Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 00:48

Dünya xəbərləri

Gürcüstanda xarici qrant almaq çətinləşir

Gürcüstan parlamenti qarşısında etiraz aksiyası
Gürcüstan parlamenti qarşısında etiraz aksiyası

Gürcüstan parlamenti "Vətəndaşların siyasi birlikləri haqqında" Qanuna dəyişiklikləri sonuncu - üçüncü oxunuşda qəbul edib.

Bu düzəlişlərə əsasən, siyasi partiyalar mühazirə və seminarlar şəklində xarici ianələr qəbul edə bilməyəcək, beynəlxalq donorlardan isə qeyri-hökumət təşkilatlarına (QHT) qrantların ayrılmasını Gürcüstan hökuməti ilə razılaşdırmaq tələb olunacaq.

Hakim "Gürcü arzusu" partiyasının fraksiya rəhbərinin müavini İrakli Kirtsxaliyanın sözlərinə görə, "hökumətin razılığı olmadan QHT qrantının qəbulu məsuliyyət yaradacaq, qrantın alınmasına nəzarəti müstəqil Antikorrupsiya Bürosu həyata keçirəcək".

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze "Vətəndaşların siyasi birlikləri haqqında" Qanuna dəyişiklikləri şərh edərkən bildirib ki, "QHT və siyasi partiyaların müxtəlif xarici fondlar tərəfindən maliyyələşdirilməsi praktikasına son qoyulacaq".

Gürcüstan müxalifəti bu qanunu repressiv, ölkədə demokratik azadlıqları kobud şəkildə pozan və Gürcüstan Konstitusiyasında elan edilmiş avrointeqrasiya kursuna uyğun olmayan addım kimi qiymətləndirir.

Tbilisi və Gürcüstanın digər şəhərlərində artıq bir neçə aydır müxalifətin etiraz aksiyaları davam edir.

Bütün xəbərləri izləyin

Arxiyepiskop Mikael Acapaxyana 2 illik həbs cəzası kəsildi

Mikael Acapaxyan
Mikael Acapaxyan

Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan 2 il müddətinə azadlıqdan məhrum edilib. Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.

Hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan M.Acapaxyana prokuror 2 il yarım azadlıqdan məhrumetmə cəzası tələb etmişdi.

"Azatutyun" yazır ki, hakim Armine Meliksetyanın bu məhkəmə işini yekunlaşdırması iki aydan da az çəkib.

29 sentyabr

Prokuror Arman Bağdasaryan Şirak yeparxiyasının rəhbəri, hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan arxiyepiskop Mikael Acapaxyana 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası tələb edib.

Sentyabrın 29-da bu iş üzrə əlavə dinləmələr başlayıb.

Yepiskopu cərimə və 5 ilədək həbs cəzası gözləyir. Vəkili Ara Zohrabyan bu məhkəmədə ədalət olmadığını deyib.

24 sentyabr

Erməni Apostol Kilsəsinin arxiyepiskopu hakimiyyəti devirməyə açıq çağırışlarda təqsirli bilinib

Sentyabrın 24-də Yerevanda məhkəmə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı hakimiyyətin devrilməsinə açıq çağırışlarda təqsirli bilib.

Bu ittiham üzrə cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İş üzrə əlavə məhkəmə iclası sentyabrın 29-da keçiriləcək və arxiyepiskopa cəza kəsiləcək. Acapaxyan üç aydan çoxdur həbsdə saxlanılır və barəsində həbs-qətimkan tədbiri dəyişdirilməyib.

İttiham bir il öncə verilmiş bir müsahibəyə əsaslanır. Orada arxiyepiskop çevrilişin vacibliyindən danışıb. O zaman Ermənistan Baş Prokurorluğu bu açıqlamalarda cinayət tərkibi görməyib, cinayət işi açılmayıb. İş açılanda isə hüquq-mühafizə orqanları bildiriblər ki, Acapaxyan bu fikirləri dəfələrlə təkrarlayıb və bu, cinayət təqibinə səbəb olub.

Acapaxyan bu ittihamları siyasi təqib sayır, özünü təqsirli bilmir. Məhkəmədə deyib ki, həbsdə də azaddır: "Allahla və özümlə danışmağa çox imkanım oldu. Buna görə xoşbəxtəm və minnətdaram. Bu hökumətin dövründə, siyasi səbəblərlə də olsa, müttəhim olmaq mənim üçün şərəf, sevinc və xoşbəxtlikdir".

Acapaxyanın vəkilləri məhkəmə prosesində pozuntular olduğunu, məhkəmə hökmünün ədalətli olacağına şübhə etdiklərini deyiblər. Vəkillər axtarış vaxtı qanun pozuntularına, eyni maddə ilə suçlanan şəxslərin ev dustaqlığına buraxıldığı halda, Acapaxyanın həbsdə olmasını vurğulayıblar.

"Onlar elə bir cəza təyin edəcəklər ki, din xadimi seçkilərə qədər həbsdə saxlanılsın", – vəkil Ara Zohrabyan belə deyib.

Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununa təyin olunub.

