Rusiyada miqrantlar yalnız növbəli əsasda işləyə biləcəklər. Onlar üçün patentlərin ləğvi ilə bağlı qanun payızda qəbul ediləcək. Bunu Dövlət Dumasında fraksiya rəhbəri Sergey Mironov deyib.
"Ədalətli Rusiya – Ədalət Uğrunda" partiyasının sədri Mironov sentyabrın 18-də Vladimir Putinlə Dövlət Duması fraksiya liderlərinin görüşündə iştirak edib. Görüşdən sonra deyib ki, Rusiyada patent sistemi yaxın zamanda ləğv olunacaq, növbəli iş sistemi tətbiq ediləcək.
Putin də deyib ki, Rusiyada miqrantlar üçün patent sisteminin ləğvi nəzərdən keçirilə bilər. Bu isə qanun layihəsinə "yaşıl işıq" yandırmaq deməkdir.
Mironov jurnalistlərə bildirib ki, Dövlət Duması bu qanunu payız sessiyasında qəbul edə bilər.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov da bugünlərdə da miqrantlar üçün "növbəli iş" üsulundan danışıb. O deyib ki, Rusiyada xarici işçi qüvvəsinin cəlbi mexanizmi ciddi tənzimlənməlidir və bu, "gəldi – işlədi – getdi" prinsipi ilə gerçəkləşdiriləcək. Yəni, miqrantlara ailələrini Rusiyaya gətirməyə, burada oxutmağa icazə verilməyəcək.
"İnsanlar başqa ölkələrdən gəlirlər, pul qazanırlar və gedirlər. Bizə burada obyektiv olaraq ailələr lazım deyil, öz vətəndaşımız olmayan şəxsləri oxutmağa borclu deyilik", – o əlavə edib.
Rusiyada işləyən miqrantlar üçün patent sistemi 2010-cu ildən tətbiq olunurdu. Miqrantlar ödəniş edərək müəyyən regionlarda yaşaya, işləyə, bir şirkətə bağlanmadan sərbəst iş axtara bilirdilər. Patentlərin ləğvi bir çox miqrantın Rusiyada tez bir zamanda iş tapmasını çətinləşdirə, bu isə kütləvi deportasiyalarla nəticələnə bilər.