Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 16:12

Tramp Harvard ilə razılaşmanın yaxın olduğunu deyir


Massaçusets ştatının Kembric şəhərində yerləşən Harvard Universitetində Con Harvardın heykəli.
Massaçusets ştatının Kembric şəhərində yerləşən Harvard Universitetində Con Harvardın heykəli.

ABŞ prezidenti Donald Tramp sentyabrın 30-da deyib ki, Harvard Universiteti ilə 500 milyon dollarlıq ödənişi əhatələyən razılaşma yaxındadır.

İlin əvvəlində administrasiya bir neçə nüfuzlu universiteti federal vəsaitin kəsilməsi ilə hədələyib. Səbəblərə gəlincə, İsrailin Qəzzadakı müharibəsinə qarşı Fələstinə dəstək mitinqləri, etirazlar, universitetlərdə müxtəliflik siyasətləri, transgender məsələləri göstərilir.

Tramp Oval kabinetdə jurnalistlərə deyib ki, "Biz razılaşmaya çox yaxınlaşmışıq. Linda son detalları tamamlayır". Prezident təhsil naziri Linda Makmehonu nəzərdə tutub.

"Onlar təxminən 500 milyon dollar ödəyəcəklər, peşə məktəbləri işlədəcəklər. İnsanlara süni intellekti, mühərriklər, bir çox başqa sahələri öyrədəcəklər", – Tramp deyib.

Harvard Universiteti Trampın açıqlamasına münasibət bildirməyib.

Tramp daha öncə deyirdi ki, administrasiyası milyardlarla dollarlıq federal maliyyənin bərpası üçün Harvarddan "500 milyon dollardan az olmayan məbləğ" istəyir.

Hüquq müdafiəçiləri daha öncə Tramp administrasiyasının universitetlərlə bağlı araşdırmalarını söz azadlığına, məxfilik hüququna, akademik azadlığa təhlükə adlandırıblar.

Trampın mövqeyincə, Harvard və digər universitetlər fələstinyönlü etirazlarda antisemitizmə şərait yaradıblar. Etirazçılar isə deyirlər ki, hökumət İsrailin Qəzzaya hücumu, Fələstin ərazilərinin işğalına dair tənqidi belə antisemitizm kimi qiymətləndirir.

Harvard Universiteti həm yəhudi, həm də müsəlman tələbələrinin ayrıseçkilik, təzyiqlərlə üzləşdiyini bildirib. Bunlar 2023-cü ilin oktyabrında ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın hücumundan sonra İsrailin Qəzzada başlatdığı müharibə zamanı baş verib.

Son aylar bir neçə universitet də Tramp administrasiyası ilə razılaşmalar imzalayıb. Kolumbiya Universiteti hökumətə 220 milyon dollardan çox ödəniş etməyə razılaşıb. Braun Universiteti isə yerli əmək bazarının inkişafını dəstəkləməkdən ötrü 50 milyon dollar ödəyəcəyini açıqlayıb.

Tramp administrasiyası Harvard Universitetinə 2 milyard dollardan çox tədqiqat qrantını dayandırmaq istəyib, beynəlxalq tələbələrin universitetə qəbuluna qadağa qoyulmasını təklif edib. Harvard bəzi tədbirlərlə bağlı məhkəməyə müraciət edərək Tramp administrasiyasının universitetin söz azadlığını pozmağa çalışdığını iddia edib. Sentyabrın 3-də məhkəmə administrasiyanın beynəlxalq tələbələrin qarşısını almaq cəhdini və Harvardın tədqiqat maliyyəsini kəsməsini bloklayıb.

Ötən həftə isə məhkəmə Tramp administrasiyasına Kaliforniya Universitetinin (UCLA) dondurulmuş 500 milyon dollardan çox federal vəsaiti bərpa etməyi əmr edib.

XS
SM
MD
LG