2025-ci ilin iyununda Yerevanda məhkəmə Erməni Apostol Kilsəsinin digər din xadimi, "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı iki aylıq həbs edib. O, Kilsənin Ali Ruhani Şurasının üzvüdür, Ermənistanın şimal-şərqində yerləşən Tavuş vilayətinin eyniadlı yeparxiyasına rəhbərlik edir. Baqrat baş nazir Nikol Paşinyana qarşı çıxışları ilə tanınır. Ona da hakimiyyətin ələ keçirilməsi cəhdi ittihamı irəli sürülüb.

Pezeşkian su böhranına görə paytaxtın Tehrandan köçürülməsini vacib sayır

Tehran
Tehran

İran prezidenti deyir ki, ölkənin paytaxtı Tehrandan ölkənin cənubuna köçürülməlidir. Səbəblərə gəlincə, şəhərin sürətlə böyüməsini, su təchizatının yetərli olmamasını, torpaq sürüşməsi təhlükəsini göstərib.

Məsud Pezeşkian oktyabrın 2-də deyib ki, keçən il bu təklifi ali dini rəhbər Əli Xameneiyə verib. Prezident təklifinin xeyli tənqid olunmasını da qəbul edir, amma deyir ki, paytaxtı dəyişdirməyin alternativi yoxdur.

"Ölkənin hazırda üzləşdiyi problemlər inkişaf yolunu Fars Körfəzinə yönəltməyimizi tələb edir. Tehran, Kərəc, Qəzvində hazırda su böhranı var və bunlar asanlıqla həll edilə bilməz", – deyən Pezeşkian yağıntının da azaldığını, durumun kritik həddə çatdığını vurğulayıb.

Tehranda əhali 10 milyonu keçib. İranın su ehtiyatlarının təxminən 1/4-i paytaxtda istehlak olunur.

Keçmiş prezidentlərdən Həsən Ruhani də paytaxtın köçürülməsi məsələsini qaldırıb, hətta plan da hazırlayıb.

Tehran su anbarları paytaxtın suyunun 70 faizini təmin edir, qalanı isə yeraltı mənbələrdən gəlir. Lakin yağıntının azalması, buxarlanmanın artması yeraltı sulara təzyiqi artırıb.

Medianın 'milyarder' dediyi İbrahim Süleymanov həbs edilib

Rusiya İstintaq Komitəsi
Rusiya İstintaq Komitəsi

Moskvada işadamı İbrahim Süleymanov 2004-cü ildə törədilmiş qətldə şübhəli bilinərək saxlanılıb. Məlumatı Rusiyanın TASS dövlət agentliyi mənbələrə istinadla yayıb.

Süleymanov milyarder kimi təqdim olunur. O, 2024-cü ildə "Sirena-Travel" IT şirkətinin benefisiarı olub.

"Kommersant" yazır ki, Süleymanov Rusiya Federal Maliyyə Sağlamlaşdırması və İflas Xidmətinin rəhbəri Georgi Talın qətlində şübhəli bilinir. "VÇK-OGPU" Telegram kanalının yazdığına görə, bu iş üzrə daha əvvəl Abakar Darbişev şübhəli kimi saxlanılıb, qətli onun törətdiyi ehtimal olunur. Onun Süleymanova qarşı ifadə verdiyi və hüquq-mühafizə orqanlarının maşınında öldüyü bildirilir.

Bir neçə Telegram kanalının məlumatına görə, Süleymanovun həm də 1999-cu ildə "Vnukovo Airlines" şirkətinin həmkarlar ittifaqı komitəsinin sədri Gennadi Borisovun qətlinə bağlılığı araşdırılır.

Bəzi media qurumları Süleymanovu "kölgə milyarderi", "Rusiyanın ən sirli milyarderi" adlandırır. "Aqentstvo"nun məlumatına görə, onun "Sirena-Travel" şirkəti Rusiyada aviabiletlərin 80 faizinin bronlaşdırılmasına cavabdeh olub. 2023-cü ildə ukraynalı hakerlər şirkətin məlumat bazasını yararaq 2007-2023-cü illər üzrə rusiyalıların uçuş məlumatlarını yayıblar.

Süleymanov YUKOS-un keçmiş şəriki Platon Lebedevin qızı ilə evlidir. Lebedev vaxtilə Mixail Xodorkovski ilə birlikdə məhkum olunmuşdu. "Aqentstvo" Süleymanovun həm də Federasiya Şurasının üzvü Süleyman Kərimovun biznes tərəfdaşı olduğunu yazır.

2004-cü ildə Süleymanova dələduzluq, çirkli pulların yuyulması və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb. O zaman futbol üzrə Rusiya Premyer Liqasının sədr müavini idi. 10 il 10 ay müddətinə azadlıqdan məhrum edilsə də, vaxtından əvvəl azadlığa buraxılıb.

İ.Süleymanov 1967-ci ildə Dağıstan Respublikasının Rutul kəndində doğulub.

İspaniya abort hüququnu konstitusiyaya salmaq istəyir

Abort hüququ müdafiəçilərinin etirazı
Abort hüququ müdafiəçilərinin etirazı

İspaniyanın solçu hökuməti abort hüququnu konstitusiyaya salmağı planlaşdırır. Bunu baş nazir Pedro Sançez oktyabrın 3-də deyib.

Ötən il Fransa abort hüququnu Konstitusiyaya daxil edib. İspaniya isə ikinci belə ölkə ola bilər.

İspaniya 40 ildir abortu qanuniləşdirib, 1985-ci ildən cinayət sayılmır.

Sançez X platformasında yazıb ki, "bu hökumət sosial hüquqlardan geri çəkilməyəcək".

Ölkədə sorğular "Voks" (Səs) ultra sağçı partiyasına dəstəyin artdığını göstərir. Sosialistlərin və ultra-solçulardan ibarət koalisiya hökuməti isə feminist siyasəti vurğulamaqla seçici bazasını genişləndirməyi hədəfləyir.

Sözügedən islahat üçün qanunverici palatanın 3/5-nin dəstəyi lazımdır. Yəni mühafizəkar müxalifət Xalq Partiyasından (NP) deputatların dəstəyinə ehtiyac yarana bilər.

2022-ci ildə ABŞ Ali Məhkəməsi 1973-cü ildə abortu konstitusiya hüququ kimi tanıyan "Rou Ueydə qarşı" qərarını ləğv edib. Tənqidçilər bundan sonra qadınların reproduktiv azadlıqlarını məhdudlaşdırmağa yönəlik qlobal səylərin artdığını deyirlər.

ABŞ prezidenti Donald Tramp həm birinci, həm də ikinci prezidentlik dövründə abortu təbliğ edən xarici qruplara Amerikanın yardımına məhdudiyyətlər qoydu.

Münxendə dronlara görə 20-dək uçuş təxirə salınıb

Münxen hava limanı
Münxen hava limanı

Avropanın ən böyük aeroportlarından olan Münxen hava limanı oktyabrın 3-nə keçən gecə fəaliyyətini dayandırıb. Səbəb hava məkanında naməlum dronların aşkarlanmasıdır.

Aeroport bildirib ki, reyslər yerli vaxtla saat 22:18-də dayandırılıb. 17 təyyarə hava limanından çıxa bilməyib. Bu isə təxminən 3 min sərnişin deməkdir.

Münxenə gələn 15 təyyarə isə digər aerodromlara yönləndirilib.

Hava limanının işi oktyabrın 3-də səhər saat 5-də bərpa edilib.

Polis əməkdaşları aeroportun ərazisində naməlum dronları, yaxud şübhəli şəxsləri axtarıblar, amma saxlanan olmayıb.

Son həftələr Danimarka, İsveç və Almaniyanın şimalında əsas infrastruktur və hərbi bazalar üzərində naməlum dronlar görünüb. İlk hadisə sentyabrın 24-də axşam Kopenhagen üzərində qeydə alınıb.

Hələlik, bu halların bir-biri ilə əlaqəli olub-olmadığı, arxasında hansı qüvvənin dayandığı barədə rəsmi versiya irəli sürülməyib. Amma Rusiyanın rolu istisna olunmur.

Almaniyanın "Spiegel" nəşri oktyabrın 4-də yazır ki, istintaq ölkənin şimalında dronların göründüyü vaxt Kil şəhərinin ərazisində olan Rusiya kölgə donanması gəmisinin PUA-ların buraxılması ilə mümkün əlaqəsini araşdırır. Daha öncə Fransada kölgə donanmasının gəmisi saxlanılıb. Media onun Danimarka üzərində dronların işə salınmasında mümkün rolu barədə versiyalardan yazıb.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 2-də "Valday" klubunun sessiyasında "niyə Danimarka üzərinə dron buraxırsız" sualına "daha olmayacaq" deyə cavab verib. O, Rusiyanın bu insidentlərə bağlılığını rədd edib, onları "naməlum uçan obyektlər" ilə müqayisə edib.

Mançesterdə sinaqoq yaxınlığına hücumda iki nəfər ölüb

Mançesterdə sinaqoqun yaxınlığında baş verən insident yerində polis.
Mançesterdə sinaqoqun yaxınlığında baş verən insident yerində polis.

Mançesterdə sinaqoq yaxınlığına hücum nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Şübhəli şəxs əvvəlcə insanlara avtomobillə, sonra isə bıçaqla hücum edib. BBC-nin məlumatına görə, polis onu zərərsizləşdirib.

Rəsmi orqanlar baş verən hadisəni terror aktı kimi qiymətləndiriblər.

Hücum edənin motivləri hələ açıqlanmayıb. Böyük Mançester şəhərinin meri Endrü Börnem hadisəni "dəhşətli antisemitizm hücumu" adlandırıb. Hadisə yəhudilərin Yom-Kippur bayramı vaxtı baş verib. Bu zaman sinaqoqa getmək inanclılar üçün vacib sayılır.

Polis iki nəfərin həbs olunduğunu açıqlayıb. Amma hadisəni törədənin şəxsiyyəti "təhlükəsizlik səbəblərindən" açıqlanmayıb.

Mediada yayılan fotolarda tünd geyimli, saqqallı bir kişi sinaqoqun yanında, belinə nəsə bağlamış vəziyyətdə görünür.

Böyük Britaniyanın baş naziri Kir Starmer hökumətin Təhlükəsizlik Komitəsinin iclasını çağırıb. O, oktyabrın 2-də Kopenhagendə Avropa ölkələrinin liderləri ilə görüşdən Londona qayıdıb. Sonradan Starmer birbaşa Britaniyanın yəhudi icmasına müraciət edib. Baş nazir onların təhlükəsizliyindən ötrü hər şeyi edəcəyini, artan antisemitizmlə mübarizənin vacibliyini vurğulayıb.

Ukrayna enerji şəbəkəsini bərpa etməyə çalışır

Sumıda yanacaqdoldurma məntəqəsinə hücum
Sumıda yanacaqdoldurma məntəqəsinə hücum

Ukraynada fövqəladə xidmət briqadaları ölkənin şimal hissələrində enerji şəbəkəsini bərpa etməyə çalışır. Rusiya qüvvələri vacib mülki infrastruktura dron və raket hücumlarını davam etdirir. Ukraynanın strateji Pokrovsk regionu isə təzyiq altındadır.

Baş nazir Yuliya Sviridenko oktyabrın 2-də gecə Telegram-da yazıb ki, Rusiya ilə sərhədə yaxın Sumı bölgəsinə gecə hücumlarından sonra enerji təchizatı bərpa olunub: "Düşmən enerji infrastrukturunu məqsədli şəkildə vurmaqdadır. Biz sistemi yeni təhdidlərdən qorumağa çalışırıq".

Y.Sviridenko əlavə edib ki, oktyabrın 1-də Rusiyanın mərmi atəşi nəticəsində Çerniqovda 300 min insan işıqsız qalıb, bərpa işi aparılır.

Pokrovsk

Ukrayna Baş Qərargahının məlumatına görə, oktyabrın 2-də gün ərzində cəbhə xəttində azı 133 toqquşma baş verib. Əsas gərginlik Pokrovskda yaşanır.

Müharibədən öncə 60 mindən çox sakinin yaşadığı Pokrovskda indi təxminən 7 min nəfərin qaldığı bildirilir. Mühüm yol və dəmiryol qovşaqlarının yerləşdiyi bu şəhər bu ili Rusiya qüvvələrinin mühasirə təhlükəsi altında keçirib.

Putin Rusiya qoşunlarının Pokrovsk şəhərinə daxil olduğunu iddia edib. Ukrayna rəsmiləri bu xəbəri təkzib edib.

Ukrayna ordusunun sözçüsü Maksim Bakulinin dediyinə görə, Rusiya qüvvələri Pokrovska daxil olmağa çalışır, fasiləsiz basqınlar təşkil edir. Amma hava şəraiti və Ukraynanın müqaviməti bu cəhdləri çətinləşdirir.

Zelenskinin xəbərdarlığı

Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 2-də Avropa liderlərinə xəbərdarlıq edib ki, Rusiya qitənin istənilən yerində hava məkanını pozmaq imkanına malikdir və dronlara qarşı müdafiə qüvvələri yaratmağa çağırıb.

"Əgər rusiyalılar Polşa üzərinə dron göndərməyə və ya Şimali Avropa ölkələrinin hava məkanını pozmağa cəsarət edirlərsə, bu o deməkdir ki, bu, hər yerdə baş verə bilər", – Zelenski Kopenhagendə təhlükəsizlik və müdafiə sammitində Avropa liderlərinə deyib.

Oktyabrın 2-də Rusiya və Ukrayna növbəti əsir mübadiləsi həyata keçirib. Rusiya Müdafiə Nazirliyi 185 rusiyalı hərbçinin qaytarıldığını, 20 mülki şəxsin də azad edildiyini bildirib.

'Bloomberg': Aİ Rusiyanın aktivlərini müsadirə edərsə, Moskva buna cavab verəcək

Kreml
Kreml

Avropa İttifaqı (Aİ) Rusiyanın aktivlərini müsadirə edərsə, Moskva buna qarşılıq olaraq cavab tədbirləri hazırlayır. Bunu "Bloomberg" agentliyi mənbələrə istinadla yazıb.

Moskvanın da xarici aktivləri milliləşdirəcəyi, onları yeni özəlləşdirmə mexanizmi çərçivəsində operativ sata biləcəyi bildirilir.

Prezident Vladimir Putin bu yaxınlarda sürətli özəlləşdirməyə imkan verən fərman imzalayıb. "Bloomberg" yazır ki, bu addım ABŞ və onun müttəfiqlərinin hərəkətlərinə cavab olaraq atılıb. Məqsəd həm yerli, həm də xarici şirkətlərin satışını sürətləndirməkdir.

Rusiyada hələ də yüzlərlə Qərb şirkəti fəaliyyət göstərir. Buraya "Unicredit" və "Raiffeisen" bankları, "PepsiCo" və "Mondelez" kimi ərzaq istehsalçıları daxildir.

İndiyədək Moskva birbaşa milliləşdirmədən çəkinir, aktivləri "Rosimuşestvo"nun (Dövlət Əmlakı Agentliyi) müvəqqəti idarəsinə ötürürdü. Daha sonra aktivlər "üstünlük verilən alıcılara" satılırdı.

Kremlin sözçüsü Dmitri Peskov Aİ-nin Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya vermək planlarını "oğurluq" adlandırıb. O deyib ki, Rusiyanın cavab tədbirləri depozitar ölkələr üçün ağrılı olacaq.

Avropa və Böyük Yeddilik ölkələrində Rusiyanın 210-220 milyard avroluq aktivləri dondurulub. Onların böyük hissəsi dövlət ehtiyatlarıdır, əsasən Belçikanın "Euroclear" platformasında saxlanılır.

Bundan başqa, Fransada 19 milyard avro, Almaniyada təxminən 210 milyon avro suveren vəsaitlər bloklanıb. Rusiyalı iş adamları və şirkətlərin təxminən 24 milyard avroluq aktivləri də sanksiya altındadır.

Aİ bu aktivlərin idarə olunmasından gəlirlərin bir hissəsini Ukraynaya ötürür. 2025-ci ilin ilk yarısında Kiyev bu mənbələrdən 10 milyard avrodan çox vəsait alıb.

Aİ-dən gələn xəbərlərə görə, Ukraynaya istənilən kredit Rusiyanın başlatdığı genişmiqyaslı işğaldan sonra Aİ-də dondurulmuş Rusiya aktivləri əsasında verilə bilər. Kredit həmin vəsaitlərə toxunulmadan veriləcək və Ukrayna bu pulu Rusiya müharibə zərərlərini ödədikdən sonra geri qaytaracaq.

İsrail qüvvələri Qəzzaya fəalları və yardım aparan 13 gəmini saxlayıb

 "Sümud flotiliyası"na hücum
"Sümud flotiliyası"na hücum

İsrail qüvvələri Qəzzaya xarici fəalları və yardım aparan 13 gəmini saxlayıb. 30 gəmi isə Fələstin anklavına yoluna davam edir. Xəbəri "Reuters" yayıb.

İsrail Xarici İşlər Nazirliyinin (XİN) yaydığı videonu "Reuters" təsdiqlədə bilib. Videoda isveçli iqlim fəalı Qreta Tunberq əsgərlərin əhatəsində görünür.

"HƏMAS-ın "Sümud flotiliyası"na məxsus bir neçə gəmi təhlükəsiz şəkildə dayandırılıb və sərnişinləri İsrail limanına aparılır. Qreta və dostları sağ-salamat və yaxşı vəziyyətdədir", – İsrail XİN X platformasında yazıb.

Bu flotiliya Qəzzaya dərman və ərzaq daşıyır, parlament üzvləri, hüquqşünaslar və fəallar daxil təxminən 500 nəfərdən və 40-dan çox mülki gəmidən ibarətdir. İsrailin Qəzzaya qarşı blokadasına müqavimət simvolu sayılır.

Türkiyə XİN İsrailin flotiliyaya hücumunu "terror aktı" adlandırıb, günahsız mülki vətəndaşların həyatını təhlükəyə atdığını bildirib.

Kolumbiya prezidenti oktyabrın 1-də İsrailin diplomatik korpusunun tamamilə çıxarılmasını əmr edib. Bundan öncə flotiliyadakı iki kolumbiyalı saxlanılıb.

İsrailin flotiliyaya müdaxiləsi İtaliya və Kolumbiyada etirazlara səbəb olub. İtaliyada cümə gününə beynəlxalq yardım flotiliyasına həmrəylik üçün tətil çağırılıb.

Qalan 30 gəminin oktyabrın 2-də Qəzzaya çatacağı gözlənilir.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS 2007-ci ildə Qəzzada idarəçiliyi ələ keçirəndən İsrail bu bölgəyə dəniz blokadası tətbiq edir. Amma fəallar bir neçə dəfə dəniz yolu ilə yardım göndərməyə cəhd ediblər.

İsrail isə yardım flotiliyasını dəfələrlə "şou" adlandırıb.

2010-cu ildə İsrail əsgərləri 50 ölkədən 700 fəalın olduğu altı gəmidən ibarət flotiliyaya müdaxilə edib, doqquz fəal həlak olub.

İyunda da oxşar missiya dayandırılıb, kiçik bir gəmidəki Tunberq və 11 heyət üzvü Qəzzaya yaxınlaşarkən saxlanılıb.

HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum edərək 1200-cən çox insanı qətlə yetirib, 251 nəfəri girov götürüb. Hazırda onun əlindəki 48 girovdan 20-sinin sağ olduğu bildirilir.

İsrailin Qəzzada başlatdığı hücumları nəticəsində 65 mindən çox fələstinli həlak olub, - bunu Qəzzanın səhiyyə orqanları bildirir.

