ABŞ Konqresinin İnsan haqları komissiyasının həmsədri, demokrat Ceyms Makqovern prezident İlham Əliyevə məktub yazaraq Nərgiz Muxtarovanın cinayət təqibi və əri, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin həbsdə qalmasından narahatlığını bildirib.
"Nərgizə qarşı ittihamlar əsassızdır və Konqresin maliyyələşdirdiyi müstəqil jurnalistika fəaliyyətinə görə ərinə təzyiqin davamı kimi görünür. Hökumətinizi Nərgizin üzərindən ittihamları götürməyi və Fəridi azad etməyə çağırıram ki, o, ailəsinə qovuşa bilsin. Bu vəziyyətin Fərid və Nərgizin azyaşlı qızına təsiri məni xüsusilə narahat edir. O, atası ədalətsiz həbsdə olarkən doğulub və indi anası da həbs təhlükəsi ilə üzləşir. Biryaşlı uşağın valideynsiz qalması ehtimalı qəbuledilməzdir", - məktubda deyilir.
F.Mehralızadə hazırda "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı cinayət işi üzrə 9 il həbs cəzası çəkir. O, qaçaqmalçılıq və digər iqtisadi cinayətlərdə təqsirli bilinib. F.Mehralızadə və bu cinayət işi üzrə həbs olunmuş digər jurnalistlər ittihamları qəbul etmirlər, araşdırmaçı və tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. İqtisadçının xanımı N.Muxtarova isə QHT-lərə qarşı cinayət işi üzrə təqsirləndirilir.
Nərgiz Muxtarova məhkəmədə özünü təqsirli bilmədiyini deyib
Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti təmsilçilərindən Nərgiz Muxtarovanın işi üzrə məhkəmə istintaqı başlayıb. Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onunla bağlı ittiham aktında yazılanları elan edib.
Qadın hüquqları müdafiəçisi N.Muxtarova "Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla əlbirlikdə ittiham olunur. İddia edilir ki, onlar beynəlxalq donor təşkilatlardan müxtəlif layihələrə görə 150 min manatdan çox maliyyə alıb, həmin vəsaitləri leqallaşdırıblar.
N.Muxtarovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham verilib.
N.Muxtarova bu ittihamların heç birini qəbul etmir. Oktyabrın 27-də məhkəmədə prokurorun elan etdiyi ittihama münasibət bildirərkən deyib ki, özünü qətiyyən təqsirli bilmir.
Dekabrın 15-də keçiriləcək növbəti məhkəmə iclasında isə N.Muxtarova ifadə verəcək.
Ş.İsmayıl da QHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər arasındadır. Lakin onun haqqında istintaq hələ yekunlaşmayıb.
Xatırlatma
"QHT işi" üzrə ümumilikdə 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə), ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə həbs olunub.
Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.
Digərləri haqqında isə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.
Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.
"QHT işi" üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.
 
 
 
 
 
 
 
 
