Keçid linkləri

2025, 21 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:39

Dünya xəbərləri

Polşada 20 nəfər saxlanılıb – Belarus və Rusiyaya 600 bahalı avtomobil satılıb

Systema Luxury cars
Systema Luxury cars

Polşada Belarus və Rusiyaya sanksiyalardan yan keçərək təxminən 600 bahalı avtomobil satışına görə 20 nəfər saxlanılıb. Məlumatı Polşa polisinin Mərkəzi İstintaq Bürosu yayıb.

Saxlanılan şəxslərin 2021-2025-ci illərdə Polşa, Çexiya, Litva, Almaniya və Avropanın digər ölkələrində fəaliyyət göstərən mütəşəkkil cinayət qrup üzvləri olduğu bildirilir. İstintaqa görə, onlar saxta şirkətlərdən yararlanıblar.

BMW, "Mercedes", "Porsche", "Lexus" və "Range Rover" kimi lüks avtomobilləri salonlardan alıb, başqa şirkətlərə satıb, sonra isə Avropa İttifaqı ölkələrində alıcılara paylayıblar. Avtomobillər yenidən Polşaya gətirilib və, əsasən, Belarus, Azərbaycan və Qazaxıstan şirkətləri vasitəsilə Rusiyaya və Belarusa satılıb.

Polisin bilgisinə görə, qrup üzvlərinin nəzarətində olan şirkətlərə 40 milyon zlotidən (11 milyon dollar) çox məbləğdə ƏDV əsassız olaraq geri qaytarılıb.

Saxlananlar mütəşəkkil cinayətkar qrupa rəhbərlik və onda iştirak, azı 17 milyon zloti (3 milyon dollar) dəyərində saxta ƏDV fakturaları yazmaq, pul yumaq, Rusiyaya və Belarusa sanksiyalardan yayınmaqda ittiham olunurlar. 20 nəfərdən ikisinə 3 aylıq həbs kəsilib.

Axtarış zamanı polis saxlananların aktivlərini, zinət əşyalarını, müxtəlif valyutalarda nağd pul vəsaitlərini müsadirə edib. Şübhəlilərin bank hesablarında 10 milyon zlotidən (2.7 milyon dollar) çox vəsait dondurulub.

Latviyada isə Rusiyaya bahalı avtomobillərin tədarük kanalı bağlanıb. Avtomobillər sanksiyalardan yan keçərək Belarus vasitəsilə göndərilirmiş.

Bütün xəbərləri izləyin

Aİ Şurası Rusiya qazından mərhələli imtinanı təsdiqləyir

Avropa İttifaqının (Aİ) Şurası oktyabrın 20-də Rusiya qazından mərhələli şəkildə imtina təşəbbüsünü təsdiqləyib. Avropa Parlamenti də sənədi təsdiqləsə, Aİ 2028-ci il yanvarın 1-dək Rusiyadan qaz tədarükünü tamamilə dayandıracaq.

Qadağa həm boru kəməri ilə nəql edilən, həm də mayeləşdirilmiş qaz tədarükünə aid olacaq və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Qüvvədə olan müqavilələr üçün keçid dövrü müəyyən edilib, bu müddətdə Rusiya qazı Avropaya tədarük oluna bilər. Qısa müddətli müqavilələr üçün keçid dövrü 2026-cı il iyunun 17-dək qüvvədə olacaq, uzunmüddətli müqavilələr üçün 2028-ci il yanvarın 1-də bitəcək.

Qadağa xüsusi hallarda, məsələn Aİ-yə digər mənbələrdən qaz tədarükünə təhlükə yaranarsa, müvəqqəti dayandırıla bilər.

Macarıstan və Slovakiya tam qadağaya qarşı çıxıblar. Amma qərarın qəbulu üçün yekdillik tələb olunmayıb.

Moskva 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayandan Aİ Rusiya qazından asılılığını əhəmiyyətli şəkildə azaldıb. Əksər Aİ ölkələri artıq Rusiyadan qaz idxalını dayandırıb. Bəzi ölkələr hələ də “Türk axını” boru kəməri və ya mayeləşdirilmiş qaz vasitəsilə qaz alır, lakin bu tədarükün payı davamlı azalmaqdadır.

Rusiya qazının yerini ABŞ, Qatar, Norveç, Azərbaycan və digər ölkələrin yanacağı tutur. ABŞ isə Aİ-nin Rusiyadan qaz idxalından imtinasını tələb edir, bunu Rusiya əleyhinə Amerika sanksiyalarının sərtləşdirilməsi üçün şərtlərdən biri sayır.