Mask sərvəti 500 milyard dollara çatan ilk insan oldu

İlon Mask
İlon Mask

Oktyabrın 1-də "Tesla"nın baş direktoru (CEO) İlon Maskın sərvəti 500 milyard dollar çatıb və bu, tarixdə bir ilkdir. "Reuters" yazır ki, bunun səbəbi "Tesla" elektromobil şirkətinin səhmlərinin yenidən bahalaşması, Maskın digər texnoloji startaplarının dəyərinin də bu il ərzində kəskin artmasıdır.

"Forbes" Milyarderlər İndeksi Maskın sərvətinin ötən gün 500.1 milyard dollara çatdığını yazıb.

Mask sentyabrın 15-də "Tesla"da 12.4 faizdən çox paya sahib idi. Şirkətin səhmləri bu il 14 faizdən çox artıb. Oktyabrın 1-də isə səhmlər 3.3 faiz bahalaşaraq Maskın sərvətini 6 milyard dollardan çox artırıb.

Daha bir amil Maskın iyundan Ağ evdəki işindən ayrılması, biznesinə qayıtmasıdır. O, iyunadək Ağ evin Hökumətin Effektivliyinin Artırılması Departamentinə (DOGE) başçılıq edib.

Maskın xAI süni intellekt startapı və "SpaceX" raket şirkəti də bu il dəyərini artırıb. İyulda xAI-nin dəyəri 75 milyard dollar olub. CNBC sentyabrda bildirib ki, şirkət yeni vəsait cəlb etməklə dəyərini 200 milyard dollara yüksəltməyi planlaşdırır. Amma Mask heç bir maliyyələşmə aparılmadığını deyib.

"Bloomberg" iyulda yazıb ki, "SpaceX" şirkətin dəyərini təxminən 400 milyard dollara çatdırmaq üçün yeni vəsait toplama, səhmdar paylarının satışı planları üzərində işləyir.

"Forbes" siyahısında Maskdan sonra ikinci yerdə "Oracle" şirkətinin qurucusu Lerri Ellison qərarlaşıb. Oktyabrın 1-də onun sərvəti 350.7 milyard dollar olub.

WSJ: ABŞ Kiyevə Rusiyadakı obyektləri vurmaq üçün məlumat verəcək

Tuapse Neft Emalı Zavodunda Ukrayna dronlarının hücumu nəticəsində partlayış.
Tuapse Neft Emalı Zavodunda Ukrayna dronlarının hücumu nəticəsində partlayış.

ABŞ Ukraynaya Rusiya ərazisinin dərinliyindəki enerji obyektlərinə zərbələr endirmək üçün gərəkən kəşfiyyat bilgiləri verəcək. Bu haqda "The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən xəbər verir. Qəzetin məlumatına görə, müvafiq göstərişi ABŞ prezidenti Donald Tramp verib.

"Reuters" də ABŞ-nin iki rəsmisinə istinadla oxşar məlumat yayıb.

WSJ qeyd edir ki, Tramp administrasiyası indiyədək Ukraynaya sərhəddən uzaqda yerləşən Rusiya obyektləri barədə kəşfiyyat məlumatı vermirdi. İndi isə Vaşinqton Avropadakı müttəfiqlərini də Rusiya neft emalı zavodları, boru kəmərləri, digər enerji infrastrukturu komponentləri ilə bağlı bilgiləri Ukrayna ilə bölüşməyə çağırıb. Ukrayna isə bu obyektləri mümkün hədəflər kimi nəzərdən keçirir.

Ağ ev Ukraynaya müxtəlif ortamənzilli qanadlı raketlərin, "Tomahawk" və "Barracuda"nın tədarükü ideyasını da müzakirə edir.

Analitiklərin fikrincə, Kiyevlə kəşfiyyat bilgiləri paylaşımını genişləndirməklə Tramp Ukraynaya dəstəyini artırmasına dair mühüm siqnal verir. Trampın atəşkəsə yönəlik cəhdləri alınmayıb. Avqustun sonunda isə Ağ ev Ukraynaya 500 kilometrədək məsafəni vura bilən yeni tip hava-yer raketlərinin tədarükünü təsdiqləyib.

"Reuters" Ağ evdən, Ukraynanın BMT-dəki missiyasından şərh ala bilmədiyini yazır. Rusiyanın BMT-dəki missiyası isə şərh verməkdən imtina edib.

İranda casusluğa görə cəzalar sərtləşdirilib, edamlar da artır

İranda bu ilin əvvəlindən mindən çox insan edam olunub.
İranda bu ilin əvvəlindən mindən çox insan edam olunub.

İranda casusluğa, İsrail və ABŞ ilə əməkdaşlığa görə cəzalar sərtləşdirilib. Bunu ölkədə güclü təsirə malik Mühafizə Şurası təsdiqləyib. Bir neçə gün öncə isə BMT-nin insan haqları üzrə ekspertləri İranda edamların "dramatik şəkildə" artmasını” pisləmişdilər.

Mühafizə Şurası İran Konstitusiyasına ali nəzarət orqanıdır. Qurumun sözçüsü oktyabrın 1-də deyib ki, parlamentlə aylardır davam edən müzakirələrdən sonra qərar qəbul edilib.

