Rusiyanın "Qazprom" təbii qaz təchizatçısı yenə Ermənistanın qazını kəsib infrastrukturda təmir aparılacağını deyib. Bəzi müşahidəçilər Kremlin bununla Yerevana təzyiq göstərdiyini düşünürlər. Səbəb isə sonuncunun Rusiyadan uzaqlaşaraq Qərbə yönəlməsidir. Bu haqda "Eurasianet" portalı yazır.
"Gazprom Armenia" Ermənistana qaz tədarükünün sentyabrın 16-dan 26-dək kəsiləcəyini bildirib. Təmirin öncədən planlaşdırıldığı bildirilsə də, xəbərdarlıq qazın kəsilməsindən 24 saat öncə verilib.
İyul-avqustda qaz verilişi bir neçə günlüyə kəsilmişdi, onda da "təcili" təmir işləri səbəb göstərilmişdi. Ötən il isə Rusiya Yerevanı kənd təsərrüfatı məhsullarının ixracına qadağalarla cəzalandırıb. O vaxtdan baş nazir Nikol Paşinyan ölkəsinin Rusiya ilə strateji tərəfdaşlığını azaldıb, ABŞ və Avropa İttifaqı ilə əlaqələri gücləndirib.
"Eurasianet" yazır ki, Paşinyanın sentyabrın sonunda Belarusun paytaxtı Minskdə MDB hökumət başçılarının iclasına gedib-getməyəcəyi bilinmir. Bəzi siyasi müşahidəçilər "Qazprom"un hərəkətini Kremlin Yerevanın siyasətindən narazılığının ifadəsi sayırlar. Rusiya daha öncə də bu qaz nəhəngindən geosiyasi məqsədlərinə çatmaq üçün istifadə edib.
ABŞ Cənubi Qafqazda geosiyasəti yenidən cızır
İsrailin keçmiş kommunikasiya naziri Ayub Kara Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladıqları razılaşmaların Cənubi Qafqaz üçün əhəmiyyətindən, ABŞ-nin regional geosiyasətdəki rolunu dəyişə biləcəyindən yazır.
Vaşinqtonda əldə edilən razılaşmaya görə, TRIPP dəhlizi, başqa sözlə "Tramp yolu" Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistandan keçməklə birləşdirəcək. A.Kara bu yolun təkcə logistik keçid olmadığını, geostrateji dəyişikliyi əks etdirdiyini, enerji və ticarət axınını Rusiya və İran kanallarından uzaqlaşdıracağını, Qafqazın ürəyinə Qərb investisiyası gətirəcəyini yazır.
"Özünü əsas vasitəçi kimi aparan Vaşinqton Moskvanı uzun müddətdir davam edən rolundan kənarlaşdırır. Ukraynadakı müharibələr və qlobal təcriddən dolayı onsuz da zəifləyən Rusiyanın Qafqaza təsir göstərmək imkanı azalır. ATƏT-in Minsk qrupunun prosesdən uzaqlaşdırılması isə Moskva-mərkəzli diplomatiyanın zəiflədiyini üzə çıxarır", – məqalədə deyilir.
Sentyabrın 1-də ATƏT-in 57 üzv ölkəsi ilin sonunadək Minsk qrupunu ləğv etməyə yekdilliklə səs verib. Qrup 1992-ci ildə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılıb.