Gürcüstanda çevik polis qüvvələri etirazçıları prezident sarayından uzaqlaşdırmaq üçün bibər qazı və su şırnaqlarına əl atıb, mitinqlərin ən azı beş lideri saxlanıb.
Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib ki, mitinqlərin beş təşkilatçısı, o cümlədən keçmiş opera ulduzu olan fəal Paata Burçuladze və Murtaz Zodelava saxlanılıb.
Prezident sarayına girməyə çalışıblar
Gürcüstan yerli idarəetmə orqanlarına seçki bitdikdən sonra paytaxt Tbilisidə etirazlar başlayıb. Etirazçılar Azadlıq Meydanına toplaşsalar da sonradan prezident sarayına daxil olmağa çalışıblar. Prezident iqamətgahı qarşısında xüsusi təyinatlı qüvvələrlə etirazçılar arasında toqquşma yaşanıb. AzadlıqRadiosunun gürcü xidməti etirazçıların bir qisminin prezident ofisinə daxil ola bildiyini yazıb.
Etirazlara “Rustaveli Prospekti” hərəkatının rəhbəri, 75 yaşlı opera müğənnisi Paata Burçuladze rəhbərlik edir. AzadlıqRadiosunun “Exo Kavkaza” saytı onun da prezident ofisinə daxil olmağa çalışdığını yazıb.
Prezident iqamətgahına yürüşdən öncə Burçuladze etirazçıların bəyanatını oxuyub. Bəyanatda deyilir ki, hazırkı hakimiyyət legitimliyini itirib, ona görə də onun səlahiyyətləri dayandırılıb. Bundan başqa etirazçılar dinc keçid dövrünün elan edilməsini tələb ediblər.
Özünü Gürcüstanın legitim prezidenti adlandıran Salome Zurabişvili etirazçıların prezident iqamətgahına hücumuna qarşı çıxıb.
"Hakimiyyətin devrilməsi cəhdi baş tutmadı"
Ölkənin baş naziri İrakli Kobaxidze isə hakim partiyasının seçkilərdə üstünlük qazandığını açıqlayıb. O, hazırkı etirazların çox zəif göründüyünü bildirib.
Həm də "Gürcü Arzusu" partiyasının sədri olan İ.Kobaxidze deyib ki, "hakimiyyətin devrilməsi cəhdi baş tutmadı" və bu aksiyada iştirak edənlərin hamısı ciddi şəkildə cəzalandırılacaq. O, bunu seçkinin yekunlarını şərh edərkən partiya ofisində brifinqdə deyib.
Gürcüstanda seçki başlayıb
Gürcüstanda oktyabrın 4-də yerli idarəetmə orqanlarına seçki keçirilir. Bütün ölkə üzrə 3 mindən çox seçki məntəqəsində seçicilər səs verirlər.
Ölkədə seçkilər son bir ilin siyasi böhranı fonunda davam edir. Seçki ərəfəsində hökumət ölkə daxilində məqsədyönlü həbslər aparıb ki, bu da bəzi ekspertlərin fikrincə, müxalifət sıralarını bir qədər də zəiflədib. Xüsusilə seçkidən öncə demək olar ki, bütün müxalifət liderləri həbs edilib, siyasi partiyalarından biri Georgi Qaxariya ölkəni tərk edərək, Almaniyaya sığınıb.
Bununla belə oktyabrın 4-dəki seçkidən sonra ölkədə etiraz aksiyaları gözlənilir. Aksiyanın təşkilatçılarından biri olan “Rustaveli Prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, bu gün Gürcüstan özünə azadlığını geri qaytaracaq:
“Birgə mübarizə aparacağıq, qələbə qazanacağıq, bu qaçılmazdır. Hazırda çoxlu polis görürəm, amma bir şey deyəcəyəm. Onlar bu uşaqların başlarını qarışdıraraq, satqınların tərəfinə çəkirlər, amma əminəm ki, polislər bizə əl qaldırmayacaqlar. Əl qaldıran isə peşman olacaq”.
Müxalifət liderlərindən olan Lelo Partiyasının sədri Mamuka Xazaradze də vətəndaşları axşama gözlənən etirazlara, polisi isə vətəndaşlara güc tətbiq etməməyə çağırıb.
Hökumət seçki ərəfəsində yenidən Qərb ölkələrinin səfirliklərini tənqid edib. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti isə oktyabrın 4-ü axşama gözlənən mitinqlə ölkədə rəngli inqilab yaradılmağa cəhd ediləcəyini açıqlayıb. Baş nazir İrakli Kobaxidze isə əhalini bugünkü mitinqdə iştirak etməməyə çağırıb. O, qanunu pozan istənilən şəxsin sərt cəzalandırılacağını bildirib:
“Əgər onlar sürpriz haqqında danışırlarsa, bizim hər kiçik sürprizə böyük sürprizimiz olacaq. Onların sürprizi qanunla qarşılaşacaq və qanun onlara qarşı çox sərt olacaq”.
Gürcüstanda son parlament seçkisindən sonra vəziyyət gərgin olaraq qalır. Xüsusilə hökumətin xarici agent haqqında qanun qəbulu, həmçinin Aİ-yə üzvlüyü 2028-ci ilə qədər dayandırması böyük etirazlara və Qərbin sanksiyalarına səbəb olub. Müxalifət seçkidən sonra parlamentdəki mandatlarından imtina edib.