Sentyabrın 29-da BMT-nin yaydığı hesabatda deyilir ki, İranda bu ilin əvvəlindən mindən çox insan edam olunub. "Amnesty International" bunu son 15 ilin ən yüksək göstəricisi kimi qiymətləndirib.

Hesabata görə, bu il casusluq ittihamı ilə 10 nəfər edam edilib. Onların 8-i iyunun 13-dən sonra, yəni İsrailin İrana qarşı 12 günlük hərbi əməliyyata başlamasından sonra gerçəkləşib. Hesabat yayılandan sonra İran İsrail üçün casusluqda günahlandırdığı daha bir şəxsi edam edib.

İslam respublikasının əsl niyyəti

Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi bildirib ki, hakimiyyətin əsas məqsədi İslam respublikasının "zorakı" simasını göstərməkdir.

"Onlar ictimaiyyəti qorxutmaq istəyirlər ki, siyasi quruluşun zəifliyindən istifadə edib küçələrə çıxmasınlar", – o, AzadlıqRadiosunun fars xidmətinə bildirib.

Hüquqşünaslar və insan haqları qrupları xəbərdarlıq ediblər ki, qanunun qeyri-müəyyən dili günahsız insanlara qarşı əsassız ittihamlar və kütləvi edamlar riski yaradır.

İran edamların sayına görə dünyada yalnız Çindən geri qalır.

Ebadi israr edir ki, hazırkı rejim hakimiyyətdə olduqca, ölüm cəzasının ləğvi mümkün deyil: "Əgər soruşsanız ki, nə edilməlidir, deyərdim ki, İslam respublikasının sonunu gətirmək üçün çalışmaq lazımdır".

FSB terror aktlarının, kütləvi qətllərin qarşısının alındığını bildirib

FSB
FSB

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB), Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi 75 regionda xəbərdarlıq xarakterli profilaktik tədbirlər apardığını bildirib. Məqsədin "gənclər arasında zorakılıq ideologiyasının, kütləvi qətllərin və intiharların yayılmasının önlənməsi" olduğu açıqlanıb.

Krasnoyarsk və Orlovsk vilayətlərində, Rusiya ordusunun nəzarətində olan Donetsk və Mariupolda kütləvi qətllərə hazırlaşmaqda şübhəli bilinən beş Rusiya vətəndaşının saxlandığı bildirilir.

FSB-nin versiyasına görə, Çelyabinskdən üç yeniyetmə nəqliyyat infrastrukturu obyektində terror aktı hazırlayırmış.

FSB həmçinin "neonasist və terrorçu ideologiyasını yayan" 59 Telegram-kanal və çat administratorunun fəaliyyətini dayandırdığını açıqlayıb. Saxlanılan şəxslərin telefonlarında partlayıcı hazırlamaq üçün təlimatlar, diversiya fəaliyyəti ilə bağlı materiallar, xarici kuratorlarla yazışmaların aşkarlandığı iddia olunur.

Doqquz nəfərə terror aktına hazırlıq, terror təşkilatında iştirak, partlayıcı maddələrin qanunsuz saxlanılması və ekstremizmə açıq çağırışlarla bağlı cinayət işi açılıb.

İstintaq Komitəsi isə Çelyabinsk, Orenburq, Bryansk vilayətləri və Başqırdıstanda yeniyetmələrin saxlanıldığını bildirib. Onların arasında Blaqoveşenskdə kütləvi qətllərlə bağlı materialların yayılmasında və terror təşkilatının fəaliyyətinin təbliğində ittiham olunan 14 yaşlı Başqırdıstan sakini də var.

Orenburq vilayətində isə pul qarşılığında əmlaka od vurmağı, neonasistyönlü qraffiti çəkməyi və avtomobil şinlərini zədələməyi təklif etdiyi deyilən 15 yaşlı yeniyetmə saxlanılıb.

"Mediazona" yazır ki, FSB-nin yaydığı videoya əsasən, saxlanılanların bir hissəsinin "Kolumbayn" və "Qatil Kultu Manyakları" hərəkatlarına bağlı olduqları ehtimal edilir. Rusiyada bu hərəkatlar terrorçu təşkilatlar kimi tanınır.

ABŞ-nin müdafiə naziri: 'Kök general, admiral görmək qəbuledilməzdir'

Pit Heqset
Pit Heqset

Pentaqonun yeni missiyası yalnız hərbi əməliyyatlar aparmaq olacaq. Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Virciniyanın Kuantiko şəhərində dəniz piyadaları bazasında çıxışında deyib. O, pasifizmi "saf və təhlükəli" adlandırıb.

"Müdafiə Nazirliyinin dövrü bitdi. Düşmənlər bizə meydan oxumaq qərarına gəlsələr, amansızlıq, dəqiqlik, hiddətlə darmadağın olunacaqlar", – Heqset deyib.

Müdafiə nazirinin sözlərinə görə, indiyəcən hərbi idarəçilik "siyasi korrektlik və zəhərli ideoloji tullantılara yoluxub".

