Ermənistan parlamenti "Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması haqqında" bəyanat layihəsini 64 səs "lehinə" olmaqla qəbul edib.
Bəyanatda deyilir ki, Ermənistan parlamenti ölkənin baş naziri Nikol Paşinyan ilə Azərbaycan prezidenti İlham Əliyevin bu il avqustun 8-də Vaşinqtonda imzaladığı birgə bəyanatı dəstəkləyir. Bu bəyanat iki liderin ABŞ prezidenti Donald Tramp ilə üçtərəfli görüşünün nəticəsi olaraq imzalanmışdı.
Parlamentdə qəbul edilən bəyanatda Ermənistanın bütün qonşularla beynəlxalq səviyyədə tanınmış sərhədlərin, ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh şəraitində birgəyaşayışının əhəmiyyəti vurğulanır.
Ermənistanın inkişafı və dayanıqlığının gücləndirilməsi məqsədilə sülhün bərqərar olunmasının vacibliyi qeyd olunur. Parlament iki ölkə arasında sülh sazişinin paraflanmasını, onun imzalanmasına yönəlik səyləri alqışlayır.
Kommunikasiyaların açılmasının dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi əsasında gerçəkləşdirilməsi barədə razılaşmaya böyük önəm verildiyi bildirilir. "Bu, regionda və ətraf ərazilərdə sülhə, sabitliyə və rifaha töhfə vermək məqsədi daşıyır", – bəyanatda deyilir.
Parlament müxalifəti isə iclası boykot edib. "Ermənistan" fraksiyasının deputatı İşxan Sağatelyan daha öncə demişdi ki, sülhün bərqərar olunması ilə bağlı bəyanatlar yalandır və məhz bu səbəbdən onlar bu gündəmlə çağırılmış iclasa qatılmayacaqlar.
"Şərəfim var" müxalifət fraksiyası isə bəyan edib ki, Milli Məclisin bəyanat layihəsi "geosiyasi avantürizm, birtərəfli güzəştlər, milli maraqların danışıqlara çıxarılması və qeyri-müəyyən gələcək haqqında sənəddir".
Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.