Türk Kiprində seçkini vahid dövlət tərəfdarı olan siyasətçi udub

Kipr türklərinin yeni lideri Tufan Erhürman ikiyə bölünmüş paytaxt Nikosiyada seçkilərdə qələbəni qeyd edir.
Kipr türklərinin yeni lideri Tufan Erhürman ikiyə bölünmüş paytaxt Nikosiyada seçkilərdə qələbəni qeyd edir.

Oktyabrın 19-da türk Kiprində prezident seçkisində mötədil siyasətçi sərt xətt tərəfdarını məğlub edib. "Reuters" yazır ki, bu vacib səsvermə BMT-nin Kiprin birləşdirilməsi üzrə dayanmış danışıqları yenidən canlandıra bilər.

Sol-mərkəzçi siyasətçi Tufan Erhürman 218 mindən çox qeydiyyatdan keçmiş seçicinin 62.8 faizinin səsini yığaraq qalib gəlib. O, indiki prezident Ersin Tatarı məğlub edib. Erhurman Kiprin gələcəyi üzrə yunan Kipri ilə danışıqları yenidən canlandırmaq vədi vermişdi.

İxtisasca vəkil olan Erhürman BMT-nin dəstəklədiyi federal həll variantını araşdıracağını bildirib. Bu variant təxminən 50 ildən sonra adanın birləşdirilməsini nəzərdə tutur.

Kiprin şimalındakı Şimali Kipr Türk Respublikasını tanıyan Türkiyə və Tatar iki dövlət siyasətini dəstəkləyir. Yunan Kipri isə bunu rədd edir.

2020-ci ildə hakimiyyətə gələn Tatar seçicilərin 35.8 faizini qazanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Erhürmanı qələbəsi münasibətilə təbrik edib. O, deyib ki, səsverməni türk Kiprinin demokratik yetkinliyinin əks etdirib.

"Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suveren hüquq və mənafelərini kiprli türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik", -– Ərdoğan X platformasında yazıb.

Kiprin prezidenti və yunan Kiprinin lideri Nikos Kristodulidis də Erhürmanı təbrik edib, sülh danışıqlarının bərpasına sadiq olduğunu bildirib.

Kipr 1974-cü ildə Türkiyənin müdaxiləsi ilə iki hissəyə bölünüb. Bu, Yunanıstanın dəstəklədiyi qısa bir çevrilişdən sonra baş verib. 1983-cü ildə Şimali Kipr Türk Respublikası elan olunub. Sülh danışıqları isə 2017-ci ildən dayanıb.

Yunan Kipri Avropa İttifaqında təmsil olunur, Ankara isə bloka üzv olmağa çalışır, rəsmən namizəd ölkədir.

SAXAL Qəzzanın cənubunda Rəfaha zərbələr endirib

İsrailin hava zərbələri
İsrailin hava zərbələri

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə zərbələr endirib. Ordu bildirir ki, ABŞ və Aİ-nin terror təşkilatı kimi tanıdığı HƏMAS silahlıları Rəfahda razılaşma şərtlərinə uyğun olaraq terror infrastrukturunu məhv edən israilli hərbçilərə atəş açıblar.

SAXAL bunun cavabında hava zərbələrinə başlayıb, artilleriya ilə cavab atəşi açıb. Nəticədə bir neçə dayaq məntəqəsi, "terror fəaliyyəti qeydə alınmış" hərbi obyektlər məhv edilib.

İsrail ordusu hərbçilər arasında xəsarət alan olmadığını bildirir.

HƏMAS isə atəşkəs razılaşmasına sadiq qaldığını bəyan edib. Qruplaşma İsrail patrulunun deyil, HƏMAS-a qarşı çıxan yerli silahlı dəstənin liderinin hədəf alındığını bildirib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Benyamin Netanyahunu müharibəni "tam miqyasda" bərpa etməyə çağırıb, HƏMAS-ın razılaşmanı pozduğunu deyib.

Oktyabrın 13-də Qəzzada hərbi əməliyyatların dayandırılmasına dair razılaşma imzalanıb. Razılaşmaya əsasən, İsrail atəşi dayandırıb. HƏMAS sağ qalan israilli girovları azad edib. İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslara dəyişib. Həlak olmuş girovların meyitlərini də təhvil verməyə başlayıb.

Oktyabrın 19-na keçən gecə HƏMAS Qırmızı Xaç təmsilçilərinə iki girovun meyitini təhvil verib. Atəşkəs razılaşmasına əsasən, HƏMAS 28 meyit təhvil verməlidir, indiyədək 13-ünü qaytarıb.