İnklüzivlik siyasətindən imtina, xarici görünüş və fiziki hazırlıqla bağlı tələblərin sərtləşdirilməsi, "yüksək kişi standartlarına dönüş" – Heqset ordunun inkişaf konsepsiyasını belə görür. O deyib ki, orduda "daha paltarlı kişilər olmayacaq", "kök general və admiral görmək qəbuledilməzdir".

Nazir onunla razılaşmayanlara istefa təklif edib.

Pentaqonda komanda strukturlarının böyük konsolidasiyası üzrə planlar açıqlanandan aylar sonra rəhbərliyin toplantısı çağırılıb.

ABŞ prezidenti Donald Tramp da həmin tədbirdə çıxış edib. O, 2026-cı ildə ABŞ ordusuna bir trilyon dollardan çox vəsait ayrılacağını deyib. Bu, ölkə tarixində rekord göstəricidir. 2025-ci il üçün isə müdafiə büdcəsi 895 milyard dollar idi.

Tramp bildirib ki, Amerika ordusu döyüşən və qalib gələn bir maşına çevrilməlidir. Prezident Hərbi Dəniz Qüvvələri üçün 19 yeni gəminin hazırlanması planlarını yada salıb. Buraya sualtı qayıqlar, esmineslər, hücum gəmiləri daxildir. O əlavə edib ki, "çirkin gəmilər xoşuna gəlmir".

Müdafiə naziri generalların sayının 20 faiz azaldılmasını, 1789-1947-ci illərdə istifadə olunan tarixi "Müharibə Nazirliyi" (Department of War) adının qaytarılmasını tapşırıb.

Tramp hələ avqustda Pentaqonun adının dəyişdiriləcəyini açıqlayıb, yeni adın "güc və qələbə" simvolu olduğunu deyib. Sentyabrın 5-də isə "Müharibə Nazirliyi"nin əlavə rəsmi ad kimi istifadəsinə dair fərman imzalayıb.

Amma nazirliyin adı yalnız Konqresin qərarı ilə dəyişdirilə bilər.

ABŞ-də şatdaun başlayıb

ABŞ Konqresi
ABŞ Konqresi

Oktyabrın 1-dən ABŞ-də federal hökumətin bağlanması (şatdaun) prosesi başlayıb. Respublikaçılar və demokratlar hökumətin maliyyələşdirilməsi üzrə razılığa gələ bilməyiblər.

Bu, 2019-cu ildən bəri ilk şatdaundur.

Respublikaçılar demokratlardan mövcud maliyyələşdirməni yeddi həftə uzatmağı tələb edirlər. Demokratlar isə Senatda hər hansı maliyyələşdirmə layihəsinə səs vermək üçün güzəştlər istəyirlər. Əsas tələb milyonlarla amerikalı üçün bu ilin sonu bitəcək səhiyyə imtiyazlarının uzadılmasıdır. Respublikaçılar bu məsələyə ayrıca baxılmalı olduğunu deyirlər.

CNN yazır ki, senatorlar 30 sentyabr axşamı Kapitolini dərin qeyri-müəyyənlik içində tərk ediblər. Şatdaunun nə qədər çəkəcəyi bilinmir.

Oktyabrın 1-də Senat yenidən respublikaçıların eyni layihəsini səsverməyə çıxaracaq. Onlar deyirlər ki, hökuməti yenidən açmaq üçün yetərincə demokrat səs verməyənəcən bu plan gündəmdə qalacaq.

Federal hökumətin bağlanması yüz minlərlə federal işçinin məzuniyyətə göndərilməsi deməkdir. Vacib sayılan işçilər işə çıxacaqlar, amma çoxu şatdaun bitənəcən maaş almayacaq. Konqresdən illik ayırmalarla maliyyələşməyənlər isə maaşlarını alacaqlar.

Bu, 1981-ci ildən bəri 15-ci şatdaundur.

Hökumətin bağlanması nəticəsində sentyabr üçün məşğulluq hesabatı yayımlanmaya bilər. Hava səyahətinin azalacağı, elmi tədqiqatların təxirə düşəcəyi gözlənilir. ABŞ hərbçilərinin maaşı ödənməyə, 750 min federal işçi məzuniyyətə göndərilə bilər ki, bu da günə 400 milyon dollara başa gələr.

Federal hökuməti köklü dəyişdirmək istəyən Donald Tramp administrasiyası dekabradək 300 minədək işçini ixtisar etməyi planlaşdırır. Tramp Konqresdəki demokratlara xəbərdarlıq edib ki, şatdaun daha çox iş və proqramların kəsilməsi kimi "qarşısıalınmaz" addımların yolunu aça bilər.

Müstəqil təhlilçilər bu dəfə şatdaunun əvvəlkilərdən daha uzun çəkə biləcəyini deyirlər.

ABŞ tarixində ən uzun şatdaun 2018-ci ilin dekabrından 2019-cu ilin yanvarınadək – 35 gündən artıq çəkib. Trampın ilk prezidentliyi dövründə sərhəd təhlükəsizliyi ilə bağlı mübahisə yaranmışdı.

Davamı

XS
SM
MD
LG