Bu, Rusiyanın Çaykovskinin "Qu gölü" baletinin premyerasını etdiyi, balet artistləri və simfonik musiqiçilərinin texniki mükəmməlliyə görə qiymətləndirildiyi və sənətkarlığa görə ehtiramla qarşılandığı ən məşhur opera teatrıdır.
İndi Bolşoy Teatrın əməkdaşları başqa bir meyar üzrə də qiymətləndiriləcək və onlara nəzarət olunacaq: onların Ukraynaya qarşı Rusiyanın genişmiqyaslı müharibəsinə marağı və bu barədə baxışları.
Məşhur Moskva teatrı yüzlərlə əməkdaşın kompüterinə nəzarət proqramı quraşdırmaq üçün texnologiya sahəsində sahibkar Natalya Kasperskayanın şirkətinin hazırladığı proqram təminatına görə 21.6 milyon rubl (266 min dollar) dəyərində müqavilə imzalayıb.
Müqavilə hökumətin məlumat bazasında AzadlıqRadiosunun Rusiya xidmətinin "Sistema" araşdırma qrupu aşkar edib.
"InfoWatch Traffic Monitor" adlanan proqram elektron yazışmalarda söyüş olan məzmunu və ya teatr rəhbərliyi barədə müzakirələr kimi məqamları yoxlayacaq. Tərtibatçılar həmçinin, siyasi baxışları, eləcə də Ukrayna müharibəsi üçün Kremlin istifadə etdiyi termin - "xüsusi hərbi əməliyyat"a marağı müəyyənləşdirmək üçün filtrlər də əlavə ediblər.
Tanıtım materiallarına görə, "InfoWatch"un proqram təminatı sosial media şəbəkələrinə və WhatsApp, Telegram kimi messencer proqramlarına, məşhur veb-brauzerlərə də nəzarət edir.
2024-cü ildən federal büdcədə haqqında ayrıca bənd olan Bolşoy Teatr bildirib ki, onun tərkibində təxminən min rəqqas və musiqiçi, həmçinin 2 min 500-ə yaxın yardımçı, inzibati və texniki əməkdaş çalışır.
Texnologiya öncülü "Kaspersky"
Müqaviləyə əsasən, layihənin əsas podratçısı "Andek" adlı şirkətdir. Lakin "InfoWatch" proqramının özü "Kaspersky"ə məxsus olan "InfoWatch Laboratory" adlı şirkət tərəfindən hazırlanıb.
N.Kasperskayanın keçmiş əri, antivirus proqramı geniş istifadə olunan, lakin Rusiya kəşfiyyatı ilə əlaqə iddialarından sonra ABŞ hökumətinin qadağan etdiyi proqram təminatının müəllifi, proqramçı və texnologiya öncülü Yevgeni Kasperskidir. Natalya Kasperski 1990-cı illərdə "Kaspersky Lab"ın yaradılmasına kömək edib və onun uğur qazanmasında mühüm rol oynayıb. Cütlük 1998-ci ildə boşanıb.
Nə Bolşoy Teatr, nə də Natalya Kasperskayanın şirkəti şərhlə bağlı sorğuya cavab verib.
1776-cı ildə əsası qoyulan və Kremlin divarlarına bir daş atımı məsafədə yerləşən teatr həmişə Rusiya təhlükəsizlik orqanlarının ciddi nəzarətində olub. Sovet dövründə KGB agentləri teatrın xarici qastrol səfərlərində rəqqasələri və ifaçıları izləmək, onların qaçmasını əngəlləmək üçün onları müşayiət edirdi.
Teatra indi məşhur dirijor Valeri Qerqiyev rəhbərlik edir. Onun Rusiya prezidenti Vladimir Putinə açıq dəstəyi dirijoru bir çox Qərb paytaxtlarından uzaq salıb.
Qerqiyev Bolşoy Teatrın 2022-ci ildə Ukrayna müharibəsinə qarşı petisiya imzaladıqdan sonra vəzifəsindən kənarlaşdırılan baş direktoru Vladimir Urinin yerinə gətirilib.
2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından bəri Rusiyada bir çox mədəniyyət qurumları təzyiqlərə məruz qalıb, müharibəyə etiraz edən rejissorlar və sənətçilər işdən çıxarılıb və ya qurumlara dövlət subsidiyaları dayandırılıb.
2022-ci ilin iyununda Rusiya Mədəniyyət Nazirliyi kinorejissor Kirill Serebrennikovun bir il əvvəl işdən çıxarılana qədər bədii rəhbəri olduğu Qoqol Mərkəzi ilə müqavilələrə xitam verdiyini elan edib.