ABŞ Dövlət Departamenti oktyabrın 18-də HƏMAS-ın Qəzza sakinlərinə hücumlar planlaşdırdığı barədə xəbərdarlıq edib, bununla razılaşmanın ciddi şəkildə pozulacağını bildirib.

Gürcüstanda keçmiş vəzifəlilərin evlərində axtarış aparılıb

İrakli Qaribaşvili, Qriqol Liluaşvili və Otar Partsxaladze
İrakli Qaribaşvili, Qriqol Liluaşvili və Otar Partsxaladze

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş sədri Qriqol Liluaşvilinin və keçmiş baş prokuror Otar Partsxaladzenin evlərində axtarışlar aparılıb. Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Baş prokuror Georgi Qvarakidze brifinqdə bildirib ki, “müxtəlif elektron cihazlar, sənədlər və böyük miqdarda pul müsadirə olunub”. Axtarışlar oktyabrın 17-də səhər 10-dan başlayaraq ölkə üzrə 22 ünvanda eyni vaxtda aparılıb.

Qvarakidze jurnalistlərin suallarını cavablandırmayıb, istintaqın hansı maddələr üzrə aparıldığını açıqlamayıb.

"Exo Kavkaza" xəbər verir ki, vaxtaşırı keçmiş baş nazir və hakim “Gürcü Arzusu” partiyasının keçmiş lideri İrakli Qaribaşvilinin, həmçinin DTX-nın keçmiş rəhbəri Qriqol Liluaşvilinin korrupsiya işləri üzrə mümkün həbsi barədə şayiələr yayılırdı. “Gürcü Arzusu”nun bir sıra keçmiş tərəfdarları, o cümlədən keçmiş müdafiə naziri Cuanşer Burçuladze və onun qaynı, keçmiş iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze saxlanılıb.

Q.Liluaşvilinin adı mediada 4 oktyabr hadisələri ilə əlaqədar hallanıb. “Formula” televiziya kanalı mənbəsinə istinadla xəbər verib ki, o, ikiüzlü fəaliyyət göstərib, həm müxalifətlə əlaqədə olub, həm də hakimiyyətə məlumat ötürüb.

Baş nazir İrakli Kobaxidze daha öncə demişdi ki, “Gürcü Arzusu”nun bir keçmiş üzvü müxalifətlə əməkdaşlıq edib, amma adını çəkməyib.

Otar Partsxaladze 2013-cü ilin noyabr-dekabr aylarında Gürcüstanın baş prokuroru vəzifəsində çalışıb. 2023-cü ildə ABŞ ona qarşı sanksiyalar tətbiq edib, bunu “Rusiyanın Gürcüstandakı təsirinin gücləndirilməsi” ilə əsaslandırıb. Mətbuatın məlumatına görə, o, Moskvada yaşayır, Rusiya siyasi elitası ilə əlaqələrini qoruyur və “Gürcü Arzusu” hökuməti ilə sıx təmaslar saxlayır. Sanksiyalardan sonra Gürcüstan prezidenti Salome Zurabişvili onu vətəndaşlıqdan məhrum edib, bundan sonra o, soyadını Partxaladze-Romanova dəyişib. 2025-ci il mayın 9-da O.Partxaladze Moskvada Qırmızı Meydanda Qələbə Paradının qonaqları arasında görünüb. Ona qarşı Böyük Britaniya və Litvanın da sanksiyaları qüvvədədir.

Serbiyada miqrant qaçaqmalçılığında şübhəli bilinən Azərbaycan vətəndaşı tutulub

Serbiya polisinin miqrantlara qarşı reydi
Serbiya polisinin miqrantlara qarşı reydi

Serbiya Daxili İşlər Nazirliyinin (DİN) Subotitsa şəhər bölməsinin əməkdaşları sərhədi qanunsuz keçmə, habelə insan qaçaqmalçılığında şübhəli bilinən 1983-cü il təvəllüdlü D.P. və Azərbaycandan olan 2002-ci il təvəllüdlü N.P.-ni saxlayıblar.

Yoxlama zamanı polis şübhəlilərin idarə etdiyi avtomobillərdə doqquz qanunsuz miqrant aşkarlayıb.

Ehtimal olunur ki, D.P. və N.P. miqrantları müəyyən ödəniş əvəzində Macarıstan sərhədinə çatdırmalı, sonra onlar qeyri-qanuni yolla oranı piyada keçməli idilər.

Subotitsa Baş Prokurorluğunun qərarı ilə şübhəlilər barədə 48 saatlıq həbs-qətimkan tədbiri seçilib.

