27 Sentyabr, şənbə, Bakı vaxtı 09:55

Tiktoker-şairə narkotik ittihamı ilə 3 il həbs cəzası kəsildi


İlhamə Elşadqızı
İlhamə Elşadqızı

9 aydır həbsdə olan tiktoker-şair İlhamə Elşadqızına (Əsgərova) sentyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bir çox telekanalın verilişlərinə ekspert kimi də qatılan İ.Elşadqızına narkotik ittihamıyla 3 il həbs cəzası kəsilib.

Hökmdən öncə məhkəmədə son sözünü deyən tiktoker-şair bildirib ki, onun evində də, çantasında da narkotik olmayıb. Onun sözlərinə görə, qəfildən evinə yeddi nəfər polis gəlib, narkotiki də özləri gətiriblər: "Elə bil, evimdə kino çəkirdilər. Girirdilər-çıxırdılar, yenidən çəkiliş aparırdılar ki alınmadı. Mən özüm televiziya işçisi olmuşam, montaj necə olur, yaxşı bilirəm".

İ.Elşadqızı vurğulayıb ki, nəinki narkotikdən istifadə edib, həyatı boyunca onun üzünü görməyib. Bu ittihamı da özünə ləkə sayır: "Mən ömürboyu təmiz adımla, əxlaqımla yaşamışam. Evimdə narkotik olmayıb, ola da bilməzdi. Bu yaşımda mənə ləkə vururlar. Elə vaxt olurdu, çörək almağa pul tapmırdım, kimlərsə kömək edirdi, dolanırdım, narkotikə pulum haradan idi?".

Məhkəmənin ədalətinə sığındığını söyləyən İ.Elşadqızı özü haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Ancaq Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Sadıqovun sədrlik etdiyi hakimlər kollegiyası onu Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsi ilə təqsirli sayıb.

Onun evinə baxış zamanı çantasından 5 qramdan çox narkotik maddə tapıldığı iddia edilir. Özü isə bildirir ki, polis idarəsində ona TikTok-dakı çıxışında işlətdiyi ifadəyə görə həbs olunduğunu açıq şəkildə deyiblər.

XS
SM
MD
LG