Rusiya YUKOS-un səhmdarlarına 50 milyard dollar ödəməli olacaq

YUKOS 2000-ci illərin əvvəllərində Rusiyanın ən böyük neft şirkəti olub
YUKOS 2000-ci illərin əvvəllərində Rusiyanın ən böyük neft şirkəti olub

Niderlandın Ali Məhkəməsi Moskvanın YUKOS neft şirkətinin keçmiş səhmdarlarına təxminən 50 milyard dollar ödənilməsi ilə bağlı kassasiya şikayətini rədd edib. Məhkəmənin mətbuat xidməti oktyabrın 17-də bu barədə açıqlama yayıb.

Rusiya Haaqadakı Arbitraj Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət vermişdi. Bu məhkəmə 2014-cü ildə YUKOS-un səhmdarlarının xeyrinə qərar çıxarıb.

2014-cü ilin arbitraj qərarları– Rusiyanın "Hulley Enterprises Ltd.", "Veteran Petroleum Ltd." və "Yukos Universal Ltd." (HVY) şirkətlərinə 50 milyard dollar ödəmək öhdəliyi qüvvədə saxlanılıb.

Haaqadakı Arbitraj Məhkəməsi Moskvanın YUKOS-un iflasına səbəb olan hərəkətlərlə beynəlxalq öhdəliklərini pozması qərarına gəlib. Moskva isə bu qərarı mübahisələndirib. İş bir dəfə Niderland Ali Məhkəməsinə verilib, məhkəmə işi Amsterdam Apellyasiya Məhkəməsinə geri qaytarmışdı. 2024-cü ilin fevralında həmin məhkəmə yenidən keçmiş YUKOS səhmdarlarının xeyrinə qərar çıxarıb. İndi isə bu hökmü Ali Məhkəmə təsdiqləyib.

Əsas səhmdarları Mixail XodorkovskiLeonid Nevzlin olan YUKOS 2000-ci illərin əvvəllərində Rusiyanın ən böyük neft şirkəti olub. 2006-cı ildə şirkət iflas edib, çünki onun əsas qurucusu Xodorkovski mənimsəmə və vergidən yayınma ilə bağlı cinayət işi üzrə təqsirləndirilib. İşadamı bu təqibləri siyasi motivli hesab edib. Şirkətin böyük hissəsi dövlət nəzarətində olan qurumlara keçib.

Trampın keçmiş müşaviri məxfi informasiyanı paylaşmaqda ittiham olunur

D.Tramp və C.Bolton
D.Tramp və C.Bolton

Prezident Donald Trampın keçmiş müşaviri Con Bolton məxfi informasiyanı paylaşmaqda ittiham olunur. Bu ittiham Boltona oktyabrın 16-da irəli sürülüb.

İttihamnamədə deyilir ki, Boltonun iki qohumu ilə paylaşdığı elektron mesajlarda onun hökumətin aparıcı rəsmiləri, xarici liderlər, kəşfiyyat brifinqlərindən yığdığı informasiya yer alıb. Keçmiş müşavirin qohumları ilə həmin materialın bir hissəsini kitabına salmağı müzakirə etdiyi bildirilir. İttihamnamədə adları çəkilməyən qohumları Bolton özünün redaktorları adlandırıb.

"Reuters" məsələdən agah iki nəfərə istinadla həmin qohumların Boltonun həyat yoldaşı və qızı olduğunu yazıb.

"Qanuni davranışımı qorumaq və onun (Trampın) səlahiyyətlərindən sui-istifadəsini ifşa etmək üçün mübarizəni səbirsizliklə gözləyirəm", - Bolton açıqlamasında deyib.

Vəkili isə bildirib ki, Bolton hər hansı informasiyanı qanunsuz paylaşmayıb, yaxud yığıb saxlamayıb.

Prezident Tramp Boltonun ittiham olunması ilə bağlı jurnalistlərin sualına "O, pis adamdır" cavabını verib.

Boltonla bağlı araşdırma Tramp administrasiyasından öncə, 2022-ci ildə başladılıb.

Merilend ştatında federal məhkəməyə təqdim olunan ittiham aktında Boltona qarşı milli müdafiə məlumatlarının ötürülməsi ilə bağlı səkkiz, bu məlumatların saxlanması ilə bağlı 10 maddə üzrə ittiham irəli sürülüb. Bu maddələrin hamısı Casusluq Aktının pozulması sayılır.

Hər bir maddə üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulur. Ancaq yekun cəzanı hakim müxtəlif amillərə əsaslanaraq müəyyən edir.

Trampın birinci prezidentlik müddətində onun milli təhlükəsizlik müşaviri olmuş Bolton sonradan prezidentin sərt tənqidçilərindən birinə çevrilib.

Jurnalist Nika Novak aclıq aksiyasına başladığını bildirib

Nika Novak
Nika Novak

Jurnalist Nika Novak İrkutsk vilayətindəki 11 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəli şəraitə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Novaka 2024-cü ilin noyabrında xarici təşkilatla məxfi əməkdaşlıq ittihamı ilə 4 il həbs cəzası kəsilib. "SOTAvision" jurnalistin cəzaçəkmə müəssisəsindəki ağır şəraitdən şikayətçi olduğunu yazır.

Novosibirskdəki Dzerjinski məhkəməsində fasilədə o bildirib ki, onu cərimə kamerasına salıblar, çünki koloniyada hər şeyin yaxşı, məhkumların məmnun olduğu barədə mediaya müsahibə verməkdən, eləcə də tikişçi kimi işləməkdən imtina edib.

Dediyinə görə, sərt şəraitə keçirildikdən sonra ona məktubların verilməsi dayandırılıb, koloniyanın əməkdaşları onu yeni qayda pozuntularına təhrik edirlər: "Burada dörd nəfərik, bizə işgəncə verirlər. Bir qızı iki gün döydülər. Döyüləndən sonra da təhrik edirlər ki, onu daha insani şəraitə keçirməsinlər".

Novak bildirib ki, koloniyanın rəhbərliyinin münasibəti dəyişməsə, ona bütün məktublar verilməsə, aqressiv kamera yoldaşı başqa yerə köçürülməsə, aclıq aksiyasını davam etdirəcək. O həmçinin mediaya və vətəndaşlara müraciət edərək koloniya ilə bağlı şikayətlər yazmalarını istəyib. Jurnalistin sözlərinə görə, durum "bundan pis ola bilməz", amma o, koloniya rəhbərliyi ilə heç bir əlaqə qura bilmir. Novak sonuncu dəfə avqustun sonunda cərimə təcridxanasına köçürüldükdən sonra aclıq elan etmişdi.

N.Novak "Chita Media"da çalışıb, sonra zab.ru saytının baş redaktoru olub. 2021-ci ildən Çitada "İstedadlılar" mərkəzinə rəhbərlik edib, orada musiqi və poeziya gecələri təşkil olunub. 2022-ci ildən AzadlıqRadiosu ilə ştatdankənar müxbir kimi əməkdaşlıq edib.

Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus hökm elan olunduqdan sonra Rusiyanı jurnalisti azad etməyə çağırıb: "Rusiyada AzadlıqRadiosunun jurnalisti Nika Novaka qarşı ədalətsiz hökmü qətiyyətlə pisləyirik. Bu siyasi motivli ittihamlar ayrı-ayrı jurnalistləri susdurmaq və onlara təzyiq niyyəti güdür".

'Transneft': Rusiya şirkətləri tədarükü azaltmayıb

"Transneft"in neft anbarı
"Transneft"in neft anbarı

Rusiyanın neft şirkətləri "Transneft" boru kəmərləri şəbəkəsinə tədarükləri azaltmayıb və bu il çatdırılmaların 2024-cü illə eyni səviyyədə qalması gözlənilir. Bunu "Transneft"in yüksək vəzifəli rəsmisi deyir.

Şirkətin birinci vitse-prezidenti Maksim Qrişanin jurnalistlərə bildirib ki, "Transneft"in mümkün tədarük artımını qarşılamağa yetərincə gücü var.

Rusiya OPEC və onun müttəfiqlərinin qərarlarına uyğun olaraq hasilatı artıracağı gözlənilir. "Transneft" ölkədə hasil olunan neftin 80 faizindən çoxunu nəql edir.

Qrişanin əlavə edib ki, vergi yükünün artması "Transneft"in nağd pul defisitini artırır və şirkət bəzi layihələri təxirə salaraq vəsaiti cari aktivləri dəstəkləməyə yönəltməli olur.

Ötən il Rusiya parlamenti "Transneft"in mənfəət vergisini 2025-2030-cu illər üçün 20 faizdən 40 faizə qaldırıb. Moskva bu yolla Ukraynadakı təcavüzkar müharibəni maliyyələşdirməyə əlavə vəsait axtarır.

Ukrayna və Rusiya bir-birinin enerji obyektlərinə qarşı hücumları intensivləşdirib, iyuldan bəri münaqişənin həlli üzrə sülh danışıqları dayanıb. Ötən ay Ukraynanın hücumları Baltik dənizi sahilində yerləşən Primorsk limanından Rusiyanın neft ixracını pozub.

Tramp MKİ-yə Venesuelada əməliyyat aparmağa icazə verir

Nikolas Maduro
Nikolas Maduro

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Venesuelada gizli əməliyyatlar aparmağa icazə verib. Bunu prezident oktyabrın 15-də təsdiqləyib.

Məxfi təlimat barədə "The New York Times" ABŞ rəsmilərinə istinadla yazmışdı. Onlar deyirdilər ki, Tramp administrasiyasının Venesuela ilə bağlı strategiyası Maduronu hakimiyyətdən kənarlaşdırmağı hədəfləyir. Administrasiya Maduronun narkotik qaçaqmalçılığı ittihamları ilə bağlı həbsinə aparacaq informasiyaya görə 50 milyon dollar təklif edir.

Məlumata görə, MKİ-yə Venesuelada ölümcül əməliyyatlar aparmağa icazə verilir.

Tramp jurnalistlərə bu qərarını venesuelalıların ABŞ-yə miqrasiyası və narkotik qaçaqçılığı ilə izah edib.

"Reuters" yazır ki, MKİ xüsusilə soyuq müharibə dövründə Latın Amerikasında əməliyyatlar aparıb, 20-ci əsrin sonunda kokain qaçaqçılığı imperiyalarının devrilməsinə kömək edib. Agentlik MKİ-nin Meksikada axtarılan narkotik alverçilərini izləmək üçün illərlə gizli əməliyyatlar keçirdiyini yazıb.

Venesuela hökuməti isə Trampın dediklərinin beynəlxalq hüququ pozduğunu bildirib.

Nikolas Maduro Venesuelada son prezident seçkisində qalib gəldiyini elan etsə də, müxalifət bununla razılaşmır. Avropa Parlamenti və ABŞ Dövlət Departamenti Edmundo Qonsalesi Venesuelanın seçilmiş prezidenti kimi tanıyıb.

Böyük Britaniya Rusiyaya sanksiya siyahısını genişləndirib

Lukoil
Lukoil

Oktyabrın 15-də Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Britaniya hökumətinin saytında dərc olunmuş siyahıya "Rosneft" və "Lukoil" kimi ən iri neft şirkətləri də salınıb.

“Kölgə donanması” ilə əlaqələndirilən 51 gəmi, Transstroybank, Primsoçbank, BBR Bank və Solid Bank daxil bir sıra banklar, Rusiyanın Milli Ödəniş Kartı Sistemi da sanksiyalara məruz qalacaq. Ümumilikdə 90 şəxs və təşkilat sanksiya siyahısına salınıb. Bunlar arasında Çin, Hindistan və Sinqapur şirkətləri də var.

Qərarın əsaslandırılmasında deyilir ki, "Rosneft" və "Lukoil" Rusiya hökuməti üçün strateji əhəmiyyət daşıyan enerji sektorunda fəaliyyətə görə siyahıya salınıblar.

“Rosneft” artıq Avropa İttifaqının (Aİ) sanksiya siyahısındadır. Böyük Britaniya G7 ölkələri arasında birinci ölkə olaraq “Lukoil”a sanksiya tətbiq edib. Aİ hazırda bu şirkətə qarşı sanksiya tətbiqini müzakirə edir. ABŞ isə hələlik, bu şirkətlərə sanksiya tətbiq etməyib.

Sanksiyalara aktivlərin dondurulması, səyahət qadağası və digər məhdudiyyətlər daxildir.

Siyahıdakı azərbaycanlılar

İndiyədək Böyük Britaniyanın sanksiya siyahısına bir sıra azərbaycanlılar da salınıb: Lukoil-un prezidenti Vahid Ələkbərov, “Kiyevskaya Ploşad” şirkətinin direktorlar şurasının sədri Qod Nisanov və onunla əlaqəli olan Zarax İliyev, "Coral Energy Group" neft ticarəti şirkətinin direktorları Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov, Etibar Eyyub, Tahir Qarayevin, “Mastel Makina” şirkətindən Şanlık Şükürov.

Siyahıda diqqətçəkən daha bir ad azərbaycanlı Fikrət Tağıyevdir. O, hüquqşünas Sergey Maqnitski 2009-cu ilin 16 noyabrında “Matrosskaya tişina” həbsxanasında vəfat edəndə həmin müəssisənin rəhbəri olub. Britaniya hökuməti F.Tağıyevin Sergey Maqnitski ilə pis rəftara görə cavabdehlik daşıdığını bildirir. Onun həmçinin Maqnitskinin ölüm şəraiti ilə bağlı dəlilin gizlədilməsində əli olduğu vurğulanır.

Putin Kremldə Suriya lideri ilə görüşüb

Vladimir Putin və Əhməd əş-Şaraa
Vladimir Putin və Əhməd əş-Şaraa

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa Moskvaya rəsmi səfəri zamanı Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Əş-Şaraa ötən ilin sonunda Moskvanın müttəfiqi Bəşər Əsədi devirmiş silahlı müxalifət liderlərindən biri idi. Rusiya hərbçiləri isə vətəndaş müharibəsində Əsəd rejimini dəstəkləyib.

Suriya lideri daha öncə Məhəmməd əl-Colani ləqəbi ilə terrorçu kimi tanınırdı. Əsəd devriləndən sonra Moskva Suriyanın yeni hakimiyyətini tanıyıb.

Kreml Putinlə Suriya liderinin görüşün ilk dəqiqələrinin videosunu yayıb. Rusiya prezidenti bildirib ki, "Moskva Dəməşqlə münasibətlərində hər zaman Suriya xalqının maraqlarından çıxış edib", bu əlaqələrin daim dostluq xarakteri daşıdığını xatırladıb. Əş-Şaraa isə bildirib ki, Suriya hakimiyyəti Rusiya ilə əvvəlki bütün razılaşmalara hörmət edəcək.

Kremlin sözçüsü Dmitri Peskovun daha öncə dediyinə görə, danışıqlarda Rusiyanın Suriyada Əsəd dövründə yaradılmış hərbi bazaları da müzakirə olunacaq. Moskvanın Suriyada hərbi iştirakı azalsa da, Hmeymim hava bazası və Tartus limanındakı dəniz bazası hələ də fəaliyyət göstərir.

"Reuters" agentliyi və bir sıra ərəb KİV-ləri səfər öncəsi yazıblar ki, əş-Şaraa Moskvadakı danışıqlarda Rusiyada siyasi sığınacaq almış Əsədin təhvil verilməsini rəsmi tələb edə bilər. Bu barədə, hələlik, rəsmi məlumat verilməyib. Putinin əş-Şaraa ilə görüşünün nəticələri də açıqlanmayıb.

Rusiya 2015-ci ildə Suriyada vətəndaş müharibəsinə Əsədin tərəfindən müdaxilə edib. Bu, rəsmən "İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı mübarizə ilə əsaslandırılıb. Amma Rusiya hərbi aviasiyası digər müxalifət qüvvələrini də hədəfə alıb. 2024-cü ildə üsyançıların qəfil hücumu nəticəsində Əsəd hakimiyyəti bir neçə günün içində devrilib və Rusiya hərbçiləri onu ölkədən çıxarıblar.

Ermənistanda altı keşiş saxlanıb

Yerevan İstintaq İdarəsi
Yerevan İstintaq İdarəsi

Ermənistanda altı keşişi mitinqlərdə iştiraka məcburetmə işi ilə bağlı saxlayıblar.

Saxlananlar Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyan və yeparxiyanın beş keşişidir. Saxlanarkən onların evlərində axtarış da aparılıb.

Erməni kilsəsinin nümayəndəsi bildirib ki, bu həbslərə Nikol Paşinyan hökumətinin kilsəyə qarşı təzyiqlərinin tərkib hissəsi kimi baxırlar.

Vəkil Ara Zoqrabyan deyib ki, hüquqlarını müdafiə etdiyi yepiskop Proşyanın saxlandığı yer açıqlanmır. İstintaq orqanı bu haqda məlumatı olmadığını deyir.

Vəkil bunu ciddi qanun pozuntusu adlandırıb, adam oğurluğu kimi qiymətləndirib.

Ermənistanın İstintaq Komitəsi keşişlərin saxlanması xəbərlərini nə təkzib, nə də inkar edib, amma bildirib ki, hakimiyyətdən sui-istifadə edərək vətəndaşların ictimai toplantılarda iştirakına müdaxilə üzrə istintaq başladılıb.

Yeparxiyanın ruhaniləri ilə bağlı araşdırma sentyabrda başlanıb. O zaman yeparxiyaya aid kənd monastırının ruhanisi olmuş Aram Asatryan İctimai Televiziyaya müsahibəsində demişdi ki, 2021-ci ildə müxalifətin mitinqlərinə öz iradəsi əleyhinə, yepiskop Proşyanın göstərişi ilə qatılıb.

Mitinqlər 2020-ci ilin 44 günlük müharibəsindən sonra Qarabağda atəşkəs razılaşmasına qarşı keçirilirdi.

Bir müddət öncə baş nazir erməni kilsəsinin rəhbərinə qarşı ittihamlar səsləndirmişdi. N.Paşinyan erməni kilsəsinin rəhbərini nikahsızlıq vədini pozmaqda ittiham edərək istefaya çağırmışdı.

Amma sonradan ittihamlardan imtina etməsə də, kobud ifadələrdən istifadə etdiyi üçün sosial şəbəkədə üzr istəmişdi.

Kilsə ilə Paşinyan arasında münasibətlər Ermənistanın məğlub olduğu İkinci Qarabağ savaşından sonra pisləşib. Kilsə də müxalifət kimi Paşinyanı istefaya çağırıb.

Oktyabrın 3-də Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan 2 il müddətinə azadlıqdan məhrum edilib. O, hakimiyyəti ələ keçirməyə çağırışda təqsirli bilinib.

Zelenski Odessanın merini vətəndaşlıqdan çıxarıb, şəhər hərbi administrasiyasını yaradıb

Odessa meri Gennadi Truxanov
Odessa meri Gennadi Truxanov

Ukrayna prezidenti Volodimir Zelenski Odessa şəhər hərbi administrasiyasını yaradıb, Sergey Lısakı onun rəhbəri təyin edib. Lısak daha öncə Dnepropetrovsk vilayəti hərbi administrasiyasına rəhbərlik edirdi.

Oktyabrın 14-ü axşam Zelenski videomüraciətində deyib ki, Odessa daha çox müdafiə və dəstəyə layiqdir və bu, hərbi administrasiya formatında gerçəkləşə bilər: "Odessada təhlükəsizliklə bağlı çoxsaylı məsələlər uzun müddət gərəyincə həll edilməyib. Bütün effektli qərarlar veriləcək. Yaxın vaxtlarda hərbi administrasiyanın rəhbərini təyin edəcəyəm".

Zelenski Odessanın meri Gennadi Truxanovu Ukrayna vətəndaşlığından məhrum edib. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Truxanov Rusiya vətəndaşıdır və aktiv xarici pasportu var. Onun pasportu 2014-cü il dekabrın 15-də Krım və Donetsk, Luqansk vilayətlərinin bir hissəsinin işğalından sonra aldığı bildirilir

Truxanov bunu inkar edir, başqa ölkələrin pasportuna sahib olmadığını deyir. O, məhkəməyə müraciət edəcəyini, məhkəmə qərar verə bilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacağını bildirib: "Bu, artıq qanunsuzluğun son həddidir, buna yol verilməməlidir".

G.Truxanovun sözlərinə görə, o, yerli özünüidarəetmə haqqında qanuna uyğun olaraq, şəhər deputatları qərar qəbul edənəcən mer vəzifəsində olaraq qalacaq.

Odessa Ukraynanın Qara dəniz sahilində yerləşən böyük liman şəhəridir, Rusiyanın davamlı hava zərbələrinə məruz qalır.

AİHM: Rusiya Gürcüstana 253 milyon avro ödəməlidir

AİHM
AİHM

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanın Gürcüstana 253 milyon avro ödəməli olmasına dair qərar çıxarıb. Bu məbləğ 1990-cı illərin əvvəllərində Tbilisidən ayrılaraq müstəqilliyini elan etmiş Abxaziya və Cənubi Osetiya bölgələri ilə Gürcüstan arasında baryerlərin qurulmasına görə təyin olunub. Məlumatı "Nastoyaşee Vremya" yayıb.

Moskva 2008-ci ildə Gürcüstanla beşgünlük müharibədən sonra bu bölgələrin müstəqilliyini tanıyıb. "Gürcüstan Rusiyaya qarşı" işi üzrə məhkəmə qərarında bildirilir ki, 2009-cu ildən Rusiya hərbçilərinin iştirakı ilə keçmiş inzibati sərhəd boyunca tikanlı məftilli metal hasar çəkilib. Tbilisi bu səddi "işğal xətti" adlandırır.

Məhkəmə Rusiyanın Avropa İnsan Haqları Konvensiyasını sistemli pozduğunu qeyd edib. Bu pozuntulara sərhədi keçdiyinə görə qanunsuz həbslər, aşırı güc tətbiqi, işgəncə və qeyri-insani rəftar, hərəkət azadlığına və evə, torpağa və ailəyə çıxışa məhdudiyyətlər, eləcə də gürcü dilində təhsilə qadağa daxildir.

Rusiya 2022-ci ildən AİHM-in qərarlarını tanımır.

Davamı

XS
SM
MD
LG